Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1905/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Şikayət verən şəxs X2 iştirakları ilə, X2 Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci PB-nin sahə rəisi Ruslan Əliyev tərəfindən qəbul edilmiş 22 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci PB-nin sahə rəisi Ruslan Əliyev tərəfindən qəbul edilmiş 22 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində göstərmişdir ki, 22 noyabr 2020-ci il tarixdə ona məlum olmayan səbəblərdən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X6 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib etmişdir. Həmin protokol əsasında Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X6 tərəfindən inzibati tənbeh vermə haqqında ******* nömrəli qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X6 tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qərəzli olaraq qəbul edilmişdir. Əgər o, pandemiya qaydalarının pozulması ilə bağlı hər hansı bir pozuntu etsə idi bu halda AR İXM-in 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilə bilərdi. Lakin hansı və nə səbəbdən 3000 manat məbləğində cərimə olunmağı ilə bağlı inzibati xəta haqqında protokolda heç bir məlumat yoxdur. Həmçinin, belə bir inzibati qərarın mövcudluğundan xəbəri olmamışdır. Belə ki, bu yaxınlarda təsadüfən barəsində olan sənədlərə baxış keçirən zaman 3000 manat məbləğində cərimə olunmağı barədə məlumat almışdır. Dərhal inzibati qərarın surətinin götürülməsi ilə bağlı müraciət etmiş və xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X6 tərəfindən barəsində inzibati tənbeh vermə haqqında tərtib edilmiş protokol və qərarın surətini rəsmi qaydada imza etməklə qəbul etmişdir. Göründüyü kimi, barəsində səbəbsiz yerə inzibati protokol tərtib edilmişdir. Hesab edir ki, o, inzibati pozuntu törətməmişdir Bu səbəblə inzibati tənbeh vermə haqqında qərarın ləğvini xahiş edir. Məhkəmə iclasında şikayət verən şəxs X4 vermiş olduğu şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsin xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci PB-nin sahə rəisi Ruslan Əliyev tərəfindən tərtib edilmiş 22 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Nərimanov RPİ-nin 16-ci PB tərəfindən qəbul edilmiş 22 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən (köhnə redaksiya) epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X2 22 noyabr 2020-ci il tarixdə saat 12:00-dan 18:00-dək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması əsas gətirilməklə İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci PB-nin sahə rəisi Ruslan Əliyev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, 22 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X2 22 noyabr 2020-ci il tarixdə İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmiş, lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. Ümumiyyətlə, qərardan X2 törətdiyi inzibati xətanın nədən ibarət olması aydın olmur. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X2 22 noyabr 2020-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozmasını müəyyən etmək mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci PB-nin sahə rəisi Ruslan Əliyev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, 22 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci PB-nin sahə rəisi Ruslan Əliyev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, 22 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Nərimanov RPİ-nin 16-ci PB-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1905/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1905/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver