Məhkəmə qərarları › İş №3(005)-1875/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1875/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1875/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri – X4 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, «Xəzər Polad” Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən «Xəzər Polad” Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə MN ******* nömrəli, 05 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Nərimanov rayonu, Abışov küçəsi, ev 16Q, xx.xx.2024-cü il tarixdə ətraf mühitə atılan çirkləndirici maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması faktı aşkar edilmişdir. Bununla da, Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı aşkar edildiyindən hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, icrarə müqaviləsi notarial qaydada təsdiq edilməlidir. Digər bir qanuna əsasən isə 11 aydan artıq müddətə bağlanan icarə müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. Eyin zamanda hüquqi şəxsin VÖEN-ləri aktivdir. Ətraf mühitə təsirlərlə bağlı ödənişlər edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, orada çoxsaylı zavodlar var. Belə ki, həmin ərazi tərəflərindən icarəyə verilmişdir. Həmin ərazidə fəaliyyət göstərən hüquqi şəxslə aralarında rəsmi qaydada müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında fəaliyyət göstərən hüquqi şəxsin elektrik enerjisindən istifadəyə dair qəbzlər onlarda var. Məhkəməyə müvafiq sənədləri təqdim edərək hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 05 iyun 2024-cü il tarixli, 85222 nömrəli aktdan görünür ki, Şəxs QSC tərəfindən ətraf mühitə atılan çirkləndirici maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması faktı aşkar edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, «Xəzər Polad” Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs yoxlama aparılan ərazidə fəaliyyətlə məşğul olmur. Həmçinin məhkəməyə təqdim edilmiş sub-icarə müqaviləsindən görünür ki, QSC-yə məxsus ərazi “X5” QSC-yə icarəyə verilmişdir. Bununla da protokolda qeyd edilən pozuntunun hüquqi şəxs tərəfindən törədilməsi faktı öz təsdiqini tapmır. Həmçinin hüquqi şəxs tərəfindən məhkəməyə təqdim edilmiş hesab ödəniş vərəqlərindən görünür ki, “X5” QSC tərəfindən istifadə olunmuş elektrik enerjisinin haqları müxtəlif tarixlərdə ödənilmişdir. Bununla da müəyyən edilmişdir ki, həmin ərazidə həqiqətən də hazırda Şəxs QSC deyil, “X5” QSC fəaliyyət göstərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı halda hüquqi şəxs «Xəzər Polad” Qapalı Səhmdar Cəmiyyətinin barəsində tərtib olunmuş yuxarıda göstərilən məlum inzibati xəta haqqında protokolda həmin QSC tərəfindən ətraf mühitə atılan çirkləndirici maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması faktı qeyd edilmişdir. Lakin məhkəmə iclasında təqdim edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, QSC həmin ərazidə fəaliyyət göstərmir, həmin ərazi Şəxs QSC tərəfindən başqa hüquqi şəxsə icarəyə verilmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən əlavə öyrənilməli və yoxlanılma tələb edən hallar araşdırılmadan, həmçinin işin obyektiv, hərtərəfli baxılmasını təmin etmədən, «Xəzər Polad” Qapalı Səhmdar Cəmiyyəti barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs «Xəzər Polad” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: «Xəzər Polad” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar