Məhkəmə qərarları › İş №3(005)-1881/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1881/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1881/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Bakı şəhər DYPİ-nin polis polkovniki X8 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər DYPİ polis polkovniki X8 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ polis polkovniki X6 18.08.2021ci ii tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, o, 26.03.2021-ci il tarixdə, saat 06:45-də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində “VAZ 21214” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmuş və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edici digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bildirir ki, o, 26.03.2021-ci il tarixdə, saat 06:45-də atası Abuzər Quliyevlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində, “VAZ 21214” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman DYPİ-nin əməkdaşlarının yolu bağlayaraq spirtli içki qəbul edənləri müəyyən etmək üçün avtomobilləri saxladıqlarını görmüşdür. Ona saxla əmri verilmişdir. O, DYP əməkdaşının əmrinə tabe olaraq avtomobili saxlamışdır. Saxlanılmağının səbəbini soruşduqda ona döş nişan nömrəsi 0354 olan polis inspektoru tərəfindən içkili reydi keçirilməsini səbəb kimi qeyd edərək, alkotestdən keçməyi tələb edilmişdir. O, öz növbəsində qanuna riayət edərək inspektorun tələbini yerinə yetirmiş və nəticədə onun sərxoş olduğu bildirilmişdir. O, dəfələrlə spirtli içki qəbul etmədiyini bildirsə də, özünü təqdim etməyən və döş nişanı olmayan digər inspektor tərəfindən təzyiqə məruz qalmışdır. Atası yüksək təzyiq xəstəsi və ağır ürək əməliyyatı keçirdiyinə görə onun səhhətinin pisləşməsini gördüyü üçün məcbur olub inspektorların haqsızlığına və ona qarşı olan ağır təzyiqlərinə təslim olmuşdur. Razılaşaraq öz xətti ilə tərtib olunan protokola içki qəbul etdiyini yazmışdır. Atasına məxsus olan avtomobilin cərimə meydançasına aparılmasına isə etiraz etməmişdir. Avtomobili cərimə meydançasına verdikdən sonra dərhal Respublika Narkoloji Mərkəzinə getmiş və sərxoşluğunun yoxlanılmasını xahiş etmişdir. Saat 08:25-də müəyinə olunmuş və müayinənin nəticəsinə əsasən onun sərxoş olmadığı təsdiqlənmişdir. DYPİ əməkdaşları tərəfindən qanun pozuntularına yol verilmişdir. Dövlət yol polisi inspektorları özlərini təqdim etməmiş, nizam qaydalarına riayət etmədən postlar qurulmuş, ona təzyiq göstərən polis inspektoru özünü təqdim etməkdən yayınmışdır. Sərxoşluq vəziyyətinin müayinəsi zamanı DYP əməkdaşları tərəfindən qanun pozuntularına yol verilmişdir. Bildirir ki, DYP əməkdaşı alkotester vasitəsi ilə onun sərxoşluq vəziyyətini müayinə edən zaman qanunvericiliyin tələbinə uyğun olaraq hal şahidlərinin iştirakını təmin etməmişdir. Sərxoşluq vəziyyətinin müayinəsi üçün istifadə edilən alkotesterin saz və yararlı vəziyyətdə olmasını təsdiq etmək üçün həmin cihazın sertifikatı barədə sərxoşluğun müayinəsi barədə protokolda heç bir qeyd və məlumat yazılmamışdır. Belə olan halda hesab edir ki, həmin alkotesterin düzgün müayinə etməsi sübhə doğurur. Çünki həmin texniki vasitə heç bir spirtli içki qəbul etməyən şəxs, yəni onun barəsində yanlış nəticə göstərərək sərxoş olduğunu müəyyən etmişdir. İşıq cihazlarından istifadə qaydalarını pozmağına gəldikdə isə qeyd edir ki, DYP əməkdaşları bu halı sübut edən heç bir sənəd, foto və ya video görüntü təqdim etmədən, işıq cihazlarından istifadə qaydalarını pozmağını qeyd etmiş, o isə öz növbəsində bu halın yalan olduğunu bildirmişdir. Lakin, DYP əməkdaşları heç bir sübuta əsaslanmayan, əsassız protokol tərtib etmiş, həmin protokol əsasında da qərar qəbul etmişdir. Hesab edir ki, vətəndaşın inzibati xəta törətməsini sübut etmək inzibati protokol tərtib etmiş orqanının vəzifəsidir. Əgər sübut yoxdursa onun inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 izahatında göstərdi ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, hadisə günü içkili olmamış, atasının səhhəti üçün narahat olduğundan içkili olması barədə inzibati xəta haqqında protokola qeyd yazmışdır. Həmin gün o, özü tibbi müayinəyə getmiş və ayıq olması barədə sənəd əldə etmişdir. Həmin sənədin əslini məhkəməyə təqdim edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 26 mart 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 26 mart 2021-ci il tarixdə saat 06:45-də işıq cihazlarından istifadə qaydalarını pozmuş və onun “VAZ 21214” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur; “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 26 mart 2021-ci il tarixli protokoldan görünür ki, X5 həmin tarixdə alkoqol sərxoşluğu vəziyyətində olmuş, həmçinin X2 içki qəbul etdiyini etiraf etmişdir. X4 alkoqolun miqdarı 0,305 faiz olmuşdur; Bakı şəhər DYPİ polis polkovniki X8 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 26 mart 2021-ci il tarixdə saat 06:45-də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində “VAZ 21214” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, işıq cihazlarından istifadə qaydalarını pozmuşdur. Nəticədə onun tərəfindən İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədildiyindən barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə iclasında müəyyən edildi ki, X5 26 mart 2021-ci il tarixdə saat 06:45-də “VAZ 21214” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə və işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Onun sərxoşluq vəziyyəti xüsusi texniki vasitənin köməyi ilə yoxlanılmış və bu barədə 26 mart 2021-ci il tarixli protokol tərtib olunmuşdur. X1 spirtli içki qəbul etdiyini etiraf etmiş və tibbi müayinəyə ehtiyacı olmadığını qeyd etmişdir. X4 alkoqolun miqdarı 0,305 faiz, yəni qanunvericiliyin müəyyən etdiyi sərxoş vəziyyətdə olması hesab edilməsinə əsas verən ölçüdən artıq olmuşdur. Məhkəmə, X3 təqdim etdiyi 2/7842 nömrəli, 26 mart 2021-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolunun surətinə münasibətdə qeyd edir ki, həmin sənəd onun 26 mart 2021-ci il tarixdə ayıq olmasını təsdiq etsə də, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, X5 onun sərxoşluq vəziyyətinin xüsusi texniki vasitə ilə yoxlanılmasına etiraz etməmiş və buna dair protokolda tibbi müayinəyə ehtiyac olmadığını qeyd edərək spirtli içki qəbul etdiyini etiraf etmişdir. Bütün qeyd edilənlərdən sonra onun 01 saat 40 dəqiqə sonra tibbi müayinə olunaraq ayıq olması barədə sənəd əldə etməsi onun 26 mart 2021-ci il tarixdə saat 06:45-də sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi halını təkzib edə bilməz. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə görə - otuz manat məbləğində cərimə edilir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. İnzibati tənbeh vermə haqqında qəbul etmiş səlahiyyətli şəxsin əldə etdiyi sübutlar X3 hadisə günü, yəni 26 mart 2021-ci il tarixdə saat 06:45-də sərxoş vəziyyətdə olduğunu təsdiq edir. Bu səbəbdən X3 Bakı şəhər DYPİ polis polkovniki X8 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər DYPİ polis polkovniki X8 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar