Məhkəmə qərarları › İş №3(005)-1859/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1859/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1859/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, “Hİ-Fİ” Stomatoloji Klinika” MMC-nin direktoru X3 vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Hİ-Fİ” Stomatoloji Klinika” MMC-nin direktoru X3 vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 16 may 2022-ci il tarixli №**********2 saylı məktubu ilə bildirilmişdir ki, müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə “Əmək müqaviləsi bildirişi” alt sisteminin müqayisəli təhlilləri nəticəsində X3 qanuni təmsilçisi (direktoru) olduğu “X8” MMC-də bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və inzibati xəta əlamətlərinin olması müəyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə, saat 10:00-da “X8” MMC-nin qanuni təmsilçisi (direktoru) X1 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə dəvət olunmuşdur. xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “X8” MMC-nin qanuni nümayəndəsi X5 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstləlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbrai sığortasını təmin etməmişdir. (xx.xx.2022-ci il tarixədək) Bu fakt dövlət orqanlarının elektron informasiya sistemlərinin təhlili nəticəsində əldə edilmiş məlumatlar - xx.xx.2022ci il tarixli baxıs ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “X8” MMC-nin direktoru (qanuni təmsilçisi) X5 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat cərimə tədbiq edilməsi qərara alınmışdır. Bildirmək istəyirlər ki, qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda da qeyd olunduğu kimi bu fakt kimi elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixli baxış zamanı müəyyən olunmuşdur. Əgər baxış zamanı bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı aşkar edilmişdirsə, nə üçün həmin gün elektron protokol tərtib edilməmişdir. Digər tərəfdən inzibati xəta haqqında protokol tərtib edilərəkən “X8” MMC-nin bütün işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi olmuşdur. İcbari sığorta müqaviləsi ola-ola protokol tərtib etmək və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmək inzibati xətalar qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasından xəbər verir. Qeyd edilənləri nəzərə alaraq DƏMX-nin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, “Hİ-Fİ” Stomatoloji Klinika” MMC-nin direktoru X3 vəkili Vəkil məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, “Hİ-Fİ” Stomatoloji Klinika” MMC-nin direktoru (qanuni təmsilçisi) X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********776 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”ndən görünür ki, bir tərəfdən bundan sonra müqavilənin mətni üzrə sığortaçı adlanacaq "xxxx" ASC-nin Müştəri Xidmətləri və Sığorta hadisələrinin tənzimlənməsi departamentinin direktoru Mehdiyev Orxan şəxsində, digər tərəfdən bundan sonra müqavilənin mətni üzrə sığortalı adlanacaq “Hİ-Fİ” Stomatoloji Klinika” MMC - X11 şəxsində (bundan sonra müqavilənin mətni üzrə «tərəflər») «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa (bundan sonra müqavilənin mətni üzrə «Qanun») uyğun olaraq, müqaviləni bağlamışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********776 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə illik Qoşmadan görünür ki, “Hİ-Fİ” Stomatoloji Klinika” MMC-nin 50 (əlli) nəfər işçisi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək icbari tibbi sılğorta olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzindən görünür ki, “Hİ-Fİ” Stomatoloji Klinika” MMC istehsalatda bədbəxt hadisələrin sığortalanması xidməti ilə əlaqədar olaraq "xxxx" ASC vasitəsilə 105,00 (bir yüz beş) manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Bundan başqa, iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, “Hİ-Fİ” Stomatoloji Klinika” MMC-nin direktoru (qanuni təmsilçisi) X5 işçilər ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamışdır. Məhkəmə qeyd edir ki, belə olan halda, “Hİ-Fİ” Stomatoloji Klinika” MMC-nin direktoru X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddələri pozulmaqla sənədləşdirildiyindən sübuta yetirilmir. Belə ki, tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda "xxxx" MMC tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilmədiyi üçün AR İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən elektron informasiya sistemi vasitəsi ilə aşkar edildiyi göstərilsə də, vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında protokol real vaxt rejimində əldə edilmiş məlumatlara istinad edilmədən elektron qaydada tərtib edilməmişdir. Belə olan halda "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 469.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsində təqsirinin olmasının sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Bu da onu deməyə əsas verir ki, "xxxx" MMC-nin əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-3-cü maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, "xxxx" MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Barəsində protokol tərtib edilmiş şəxsin inzibati xətanı törətməsinə dair məlumatların, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin informasiya sistemi və yaxud digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildiyini, ən başlıcası isə real vaxt rejimində elektron qaydada əldə edilməsini təsdiq edən sübutlar inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə öz əksini tapmamışdır. Bu da onu deməyə əsas verir ki, "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması üçün səbəblər və əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Hİ-Fİ” Stomatoloji Klinika” MMC-nin direktoru X3 vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. “Hİ-Fİ” Stomatoloji Klinika” MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar