Məhkəmə qərarları › İş №3(005)-1809/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1809/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1809/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi barədə elektron qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi barədə elektron qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o hər hansı bir inizbati xəta törətmədiyi halda Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyi tərəfindən adına parklanma qaydalarına pozduğuna görə inizbati cərimə edilməsinə dair AYN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərarlar ona kağız formada təqdim edilməmişdir. Elektron kabinetə girərək həmin qərarla tanış olmuş, bu zaman həmin qərarların kağız formatda göndərilməməsi tərəfindən müəyyən edilmişdir. Həmin qərarla bağlı “SMS RADAR” mobil tətbiqindən çıxarış əldə etmişdir. Hesab edir ki, barəsində çıxarılmış inzibati tənbeh edilməyinə dair elektron qərarlar ləğv edilməlidir.İşin faktiki hallarından görünür ki, inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli olmayan orqan tərəfindən qəbul edilmiş, inzibati xəta haqqında qərar real vaxt rejimində tərtib edilməmiş, qanununun müəyyən etdiyi vaxt güzəştləri nəzərə alınmamış, inzibati xətanı törədilməsini təsdiq edən sübutlar mötəbər olmamışdır.Eyni zamanda tərəfindən qərarın rəsmi qaydada ona təqdim edilməsi şikayətinə baxılmasına dair AYNA müraciət etmişdir. Onlar onun ünvanına rəsmi cavab göndərməmişdirlər xx.xx.2024-cü il tarixdə rəsmi qaydada imza edərək müraciətinə cavab məktubu özü əldə etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, X5 inzibati qərardan şikayətini Azərbaycan Yerüstü Nəqliyyat X2 Məcəlləsinin 346.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxma səlahiyyəti olmaması, parklanma yerində parkomatın olmaması səbəbindən ödəniş edə bilməməsi və qərarın real vaxt rejimində tərtib edilməməsi ilə əsaslandırmışdır. Hesab edirik ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır.İlk növbədə bildiririk ki, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il № 2109 Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra -AYNA) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” (bundan sonra -BNA) publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır.Həmçinin, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındaki əmlak AYNA-nın balansına verilmişdir. AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür.Agentliyin 24 aprel 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən açıq-aydın görünür ki, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil 20034 saylı parklanma yerində 15 dəqiqədən artıq durmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxs həmin parlanmaya görə heç bir ödəniş etməmişdir. Bu fakt səlahiyyətli şəxs tərəfindən müəyyən edilərək, fotoşəkillər çəkilmişdir. Qərara əlavə olunmuş nəqliyyat vasitəsinin ilk fotoşəkili saat 21:11:02-də sonuncu isə saat 21:39:39-da qeydə alınmışdır ki, bu 15 dəqiqədən çox vaxt edir və N/V istifadəçisi parklanma müddətini başlatmayaraq, ödəniş etməmişdir. Məhkəməyə etirazını təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi barədə elektron qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-1-ci maddəsi ilə 10 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə - on manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X1 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağaneymətulla küçəsində parklanma qaydalarını pozmuşdur. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi barədə elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi barədə elektron qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar