Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1921/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Təqdim olunan protokoldan və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Nadir Rza-zadənin 12 ay 2025-ci il tarixli qərarından görünür ki, sürücü Şəxs idarə etdiyi “Nissan Mach” markalı **-VY-*** dövlət nömrə nişanlı qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu F.Yusifov küçəsi ilə üzü F.X.Xoyski küçəsi ilə olan kəsişməyə doğru hərəkətdə olarkən X4 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14.38 radələrində oğlu X1 rayonu F.X.Xoyski küçəsi ilə 212 saylı orta məktəb tərəfdən qaçaraq yolun hərəkət hissəsi ilə yolu keçərkən sol tərəfdən ona bərk zərbə dəymiş və onu irəli bir neçə metr atılıb yerə yıxılmışdır. Sonra ətrafda olan tanımadığı insanlar ona yaxınlaşıb köməklik etmişlər və bu barədə ona zəng vurub məlumat vermişlər. Hazırda oğlunu vuran avtomobilin sürücüsü ilə aralarında barışıq əldə edilməmişdir. Şikayətçidir. Məhkəmə, İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/22544 saylı xx.xx.2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 400 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 2013-cü il təvəllüdlü X4 almış olduğu xəsarət-sağ diz oynağının ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması və sıyrığı küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 may 2025-ci tarixli qərarına əsasən Şəxs izahatından görünür ki, 23 aprel 2025-ci il tarixdə saat təxminən 14:38 radələrində o, etibarnamə əsasında idarə etdiyi Nissan Mach markalı ** VY *** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu F.Yusifov küçəsi ilə üzü F.X.Xoyski küçəsi ilə olan kəsişməyə doğru yolun soldan birinci zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olan zaman qəflətən yolun sağ tərəfindən sol tərəfinə doğru qaçaraq yolu keçən cavan oğlan piyadanı görüb avtomobilin əyləc pedalını sıxsa da avtomobilinin qabaq hissəsi ilə cavan oğlanı vurmuş və sonuncu dəyib irəli yerə yıxılmışdır. Sonra o avtomobili irəli verib sağ tərəfdə saxlayıb maşından düşüb ona tərəf yaxınlaşmışdır. Uşaq piyadalar üçün zolaqla yolu keçmirdi. O uşağın yanında iki nəfər qadın var idi. Onlar uşağa heç nə olmadığını demişlər. Sonra həmin qadınlardan biri uşağın anasına zəng vurmuş və o da bildirmişdir ki, 10 dəqiqəyə gələcək.O da bundan sonra uşağın yaxşı olmasına əmin olub və ondan soruşmuş və sonra da avtomobilinə minib sürüb oradan uzaqlaşmışdır.Fladisə zamanı avtomobildə tək olmuşdur. Onun sürücülük vəsiqəsi və avtomobilə aid vəsiqəsi var, lakin üzərində deyil. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 may 2025-ci tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayonu məhkəməsinə göndərilmiş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna və maraqlı tərəfə göndərilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində yüngülləşdirici hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Məhkəmə, işin faktiki halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1921/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1921/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver