Məhkəmə qərarları › İş №3(005)-1796/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1796/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1796/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 EQ ******* saylı, 19 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 EQ ******* saylı, 19 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il təvəllüdlü X2 2-ci qrup Əfqanistan müharibəsi əlilidir. Əlilliyi qazandığı vaxtdan bu günə qədər şəkərli diabet xəstəliyindən əziyyət çəkir və hər gün şəkər əleyhinə olan dərmanlar qəbul edir. Şəkər əleyhinə olan dərmanları yaşadığı ərazi üzrə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 4 saylı Şəhər poliklinikasından alır. Qeyd edir ki, Prezidentin sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əfqanıstan müharibəsi əlili olduğu üçün dövlət büdcəsinin hesabına ona “KHAZAR” markalı minik avtomobili vermişdir. O, ayda bir dəfə dərmanlarını almaq üçün 4 saylı Şəhər Poliklinikasına gedir. xx.xx.2022ci il tarixində saat 11 radələrində o, “KHAZAR” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilimlə Təbriz küçəsində yerləşən 4 saylı Şəhər Poliklinikasıdan dərmanlarını almaq üçün getmiş və avtomobili Poliklinikanın qarşısında saxlayaraq içəri girib, dərmanlarını alıb, 3-4 dəqiqə sonra qayıdıb avtomobilə minib sürüb getmişdir. O, avtomobili sürüb gedəndən sonra onun telefonuna ASAN Pay xəttindən mesaj gəldi və mesajda onun EQ ******* protokol üzrə xx.xx.2022ci il tarixdən etibarən icra qərarı qüvvəyə minib. O, DİN-nin 108 xidmətinə zəng edib gələn mesajın nə barədə olduğunu soruşmuşdur. 108 zəng xidmətindən ona bildirilmişdir ki, dayanma durma qaydalarını pozduğuma görə ona 20 manat cərimə yazılıb. Halbuki onun əlilliyi olduğuna görə Baş X4 avtomobilinin ön və arxa şüşələrində yapışdırmaq üçün əlillik işarəsini bildirən yapışdırıcı vermişdir və o, həmin işarələri avtomobilin ön və arxa şüşəsinə yapşdırmışdır. Lakin onun avtomobilinin şəklini şəkib protokol tərtib edən dövlət yol patrul xidmətinin əməkdaşları qeyd edilən işarələrə baxmamış və qanunsuz olaraq mənə protokol tərtib etmişlər. Bundan sonra o, Nərimanov rayon X5 idarəsinə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixində barəsində çıxarılmış xx.xx.2022-ci i tarixli İnzibati Xəta ilə bağlı İnzibati tənbehvermə haqqında Elekton qərar və avtomobilin fotogörüntüsü təqdim edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 idarəsinin barəsində qəbul etdiyi EQ ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı qanunsuz və əsassız olması məhkəmə tərəfindən müəyyən edilərək qərar ləğv edilməli əməlimdə inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Asan Ödəniş” Sistemindən çıxarışdan görünür ki, EQ ******* saylı, 19 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara uyğun olaraq X2 19 mart 2022-ci il tarixdə dayanma qaydalarını pozmuş və nəticədə İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında EQ ******* saylı, 19 mart 2022-ci il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin X6 İdarəsinə göndərilməlidir. Belə ki, İXM-in 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV hissəsinin 10-cu bəndinə əsasən 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Qanunun qeyd edilən maddəsinin tələblərindən göründüyü kimi, 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma o halda qadağan olunur ki, həmin xətt 3.27 yol nişanı ilə birlikdə tətbiq edilsin. Məhkəmə iclasında X2 tərəfindən təqdim edilmiş fotoşəkillərdən aydın olur ki, ünvan 1 ünvanında 1.4 nişanlanma xətti çəkilsə də, həmin ərazidə 3.27 yol nişanı quraşdırılmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, İXM-in 122.1-ci maddəsinə əsasən 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 122.1-ci maddənin təsir dairəsinə düşmür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X1 barəsində hər hansı sübut olmadan İXM-in 346.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X1 İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə dayanma və ya durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş nöqsanlarla bağlı iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X1 EQ ******* saylı, 19 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 19 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin X6 İdarəsinə göndərilməlidir. İXM-in: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə olunmasına dair EQ ******* saylı, 19 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar