Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1872/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X6 iştirakları ilə, «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan ******* nömrəli, 07 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən X4 haqq hesabının ödənilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə icrası məcburi göstəriş verilsə də, müəssisə tərəfindən son haqq hesabın ödənilməsi təmin edilməmişdir. Nəticədə “Azərbaycan Metrologiya İnstitutu” Publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, göstərişlə bağlı məktubu bu il göndərmişlər. Bu iş 2020-ci ildən onların icraatında olmuşdur.Onlar qərar qəbul etsə də, qərar icra olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı filialın nümayəndəsi X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, onlar məcburi tapşırıq məktubu almışlar, müqavilə ilə 45 günlük müdafiəçi təyin edilmişdir. Bundan başqa etiraf məktubu var ki, şirkətin maddi durumu ilə əmək haqqı ödənilmir. Bakı Apellyasiya Məhkəməsi işi onlara yenidən baxılma ilə əlaqədar göndərir və onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə gələn işi xitam etmişlər. Daha sonra isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraata başlanılıb. Bakı Apellyasiya Məhkəməsi Müfəttişliyin şikayətini təmin etmir, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayır və iş üzrə icraata xitam verilib. X8 bildirmişdir ki, qeyd olunan şəxs 2016-ci ildə onların şirkətində işləmişdir. Onlar ödəniş etmək istəmişlər, lakin şəxsin aliment öhdəliyi olduğu üçün bank hesabının olmadığını bildirmişdir. Onlar nağd qaydada ödəniş etmişlər. Lakin ona dair sənədlər 5 il keçdiyinə görə saxlanılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış məktubdan görünür ki, həmin şirkətə X4 haqq-hesabının 10 gün müddətində hesablanıb ödənilməsini təmin etmələri üçün sorğu ünvanlanmış və xx.xx.2024-cü il tarixdə “Ruslan Yəhya” adlı şəxs tərəfindən imzalanaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 3(103)-107/2024 nömrəli qərarından görünür ki, etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Rüfət Əliyev tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 3381/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə –vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı filialın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı filialın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Azərbaycan Metrologiya İnstitutu” Publik hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1872/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1872/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver