Məhkəmə qərarları › İş №3(005)-188/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-188/2020

06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-188/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, “xxxxxxxxxxxxx” MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “xxxxxxxxxxxxx” MTK barəsində İXM-in 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)-188/2020 nömrəli qərarı ilə “xxxxxxxxxxxxx” MTK İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1338/2020 nömrəli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)- 188/2020 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X5 iş yerində xx.xx.2019-cu il tarixdə xəsarət alması ilə bağlı şikayət ərizəsinin araşdırılması zamanı K.Maqamedovun və digər iki şəxsin “xxxxxxxxxxxxx” MTK tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və (mülki hüquqi) xidməti müqavilə bağlamadan işlərin yerinə yetirilməsi faktı aşkar edilmişdir. Nəticədə “xxxxxxxxxxxxx” MTK tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X3 izahatında göstərdi ki, daxil olmuş şikayət əsasında Kənan Maqamedovun xx.xx.2019-cu il tarixdə iş yerində xəsarət alması ilə bağlı şikayət ərizəsinin araşdırılması zamanı K.Maqamedovun və digər iki şəxsin “xxxxxxxxxxxxx” MTK tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və (mülki hüquqi) xidməti müqavilə bağlamadan işlərin yerinə yetirilməsinə cəlb olunması faktı müəyyən edilmişdir. Nəticədə “xxxxxxxxxxxxx” MTK tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxx” MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X4 izahatından görünür ki, o, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsində yerləşən “xxxxxxxxxxxxx” MTK-ya məxsus tikilməkdə olan yaşayış binasında bənna vəzifəsində razılaşma yolu ilə Ziyafət adlı şəxslə kvadratı 2 manatdan işə başlamışdır. xx.xx.2019-cu il tarixdə səhər saat 9-10 radələrində Şükür və o, transpaletlə kərpic daşıyarkən kərpic kütləsi onların üzərinə aşmışdır. İş yoldaşı Şükür yüngül dərəcəli xəsarət almışdır. O, üzərinə aşan kərpiclərin altından qaça bilməmişdir. Sol əli kərpiclərin altında qalmışdır. Nəticədə sol əlinin ikinci şəhadət barmağından xəsarət almışdır. Uzun müddət əmək fəaliyyəti ilə məşğul ola bilməyəcək. Hadisədən dərhal sonra binanın texniki təhlükəsizliyinə cavabdeh olan Elman müəllimə məlumat verilmişdir. O da öz növbəsində şirkətin rəhbərliyinə hadisə barədə demişdir. Qısa müddətlik şirkətə çaxnaşma düşmüşdür. Heç kimin təcili-tibbi yardıma zəng etmədiyini görən Şükür öz şəxsi telefonu ilə 103 xidmətinə zəng vurmuşdur. Təcil tibbi yardım maşınının gəlməsindən və hadisənin qeydiyyata alınmasından qorxaraq şirkət rəhbərliyi onu öz şəxsi maşınına əyləşdirərək Nərimanov rayonu ərazisində 4 nömrəli şəhər Xəstəxanasına aparmışlar. Yolda dəfələrlə ondan xahiş etmişlər ki, soruşan olsa maşın təkərini dəyişən zaman təkərin altında qaldığını bildirsin. 4 nömrəli xəstəxanada ilkin tibbi yardım göstərilmişdir və barmağına tikiş vurularaq sarğı qoyulmuşdur. Həmin gündən etibarən bir neçə gün şirkət rəhbərliyi şikayət olmayacağını və ona dəymiş bütün maddi ziyanın ödəniləcəyini vəd versələr də, vədlərə əməl etməmişlər. Sonrada ona “əmək müqaviləsinin olmadığını, onun şikayətinə heç kimin baxmayacağını, hara şikayət etsə onu tanımadıqlarını deyəcəklərini” deyib onu oradan qovmuşlar. Məlumat üçün bildirir ki, həmin tikinti sahəsində işləyən işçilərin əksəriyyətinin əmək müqaviləsi yoxdur. Təzə işə düzələndə o, bu barədə soruşanda heç bir müsbət cavab ala bilməmişdir. Başqa iş yeri tapa bilmədiyinə görə məcbur orada işləməli olmuşdur. Əmək müqaviləsinin olmamasından əlavə də bildirir ki, binada iş zamanı heç bir tikinti-texniki təhlükəsizlik tədbirləri görülmür. Heç bir işçi təhlükəsizlik kəməri, təhlükəsizlik kaskası, digər təhlükəsizlik vasitələri ilə təmin olunmurlar; X8 izahatından görünür ki, o, xx.xx.2019-cu il tarixdən Bakı şəhəri Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsində inşa edilən “xxxxxxxxxxxxx” MTK-ya məxsus yaşayış binasında fəhlə vəzifəsində işləmişdir. X6 da həmin binada usta vəzifəsində işləmişdir. O da onun köməkçiliyini edib. xx.xx.2019-cu il tarixdə səhər saat 9-10 radələrində iş yoldaşları Kənan Maqamedov və Şükür Allahverdiyev transpaletlə kərpic kütləsini daşıyarkən kərpiclər onların üstünə aşıb. Binanın fasad divarlarını tikməli idilər. Hadisə 14cü mərtəbəsində baş vermişdir. Allahverdiyev Şükür yüngül dərəcəli əzilsə də, Kənanın barmağı kərpic kütləsinin altında qalmışdır. Hadisə zamanı dərhal binanın təhlükəsizliyinə cavabdeh Elman müəllimə bildirilib ki, şirkət rəhbərliyi çaş-baş düşüb nə edəcəklərini bilməyiblər. Buna görə iş yoldaşı 103 xidmətinə zəng vurmuşdur. Bunu görən kimi şirkət rəhbərliyi Kənan və Şükürü maşına qoyaraq xəstəxanaya aparmışlar. Sonradan bilmişdir ki, avtomobildə Kənana maddi yardım göstərəcəklərini vəd verərək heç yerə şikayət etməməyi və soruşan olsa həyətdə maşının təkərini dəyişdirdikdə təkərin altında qalaraq əzildiyini desin. Həkimdən qayıtdıqdan sonra öyrənmişdir ki, Kənanın sol əlinin şəhadət barmağı dırnağından və dırnaq fəqərəsindən sınıb. Barmağın bərpası mümkün deyil. Hadisədən bir-iki gön sonra dəfələrlə şirkətə maddi yardım üçün müraciət etsələr də, onları tanımadıqlarını bildirmişlər. Əlavə olaraq bildirmişlər ki, binada təhlükəsizlik tədbirləri görülmür. Bildiyi qədəriylə heç bir işçinin əmək müqaviləsi yoxdur; X2 izahatından görünür ki, xx.xx.2019-cu ildə dostları Kənan və Anarla birlikdə Əliəşrəf Əlizadə küçəsində inşa olunan “xxxxxxxxxxxxx” MTK-ya məxsus yaşayış binasında bənna vəzifəsində işləmişdir. Onlar işə binanın 14-cü mərtəbəsində hörgüçü olaraq başlamışlar. İşi Ziyafət adlı binanın nümayəndəsindən kvadratı 2 manatdan danışıb götürmüşlər. xx.xx.2019-cu il tarixində həmin binanın 14-cü mərtəbəsində Kənan və Anarla işləyərkən, Kənan və o, xəsarət almışdır. Səhər saat 9-10 radələrində transpalet vasitəsilə kərpicləri daşıyarkən qəfildən kərpiclər onun və Kənanın üstünə aşmışdır. Hadisə zamanı o, çox əzilməmiş, amma Kənan kərpic altında qalıb qaça bilməmiş və sol əlinin barmağı sınmışdır. Hadisədən sonra binanın texniki təhlükəsizliyinə baxan Elman müəllimə məlumat vermiş, iş icrası kimi ona bildirmişlər. Orda onlara köməklik etmədiklərini görüb özü təcili tibbi yardıma öz nömrəsindən 103 nömrəsinə zəng etmişdir. Bundan sonra təcili tibbi yardım maşınının gəlməsini gözləmədən Kənan və onu maşınla yaxınlıqda 4 saylı Şəhər Poliklinikasına aparmışlar. Oraya gedərkən Ziyafət onlara demişdir ki, xərci varsa onlar ödəyəcəklər. Poliklinikada da hadisənin maşının təkərini dəyişərkən baş verdiyini demələrini bildirmişlər. Kənanın barmağını rentgen etmişlər, ondan sonra onlara Kənanın sol əlinin şəhadət barmağının sındığını və barmağının dırnaq və dırnaq fəqərələrinin qırıldığını demişlər. Kənanın barmağına dörd tikiş atmışlar və sarğı qoymuşlar. Həmin gündən təxminən 1-2 gün sonra onlarla Ziyafət və Elman maraqlanmışlar, lakin 5-10 gün keçəndən sora onları tanımadıqlarını demişlər. Onlar nə qədər cəhd etsələr ki, dərman puluna köməklik edilsin, lakin onlara dərman pulu üçün köməklik edilməmişdir. Ümumiyyətlə həmin binada heç bir işçinin nə müqaviləsi, nə də təhlükəsizlik qaydaları var. Onların başına gələn orada hər bir işçinin başına gələ bilər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, “xxxxxxxxxxxxx” MTK tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilsə də, inzibati məsuliyyyətə cəlb olunma müddəti başa çatdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən “xxxxxxxxxxxxx” MTK tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “xxxxxxxxxxxxx” MTK tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş “xxxxxxxxxxxxx” MTK barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxx” MTK tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri müvafiq işlərin görülməsinə cəlb edilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın “xxxxxxxxxxxxx” MTK tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın aşkara çıxarıldığı gündən, yəni xx.xx.2019-cu il tarixdən (X5 iş yerində xx.xx.2019-cu il tarixdə xəsarət alması ilə bağlı şikayət ərizəsinin araşdırılması) 3 aydan çox müddət keçdiyini nəzərə alaraq “xxxxxxxxxxxxx” MTK barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilə bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. İXM-in: 53.0, 53.0.6-ci maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxxxxxxxxx” MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, lakin onun barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar