Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1914/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 nümayəndəsi və vəkili X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X5 iştirakları ilə, X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, fərdi sahibkar olaraq, ünvan 1 ünvanında “BaY Fateh 1” adlı restoran işlətmişdir. Bununla bağlı zərurət yarandıqca müəyyən sayda işçiləri qanunverciliyin tələblərinə uyğun olaraq rəsmiləşdirərək işə cəlb edirmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Novruz İsmailov və Fazil Əliyevi aşbaz kimi, xx.xx.2022-ci il tarixində Şəbnəm Fətəliyeva və Xeyrulla Kərimlini aşbaz, xx.xx.2022-ci il tarixində Elina Terebilovanı xadimə və xx.xx.2022-ci il tarixində Ayaz Qurbanovu ofisiant kimi işə götürmüşdür. Restoranda işlər yaxşı getməmiş və bu səbəbdən yuxarıda qeyd etdiyi 6 nəfərlə xx.xx.2022-ci il tarixində əmək münasibətlərinə xitam vermişdir. Bundan sonra, restoranda xx.xx.2022-ci il tarixindən xx.xx.2022ci il tarixinədək aşbaz kimi işləmiş Əliyev Fazil şikayət edərək, guya onun onları xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etdiyini bildirmişlər. Şikayəti əsas götürərək, X10 Bakı şəhər idarəsi Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək, İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı qərar ilə 4000 manat cərimələnmişdir. Bununla bağlı bildirir ki, X10 Bakı şəhər idarəsi tərəfindən verilmiş qərarda qeyd edilən şəxslər (Əliyev Fazil, İsmayılov Novruz, Kərimli Xeyrulla, Fətəliyeva Şəbnəm, Terebilova Elina və Qurbanov Ayaz) müvafiq qaydada işə qəbul olunmuşlar və hər biri xx.xx.2022-ci ilə qədər, onlarla əmək münasibətlərinə xitam verilənə kimi, işləmişlər. Qeyd edilən şəxslər “BaY Fateh 1” restoranında, heç vaxt qanunsuz olaraq hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişlər. Yuxarıda qeyd edilən hər bir işçi barədə X6 məlumatlar bunu təsdiq edir. Xüsusi vurğulamaq istəyir ki, qeyd edilən dövr ərzində hər bir işçi üçün qanunvericiliklə nəzərdə tutulan bütün vergilər və sosial təyinatlı ödənişlər vaxtı-vaxtında həyata keçirilib. Göstərilənlərə əsasən, hesab edirəm ki, X15 Xidmətinin Bakı şəhər İdarəsinin 07 iyun 2022-ci il tarixli, MN ******* saylı qərarı əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili X8 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X9 izahatında göstərdi ki, X15 Xidmətinin Bakı şəhər İdarəsinin 07 iyun 2022-ci il tarixli, MN ******* saylı qərarında adları çəkilən işçilərlə bağlı araşdırma aparılmış və nəticədə qeyd edilən şəxslələ əmək müqaviləsi bağlanmadığı aşkar edilmişdir. Əmək müqaviləsinin bağlanmaması X11 öz izahatında da etiraf etmişdir. Bu səbəbdən X11 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qəbul edilən inzibati tənbeh vermə haqqında qərarı əsaslı hesab etdiyini bildirərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan əmək müqaviləsi bildirişləri ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Novruz İsmailov və Fazil Əliyev aşbaz vəzifəsinə, xx.xx.2022-ci il tarixdə Şəbnəm Fətəliyeva və Xeyrulla Kərimli aşbaz vəzifəsinə, xx.xx.2022-ci il tarixdə Elina Terebilova xadimə və xx.xx.2022-ci il tarixində Ayaz Qurbanovu ofisiant vəzifəsinə işə götürmüşdür. 21 aprel 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, işəgötürən X12 xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə xx.xx.2022-ci l tarixdə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Fərdi sahibkar X7 xx.xx.2022-ci il tarixli İzahatından görünür ki, xx.xx.2022-ci il tarixli müraciətinə əlavə olaraq bildirmişdir ki, X13 və digərləri ilə aralarında yazılı Əmək müqaviləsi olmasa da onları qanunvericiliyə uyğun olaraq Elektron informasiya sisteminə daxil etmişdir. xx.xx.2022-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, N.İsmayılov, A.Qurbanov, Ş.Fətəliyeva, X.Kərimli, F.Əliyev, E.Terebilovanın əmək müqavilələri (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X3 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X7 təqsirli bilindiyi inzibati xətaya dair münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin yaranması üçün yazılı şəkildə əmək müqaviləsi bağlanılmalı, bu müqavilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməli, əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı isə X11 ilə N.İsmayılov, A.Qurbanov, Ş.Fətəliyeva, X.Kərimli, F.Əliyev, E.Terebilova arasında əmək münasibətlərinin yaranması, yəni sonuncuların müəyyən işlərin görülməsinə cəlb olunması hallarını müəyyən edilmişdir. Belə ki, işəgötürən X11 tərəfindən qeyd edilən şəxslər barəsində əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilmiş, hər birinin vəzifəsi göstərilmişdir. Eyni zamanda iş materiallarında olan şəxsin yazılı izahatı və məhkəmə iclasında vermiş olduğu izahatla da onunla adları çəkilən şəxslər arasında işəgötürən və işçi arasında yaranan əmək münasibətlərinin mövcudluğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır (İXM-in 12.1-ci maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında haqqında qərarı qanunidir, X11 tərəfindən verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-in 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İXM-in: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1914/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1914/2022
21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver