Məhkəmə qərarları › İş №3(005)-1823/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1823/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1823/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili- Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə MN ******* nömrəli xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxsndə xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:00-da plandankənar yoxlama aparılarkən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar ( Şüa-diaqnostika-rentgen) tibbi fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Bununla da MMC tərəfindın İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs MMC tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən pozuntunun törədilməsinə yol verilməmişdir. Qeyd etmişdir ki, sübutetmə vəzifəsi səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən törədilməsi ehtimal olunan pozuntunun mövcud olmasını təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Şəxs MMC ünvan 2 B, ünvanında qanunla müəyyən olunmuş qaydada öz nizamnaməsinə və lisenziyasına əsasən fəaliyyət göstərir. Cəmiyyətdə lisenziyadan kənar heç bir fəaliyyət göstərilməmişdir. Gələcəkdə müvafiq əlavə lisenziya almaqla fəaliyyətini daha da genişləndirmək və yeni şüa-diaqnostika-rentgen fəaliyyəti göstərilməsi planlaşdırıldığından rentgen aparatı alınmışdır. Çünki rentgen fəaliyyəti ilə bağlı lisenziya almaq üçün aparat mövcud olmalı və istismara yararlı olmalıdır. Həmin rentgen aparatının istismara hazır və yararlı olub-olmadığını müəyyən etmək üçün xx xxxxxxxx 2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri dəvət edilmiş və həmin mütəxəssislərin iştirakı ilə rentgen aparatına baxış keçirilirdi. Baxış keçirilən vaxt Səhiyyə Nazirliyinin əməkdaşları plandankənar yoxlamaya gəlmişlər, yoxlama aktı və protokol tərtib etmişdir. Protokolda Şəxs MMC-də plandankənar yoxlama aparılarkən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (şüa-diaqnostika-rentgen) tibb fəaliyyəti aşkar etdiyini qeyd etmişdir. Halbuki, cəmiyyətdə protokolda qeyd edilən fəaliyyət göstərilməmişdir. Odur ki, Şəxs MMC-nin direktoru X7 yoxlayıcıya izahat verərək etirazını bildirmiş, cəmiyyətdə rentgen avadanlığının istismar olunmadığını, yoxlama zamanı FHNnin mütəxəssisləri tərəfindən rentgen aparatının istismara qəbul edilməsi üçün baxış keçirildiyini protokolda qeyd etmişdir. FHN-nin mütəxəssislərinin aparata baxış keçirdiyini yoxlayıcı özü də görmüş və bu faktı təsdiq edə bilər. Bundan əlavə rentgen xidmətinin göstərilməsini təsdiq edən və protokol yazılması üçün əsas ola biləcək hər hansı bir digər sübut da aşkar edilməmişdir. Protokol yalnız yoxlayıcının mülahizəsi ilə qərəzli və qeyriobyektiv olaraq tərtib olunmuşdur. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə X4 Mərkəzi publik hüquqi şəxsin əməkdaşları X5 və X6 iştirakları ilə tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli 21 saylı plandan kənar yoxlama aktından görünür ki, həmin tarixdə saat 12:00-da Şəxsndə plandan kənar yoxlama aparılmışdır. Yoxlama aparılarkən lisenziya şərtlərinə riayət olunması ilə əlaqədar tibbi alətlərin sterilizasiyası zamanı müvafiq təlimatın tələblərinə tam riayət olunmaması aşkar edilmişdir. Belə ki, alətlərin yuyulub təmizlənməsi üçün istifadə olunan dezinfeksiya məhlullarının tətbiqinə dair müddətlər gözlənilmir, aparılan sterilizasiyanın qeydiyyatı təmin edilməmişdir. Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini keçirirmi sualı ilə əlaqədar yoxlama zamanı tibb müəssisəsində şüa diaqnostikası üzrə xidmət göstərilməsi üçün rentgen kabineti qurulmuş və burada ortopantomoqrof aparatı yerləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı halda hüquqi şəxs Şəxs barəsində tərtib olunmuş yuxarıda göstərilən məlum inzibati xəta haqqında protokolda həmin MMC-də lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirildiyi göstərilsə də, məhz hansı fəaliyyətin, hansı şəkildə, üsulda və qaydada, kimlərə münasibətdə həyata keçirildiyi göstərilməmişdir. Bundan başqa, protokola əlavə olunmuş plandan kənar yoxlama aktında həmin tibb müəssisəsində yoxlama zamanı lisenziyadan kənar şüa diaqnostikası üzrə xidmət göstərilməsi üçün rentgen kabinetinin qurulması və orada ortopantomoqrof aparatının yerləşdirilməsi göstərilsə də, həmin avadanlıqlar vasitəsi ilə konkret olaraq hansı şəxslər üzərində diaqnostik tibb fəaliyyətinin həyata keçirildiyi, həmin fəaliyyətlə bağlı həmin tibb müəssisəsinə hər hansı pasiyentlərin müraciət etməsi, bununla da, orada praktiki olaraq tibb fəaliyyətinin həyata keçirilməsi faktının konkret olaraq nədə ifadə olunduğu müəyyən edilməmiş, bu barədə inzibati xəta haqqında protokolda göstərilməmişdir. Həmçinin, lisenziyadan kənar hər hansı xidmətin göstərilməsi ilə bağlı konkret şəxslərin (xəstələrin və digər şəxslərin) izahatları alınmamışdır. Ona görə də, Şəxs ona istinad olunan həmin xətanı törətməsi barədə əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən məhkəməyə gəlməklə aradan qaldırılmamış və bu səbəbdən də, həmin şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs xeyrinə həll edilməli, həmin hüquqi şəxs ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, hüquqi şəxsin direktoru X1 orqanın nümayəndələri tərəfindən tərtib edilmiş aktda etirazını bildirərək qeyd etmişdir ki, tərəflərindən inzibati xətanın törədilməsinə yol verilmədiyini, ünvanda quraşdırılmış rentgen avadanlıqlarının hazırda istifadə olunmadığını həmin avadanlıqlara radiasiya təhlükəsizliyi və qəzanın qarşısı alınması tədbirlərinin həyata keçirilməsi məqsədi ilə baxış keçirilməsi ilə bağlı FHN-nin mütəxəssislərinin dəvət edildiyini və onlar tərəfindən baxış keçirildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə X2 Dövlət agentliyinə ünvanlanmış 04/01 saylı, xx xxxxxxxx 2020ci il tarixli ərizədən görünür ki, radiasiya təhlükəsizliyi və qəzanın qarşısı alınması tədbirlərinin baxış keçirilməsi ilə bağlı mütəxəssislərin göndərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş AR FHN-nin Nüvə və X3 üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli MMC-yə ünvanlandığı məktubdan görünür ki, Şəxs stamotoloji mərkəzə xx.xx.2020-ci il tarixdə keçirilmiş baxış zamanı MMC-yə ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazə Dövlət Agentliyindən alınması, Müəsisənin radioloji-gigiyenik pasportu tərtib edilməsi və Dövlət Agentliyi ilə razılaşdırılması, Radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması planı” hazırlanması və Dövlət Agentliyi ilə razılaşdırılması, Radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borcları hazırlanması və Dövlət Agentliyi ilə razılaşdırılması, Radiasiya təhlükəsizliyi üzrə təlimat hazırlanması və Dövlət Agentliyi ilə razılaşdırılması, İonlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçilər fərdi dozimetrlərlə təchiz olunması və “Radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası” hazırlanması və Dövlət Agentliyi ilə razılaşdırılması tövsiyə edilmişdir. Müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən tibb müəssisəsində xx xxxxxxxx 2020-ci il tarixdə yoxlama aparılan zaman Şəxs MMC-nin ionlaşdırıcı şüalanma mənbələri hesab edilən qurğuların istismar şəraitinin qiymətləndirilməsi ilə bağlı, xx.xx.2020-ci il tarixli, 10/01 nömrəli müraciəti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət agentliyinin əməkdaşları tərəfindən tibb müəssisəsində həmin gün baxış keçirilmiş və baxış nəticəsində MMC-yə radiasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə 7 bənddən ibarət tövsiyələr verilmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən əlavə öyrənilməli və yoxlanılma tələb edən hallar araşdırılmadan, həmçinin işin obyektiv, hərtərəfli baxılmasını təmin etmədən, yalnız həmin avadanlığın tibb müəssisəsində olması faktına görə Şəxs barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar