Məhkəmə qərarları › İş №3(005)-1910/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1910/2021

14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1910/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayətçi X7 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, X7 Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə rəisi X16 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 12 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 RPİ-nin 16-cı PB-nin polis sahə rəisi X16 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 12 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X12 və onun müdafiəçisi X15 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. X12 izahatında göstərdi ki, o, vergi orqanında qeydiyyatda və vöeni olmadığı halda 12 avqust 2021-ci il tarixdə gecə radələrində ünvan 1 ünvanında muzdlu işçi kimi fəaliyyət göstərən zaman Nərimanov RPİ-nin keçirdiyi reyd zamanı Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci maddəsinə əsasən qanunsuz olaraq vəzifəli şəxs kimi 4000 (dörd min) manat cərimələnmişdir. Həmin vaxt onunla orada eyni statusda olan şəxslərin hər biri isə 200 (iki yüz) manat məbləğində cərimələnmişdir. Halbuki, həmin obyektin sahibi X3r. Belə ki. X5 04 oktyabr 2019-cu il tarixdən icarə müqaviləsi əsasında həmin obyekti işlədir. VÖEN də X2 adınadır. Bütün məsuliyyət X2 üzərində olduğu halda onun 4000 manat məbləğində cərimələnməsi əsassızdır. İnzibati tənbeh vermə haqqında qərarı 26 avqust 2021-ci il tarixdə əldə etmişdir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə rəisi X16 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 12 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 12.08.2021-ci il tarixli EXP ******* nömrəli protokola baxaraq X12 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilmişdir; EXP ******* nömrəli, 12 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X12 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; 04.10.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X13 (X8 əvəzinə) Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 49 K ünvanında yerləşən ümumi sahəsi 103 kv/m olan qeyri-yaşayış sahəsini X4 icarəyə vermişdir; Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ********** VÖEN ilə “bir pəncərə” prinsipi əsasında qeydiyyata alınmışdır. Hazırki iş üzrə müəyyən olunmuşdur ki, X12 vəzifəli şəxs kimi İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, inzibati tənbeh vermə haqqında qərarda X7 vəzifəli şəxs olaraq hansı vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi göstərilməmişdir. Məhkəmə qeyd edir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər (İXM-in 17-ci madəsi). İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə rəisi X16 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 12 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X7 vəzifəli şəxs kimi həmin tarixdə İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də, bu halı təsdiq edən hər hansı sübut müəyyən olunmamışdır. Belə ki, İXM-in 115-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməlidir. Mübahisələndirilən qərarda İXM-in 115-ci maddəsinin tələbləri pozularaq işə baxılarkən müəyyən edilmiş hallar göstərilməmişdir. Ümumiyyətlə, qərardan X7 törətdiyi inzibati xətanın nədən ibarət olması aydın olmur. İXM-in: 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən tələblərin X12 tərəfindən pozulub-pozulmamasını müəyyən etmək mümkün deyildir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X16 tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və eyni şəxs tərəfindən də həmin gün inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X7 barəsində hər hansı sübut olmadan İXM-in 211.1ci maddəsilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X7 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına ilə bağlı hansı hərəkətə yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş nöqsanlarla bağlı iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X7 barəsində Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə rəisi X16 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 12 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə göndərilməlidir. İXM-in: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə rəisi X16 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 12 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar