Məhkəmə qərarları › İş №3(005)-1811/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1811/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1811/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və müvafiq materiallar baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, MN seriyalı ******* nömrəli 16 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 iyul və 14 avqust 2021-ci il tarixlərdə saat 22:30 radələrində Nərimanov rayonu, Təbriz küçəsində yerləşən mağazadan dəyəri 488 manat olan “powerbank” oğurlamışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, Şəxs ünvan 1 ünvanında yerləşən telefon və aksesuar mağazasından 22.07.2021-ci il tarixdə 150 manat dəyərində, 14.08.2021-ci il tarixdə isə 338 manat dəyərində əşya oğurlamışdır. İXM-227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə qeyd edir ki, Şəxs İXM-in 227-ci maddəsi ilə məsuliyyət məsələsi o halda yarana bilərdi ki, onun tərəfindən törədilməsi ehtimal olunan əməl cinayət məsuliyyətinə səbəb olmasın. Halbuki, iş materiallarında göründüyü kimi Şəxs ünvan 1 ünvanında yerləşən mağazadan 22.07.2021-ci il tarixdə 150 manat dəyərində, 14.08.2021-ci il tarixdə isə 338 manat dəyərində əşya oğurlaması onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 23 aprel 2018-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin təkrar törədilmiş hesab edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi faktı müəyyən edilməlidir. Bu fakt həmişə təkrarlığın təqsirkar şəxsdə mənfi xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini ehtiva edir. Təqsirkar şəxsin müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən beş yüz manatdan yuxarı məbləğ həmin Məcəllənin 177.1-ci maddəsinə, yüz manatdan yuxarı məbləğ isə 177.2-ci maddəsinə aid olmaqla cinayət tərkibinin konkretləşdirici əlaməti kimi çıxış edir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 16 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar