Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1819/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 16.08.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 35000.00 avro məbləğində olan vəsaiti 02 avqust 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 35000.00 avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 03 avqust 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Şəxs MMC ilə Almaniyanın “Starkstorm” şirkəti arasında 2019-cu ildə müqavilə imzalanmışdır. Həmin müqavilə 540.000 avro qiymətinə transformatorun istehsalı və çatdırılmasını nəzərdə tuturdu. Transformator Şəxs MMC-də istehsalatda aparılan yenidənqurma işləri üçün lazımdır. Bu səbəbdən transformator Şəxs MMC-nin tələblərinə uyğun istehsal edilməlidir və buna görə Müqavilənin 2.2. bəndinə əsasən Şəxs MMC tərəfindən istehsal haqqında bildiriş verildikdən sonra Alman şirkəti tərəfindən transformatorun istehsalına başlanması və göndərilməsi nəzərdə tutulmuşdur. 02 avqust 2019-cu il tarixində ilkin ödəniş olmuşdur. 2020-ci illə COVİD -19 pandemiyası ilə əlaqədar təchizatda və satışda problemlər, maliyyə problemləri yaratmış və Şəxs MMC yenidənqurma işlərini təxirə salmışdır. Bu səbəbdən, yenidənqurma tamamlanmadığı, parametrlər bəlli olmadığı üçün transformatorun istehsalına başlanması üçün Alman şirkətinə bildiriş verilməmişdir. Transformatorun da istehsalı Şəxs MMC-nin təşəbbüsü ilə parametrlər dəqiqləşənə qədər təxirə salınmışdır. Bu Fors-Major halını Alman şirkəti də anlaşıqlıqla qəbul etmiş və transformatorun istehsalına başlamaq üçün Şəxs MMC-in bildirişini gözləmişdir. Müqavilənin 10.5.-ci bəndinə əsasən onun müddəti 2022-ci ilin dekabrını nəzərdə tutur. Şəxs MMC cari ilin noyabr ayında yenidənqurma işlərini bərpa etməyi planlaşıdırır və transformatorun istehsalı üçü cari ilin sonu bildiriş verilməsi, transformatorun isə 2022-ci ilin birinci yarımilliyində gətirilib quraşdırılması nəzərdə tutulur. Göstərilənləri nəzərə alaraq MN ******* saylı, 16 avqust 2021-ci il tarixli protokol üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankına inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında vəsatət məhkəməyə verilməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, 16 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 16.08.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 35000.00 avro məbləğində olan vəsaiti 02 avqust 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 35000.00 avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 03 avqust 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 05.08.2021-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları“nın (bundan sonra Qaydalar) 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Gömrük bəyannaməsi və ya işlərin təhvil alınmasına üzrə akt təqdim edilməyən avans köçürmələrə dair siyahıdan görünür ki, Şəxs MMC qabaqcadan 02.08.2019-cu il tarixdə 35.000.00 avro məbləğində ödəniş həyata keçirmişdir. Köçürmə haqqında 31 iyul 2019-cu il tarixli ərizədən görünür ki, Şəxs MMC tərəfindən 35.000 avro məbləğində vəsait "xxxx" şirkətinə köçürülmüşdür. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Şəxs MMC 07.08.2009-cu il tarixdə ********.00 AZN nizamnamə kapitalı ilə təsis olunmuşdur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, M.Cəlal küçəsi, ev 15-dir. Şəxs MMC ilə "xxxx" şirkəti arasında bağlanmış 23 iyul 2019-cu il tarixli, 34232 nömrəli müqavilənin 2.2-ci bəndindən görünür ki, müqaviləyə əsasən təchiz ediləcək bütün mallar Şəxs tərəfindən rəsmi bildiriş verilmə tarixindən etibarən yeddi (7) ay ərzində göndərilməlidir. Həmin müqavilənin 10.5-ci bəndindən görünür ki, bu müqavilə göndərişlər üzrə - 2022-ci ilin dekabr ayına, hesablaşmalar üzrə - tərəflərin öhdələklərinin yerinə yetirilənə qədər qüvvədədir. "xxxx" Şirkətinin tərcümə olunmaqla təsdiq olunmuş 17.09.2021-ci il tarixli məktubundan görünür ki, Şirkət 23 iyul 2019-cu il tarixdə imzalanmış 34232 saylı müqavilə çərçivəsində, 155,000 avro dəyərində maliyyə vəsaitini almışdır və sifariş üzrə malları mümkün qədər tez göndərməyi öhdələrinə götürmüşlər. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 16 avqust 2021-ci il tarixli protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs MMC-nin təqsiri müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində MN ******* nömrəli, 16 avqust 2021-ci tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC ilə "xxxx" şirkəti arasında bağlanmış 23 iyul 2019-cu il tarixli, 34232 nömrəli müqavilənin 2.2-ci bəndinə görə, müqaviləyə əsasən təchiz ediləcək bütün mallar Şəxs tərəfindən rəsmi bildiriş verilmə tarixindən etibarən yeddi 7 (yeddi) ay ərzində göndərilməlidir. Həmin müqavilənin 10.5-ci bəndinə əsasən, bu müqavilə göndərişlər üzrə - 2022-ci ilin dekabr ayına, hesablaşmalar üzrə - tərəflərin öhdələklərinin yerinə yetirilənə qədər qüvvədədir. "xxxx" Şirkəti isə 17.09.2021-ci il tarixli məktubunda Şəxs tərəfindən rəsmi bildirişin verildiyini və yuxarıda qeyd olunan müqavilə çərçivəsində aldığı 155,000 avro dəyərində təchiz ediləcək malları mümkün qədər tez göndərməyi öhdələrinə götürdüklərini təsdiq etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 16 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 16 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1819/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1819/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver