Məhkəmə qərarları › İş №3(005)-1891/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1891/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1891/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru X8 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-cü il tarixli MN ******* nömrəli qərarı ilə barəsində 3800 (üç min səkkiz yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 192.4, 192.6, və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərəfindən törədildiyi qeyd olunmuş və Məcəllənin 34, 114 və 115-ci maddələri tətbiq edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmiş, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallar nəzərə alınmamışdır: Qərarda qeyd edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “direktor” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta, yəni “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” inzibati xətası törədildiyi qeyd olunmuşdur. Bununla bağlı bildirir ki, əmək müqaviləsinin elektron qeydiyyata alınması prosesi müəyyən texniki səbəblərdən gecikmiş və bu, bilərəkdən edilən hərəkət deyil. Heç bir halda əmək qanunvericiliyinin pozulması və ya işçini müqavilə olmadan işə cəlb etmək niyyəti olmamışdır. Əksinə, əmək funksiyalarının yerinə yetirilməsi zəruri olduğundan işçi müvəqqəti olaraq vəzifəsini icra etmişdir. Bu hal aşkar olunduqdan sonra əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün zəruri tədbirlər dərhal görülmüş və rəsmiləşmə təmin edilmişdir. Əlavə olaraq bildirir ki, X2 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29- 69/3-1-132K/2024 saylı, 05 mart 2024-cü il tarixli əmri ilə 1 (bir) il müddətinə Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. Bu rəsmi əmr açıq şəkildə göstərir ki, Gülbəniz Bayramovanın əmək fəaliyyətinin rəsmiləşdirilməsinin həyata keçirilməsi prosedur qaydalar çərçivəsində nəzərdə tutulmuşdur və onların məqsədi Gülbəniz Bayramovam rəsmi, qanuni əsaslarla təyin etmək olmuşdur. Əmək münasibətlərinin rəsmiləşdirilməsində gecikmənin əsas səbəbi texniki səbəblər olmuş, bu isə təqsirsiz niyyətlə, obyektiv şərait daxilində baş vermişdir. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə müəyyən edilmiş hüquqi məsuliyyət qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə nəzərdə tutulmuşdur. Dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində əmək müqavilələrinin elektron informasiya sisteminə gec daxil edilməsi (əmək müqaviləsi vaxtında bağlanır) yalnız formal xəta ola bilər. Bu formal xəta ictimai münasibətlərə qəsd hesab edilmir. Bundan əlavə, həmin formal xətada da onun təqsiri olmamışdır. Qeyd olunanlardan göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Əsassız olaraq barəsində həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə cərimə tətbiq edilmişdir. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-cü il tarixli MN ******* nömrəli qərar ədalətli olmamış, qanunla qorunan ictimai münasibətlərə qəsd edən əməl mövcud olmamış, əməldə inzibati xəta əlamətlərinin bütün tərkibi mövcud olmamış, qərarda qeyd olunan əməlin törədilməsində onun təqsiri olmamış, qərarda qeyd olunan əməl onun öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı olmamışdır. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 “inzibati tənbeh vermə haqqında’’ xx.xx.2025-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X10 şikayətin əsassız olmasını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X8 iştirak etməmişdir və məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar, eləcə də məhkəmə iclasında şikayət verən X8 tərəfindən qeyd edilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, öz şikayətində də texniki səbəblərdən əmək müqaviləsinin sistemdə təsdiqi texniki səbəblərdən mümkün olmamışdır. Şikayət vermiş şəxs məhkəməyə şikayətdə qeyd etdiyi halları təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 192.4, 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikaısı İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar