Məhkəmə qərarları › İş №3(005)-1906/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1906/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1906/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X5 və vəkili “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 09 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Gürcüstan Respublikasının vətəndaşı Dildara Euibova iş icazəsi olmadan Şəxs MMC-də menecer vəzifəsində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X7 bildirmişdir ki, Gürcüstan Respublikasının vətəndaşı Dildara Euibova iş icazəsi olmadan Şəxs MMC-də menever vəzifəsində işə cəlb edildiyi müəyyən edilmiş və hüquqi şəxsin barəsində müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yekunda hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X8 Mohammad məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Dildara Eiubovanın onunla yaxşı münasibəti olmuşdur. X6 ilə Dildara arasında olan mübahisədən sonra o, Şöhrətlə küsülü olmuşdur. Daha sonra Şöhrətlə barışdıqdan sonra Dildara onunla da ədavət aparmağa başlamışdır. Dildara onun işçisi olmamışdır və sadəcə ona mahnılarının satışı üçün köməklik edib. Belə ki, onun bəstələdiyi mahnıya Dildar müştəri tapmış və bunun qarşılığında satışdan əldə edilmiş puldan müəyyən faizini götürmüşdür. Dildara onun studiyasında yaxın münasibətlərinə görə olmuşdur. Aralarında tabeçilik münasibəti olmamışdır. Yekunda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X8 Mohammadin vəkili X3 bildirmişdir ki, Dildara Euibova müğənnilərdən həmin MMC-də oranjiman işləməyini əsas gətirərək pul almışdır. Bununla bağlı direktor Miqrasiya Xidmətinə müraciət etmişdir və araşdırma zamanı yekun olaraq Dildara Euibova da cərimə edilmişdir. Sonradan isə Dildara özünü Şəxs MMC-də işləmiş kimi təqdim etmişdir. Həmin şəxs MMC-nin direktoruna qarşı qəzəblidir və onunla bağlı hüquq-mühafizə orqanlarına şikayət edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Euibova Dildara bildirmişdir ki, o, Şəxs MMC-də menecer vəzifəsində işləmişdir. Aralarında rəsmi əmək müqaviləsi olmamışdır. O, xarici vətəndaş olduğundan və Bakı şəhərində yaşamaq üçün müvəqqəti icazə kağızı almadığından və Farshid ilə aralarında pul haqq-hesabında heç vaxt problem yaranmadığından buna gərək duymamışdır. Gün ərzində 7-8 saatdan çox studiyada vaxt keçirmişdir. O, demək olar ki, yalnız yatanda evinə getmişdir. Hər bir mahnıdan əldə edilmiş gəlirdən 30 % məbləği Farshid ona vermişdir. İlk öncə Farshidlə münasibətləri yaxşı olsa da daha sonra aralarında münasibətlər pisləşmiş və Farshid ondan Miqrasiya Xidmətinə şikayət etmişdir. Miqrasiya Xidmətində isə ondan işlədiyi şirkəti soruşduqda o, əlacsız qalıb Şəxs MMC-də işlədiyini bildirmişdir. Onun Farshidə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, mahnı yazdırmaq üçün Şəxs MMC-yə gəlmişdir. Studiyaya gələn zaman Dildar adlı xanımı orada görmüşdür. O, Dildarı prodüser kimi tanımışdır. Dildar bu zaman Natiq Novruzovun yanında olmuşdur və o, Dildarı Farshidin işçisi kimi yox, məhz prodüser kimi tanımışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Gürcüstan Respublikasının vətəndaşı Dildara Euibovanın işə cəlb edilməsi iş materialları ilə təsdiq edilməmişdir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarının və iş materiallarında olan sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, Dildara Euibova ilə Şəxs direktoru Farshid Saiyadi ilə arasında dostluq münasibətləri olmuş, daha sonra münasibətləri pozulmuş, həmçinin aralarında olan şifahi razılaşmaya əsasən Dildara Euibova studiyaya gətirdiyi hər bir müştəri üçün qazanılmış pul məbləğinin 30%-ni əldə etmişdir. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan Gürcüstan Respublikasının vətəndaşı Dildara Euibova işə cəlb edilməmişdir. Bununla da Şəxs tərəfindən həmin inzibati xətanın törədilməsi iş materialları ilə öz əksini tapmır. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan xətanı törədilməsinə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43-48, 53, 76, 84, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar