Məhkəmə qərarları › İş №3(005)-18/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-18/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-18/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi X1 iştirakı ilə, Şəxs MMC-nin direktoru X12 Hamdollahın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov rayon prokurorluğundan X12 Hamdollahın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, vəzifəli şəxs X12 Hamdollah (MYİ: 0697955) "xxxx" MMC-nin direktoru (VÖEN: **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə, MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi işçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmamasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etməli olduğu halda, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən biliyi yoxlanılmamış və təhlükəsizlik texnikası üzrə təlimatlandırılmamış zərərçəkmiş şəxs xx.xx.2000-ci il təvəllüdlü X9 MMC-nin icarə müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi, məhəllə 6023 ünvanında fəaliyyət göstərən mərmər sexində usta kimi işlərin yerinə yetirilməsinə cəlb etməklə "Müəssisədə işçilərin əməyinin mühafizə üzrə təlimi və biliklərin yoxlanılması haqqında nümunəvi Əsasnaməmin 6-cı bəndinin və “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri" 12.2.013-75 DÜST-ün 6.4.7, 6.4.18 və 2.12.4-cü bəndlərinin tələblərini pozması səbəbindən X10 30 iyun 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi, məhəllə 6023 ünvanında fəaliyyət göstərən mərmər sexində laqonda ilə taxta kəsən zaman laqondanın ehtiyatsızlıqdan sağ ayağını kəsməsi nəticəsində dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sağ baldırın yuxarı və orta üçdə birinin bayır səthinin əzilmiş yarası kimi xəsarət almışdır. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi X3 qərarın məzmununa uyğun çıxış edərək Şəxs MMC-nin direktoru X12 Hamdollahın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin direktoru X12 Hamdollah tərəfindən Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs X12 Hamdollahın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüqııqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, X12 Hamdollah Şəxs MMC-nin qanuni təmsilçisidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 xx.xx.2023-cü il tarixli 1011 nömrəli rəyindən görünür ki, vətəndaş X4 aşkar edilmiş xəsarət- sağ baldırın yuxarı və orta üçdə birinin bayır səthinin əzilmiş yarasıküt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7314 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 6-ci bəndinin tələbləri və «Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri» 12.2.013-75 DÜST-ün 6.4.7, 6.4.18, 2.12.4-cü bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Mərmər sexində fəhlə işləyən X10 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmadığına və bilikləri yoxlanılmadan dəstəyi olmayan elektrik əl maşını (laqonda) ilə taxta kəsilməsi işlərinə cəlb olunduğuna görə, «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 6-ci bəndinin tələbləri və «Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri» 12.2.013-75 DÜST-ün 6.4.7, 6.4.18, 2.12.4-cü bəndlərinin tələbləri mərmər sexində işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmədi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs MMC-nin təsisçisi, qanuni təmsilçisi və direktoru olmaqla işlərə rəhbərlik edən və texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan İran İslam Respublikası vətəndaşı X12 Hamdollahın əməlində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, "A.S.BEH.RUZ” MMC-nin təsisçisi, qanuni təmsilçisi və direktoru olmaqla işlərə rəhbərlik edən və texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan İran İslam Respublikası vətəndaşı X12 Hamdollahın əməlində Azərbaycan Respublikası CM-nin 162-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, "A.S.BEH.RUZ” MMC-nin təsisçisi, qanuni təmsilçisi və direktoru olmaqla işlərə rəhbərlik edən və texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan İran islam Respublikası vətəndaşı X12 Hamdollahın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 198.2 və 555.1-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin təsisçisi, qanuni təmsilçisi və direktoru olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan vəzifəli şəxs X12 Hamdollah tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması səbəbindən Şəxs MMC-nin işçisi X10 30 iyun 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi, məhəllə 6023 ünvanında fəaliyyət göstərən mərmər sexində laqonda ilə taxta kəsən zaman laqondanın ehtiyatsızlıqdan sağ ayağını kəsməsi nəticəsində dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sağ baldırın yuxarı və orta üçdə birinin bayır səthinin əzilmiş yarası kimi xəsarət almışdır. Bununla da Şəxs MMC-nin direktoru X12 Hamdollah Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli Konvensiyasının (Azərbaycan Respublikası həmin Konvensiyaya 01 fevral 2023-cü il tarixdə qoşulmuşdur) 16-cı maddəsində göstərilir ki, işəgötürənlərdən, zəruri hallarda, bədbəxt hadisələr riskinin qarşısını almaq üçün, mümkün qədər, adekvat qoruyucu geyim və qoruyucu vasitələrlə təmin etmək tələb olunur. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə X8 xəsarət alması faktı ilə əməyin təhlükəsizliyi qaydalarının pozulması, yəni onun işəgötürən tərəfindən müvafiq vasitələrlə təmin edilməməsi arasında səbəbli əlaqə mövcuddur. Nəzərə alınmalıdır ki, inzibati xəta hər hansı kənar ərazidə deyil, məhz əmək funksiyasının faktiki icra olunduğu yerdə, Bakı şəhəri, Nərimanov rayonu, Dərnegül şossesi, məhəllə 6023 ünvanında fəaliyyət göstərən mərmər sexində usta kimi işlərin yerinə yetirilməsi zamanı baş vermişdir. Belə olan halda, işçinin iş vaxtı ərzində, əmək funksiyalarının icra edildiyi iş yerində belə xəsarət alması işəgötürən tərəfindən qeyd edilən təhlükəsizlik normalarının pozulması qənaətinə gəlmək üçün əsas verir. Başqa sözlə, X8 xəsarət almasına real səbəb onun özünün ehtiyatsız davranışı deyil, məhz əmək təhlükəsizliyi qaydalarına riayət edilməsindən ibarət işəgötürənin ona münasibətdə yaranan qanuni öhdəliyini icra etməməsidir. Belə olan halda həmçinin nəzərə alınmalıdır ki, əməllə (hərəkətsizliklə) nəticə arasında dolayı səbəbli əlaqə mövcuddur. Birbaşa səbəbli əlaqə ilə yanaşı dolayı səbəbli əlaqə də hüquqi əhəmiyyət kəsb edir və məsuliyyətə səbəb olur. Bu əlaqənin müəyyən edilməsi üçün nəzərə alınmalıdır: - Hadisələr arasındakı əlaqə obyektiv xarakterlidir və dərkediləndir. İnsan belə əlaqələri öz təxəyyülü ilə uydurmur, aşkar edir. - İnzibati xəta subyektinin hərəkət və ya hərəkətsizliyi baş verən nəticənin səbəbi, yaxud da onun baş verməsinə kömək edən şərait rolunu oynayır. Əməyin təhlükəsizliyi qaydalarına riayət edilmədiyi halda baş vermiş bədbəxt hadisənin həqiqi səbəbi zərərçəkmiş şəxsin ehtiyatsız davranışı ola bilməz. - Səbəb (conditio sine quo non) elə şəraitdir ki, bunsuz nəticə baş verə bilməz. Əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasındakı səbəbli əlaqə nisbətən uzaq, vasitəli əlaqə də ola bilər. Belə hallarda əməl başqa adamların hərəkətləri, mexanizmlərlə, qanunauyğunluqlarla rabitəyə girərək nəticəni doğurur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərar, məhkəmə-tibbi ekspertiza rəyləri və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs MMC-nin direktoru X12 Hamdollah tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs MMC-nin direktoru X12 Hamdollah həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs MMC-nin direktoru X12 Hamdollahın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin direktoru X12 Hamdollah Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin direktoru X12 Hamdollah Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manatın ödənilməsi dövlət hesabına aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar