Məhkəmə qərarları › İş №3(005)-1923/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1923/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1923/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X18, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli 17 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən X4, X2 və X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin görülməsinə cəlb edilməsi faktı aşkar olunmuş və bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X24 çıxış edərək bildirmişdir ki, X1, X6 və X5 şikayət ərizəsi əsasında araşdırma aparılarkən, Şəxs tərəfindən qeyd olunan şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. Müraciətin araşdırılması məqsədilə Şəxsnə bildiriş göndərilmişdir. İnzibati araşdırma zamanı inzibati xəta hadisəsinin törədilməsi aşkar edildiyindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsini rəhbər tutaraq Şəxs MMC-nin barəsində MN seriyalı ******* nömrəli 17 avqust 2021-ci il tarixli qərardad qəbul edilmiş və İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edildiyindən Protokol və Qərardad materiallarla birlikdə inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X11 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi MMC-nin direktoru X12 hərəkətlərində AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xəta tərkibi yoxdur. X1, X6 və X5 şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını bildirmişdir. Belə ki, qeyd olunan şəxslərin MMC ilə heç bir hüquqi əlaqəsi olmamışdır. MMC-nin direktoru evin təmiri ilə bağlı yalnız X15 ilə əmək müqaviləsi bağlamışdır. Nazim İsayev adlı şəxs digər üç şəxsi əmək fəaliyyətinə cəlb etmişdir. X1, X6 və X5 nə birbaşa, nə də dolayısı ilə MMC ilə əməkdaşlığı olmamışdır. İlyas Namazov bəzən tikinti işlərinin həyata keçirildiyi mənzilə baxış keçirmişdir. Mənzilə baxış keçirəndə evin təmirinin keyfiyyətsiz və düzgün aparılmadığını görmüşdür. Bununla bağlı, həmçinin, evin sahibi də ona 3000 manat məbləğində maddi ziyan dəydiyini bildirmiş və ona dəymiş ziyanın ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, şirkət elə hesab edir ki, işi Nazim adlı şəxs görür. Nazim onları gətirmişdir ki, onun yerinə işləsin. Şirkətin isə bunlardan xəbəri olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nazim və Zahid adlı şəxs MMC-nin əməkdaşıdır. Göstərilənləri nəzərə alaraq MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində qeyd olunan inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 (şikayətçi) çıxış edərək bildirmişdir ki, onu və digər şəxsləri tikinti işlərinə cəlb edən Zahid olmuşdur. Ona bu işi tapan və təşkil edən Zahid idi. Onlar orada 46 gün müddətinə işləmişlər. Bu 46 gün müddətində şirkətin rəhbəri İlyas müəllim ona 1200 manat məbləğində pulu əlbəəl vermişdir. İsayev Nazim adlı şəxsi heç vaxt görməmiş, onunla heç bir iş əlaqəsində olmamışdır. O, bu işdə yalnız Zahid və şirkətin rəhbəri İlyası tanımışdır. 46 gün işlədikdən sonra onlar qovulmuş və qalan əmək haqlarını ala bilməmişlər. Təmir işlərini də qeyd edilənlərin əksinə olaraq, düzgün görmüş və heç bir problem olmamışdır. Daha sonra əmək haqlarını ala bilmədiklərindən şikayətçi olmuşlar. İş üzrə şahid qismində dindirilmiş X15 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxsndə bağlanmış əmək müqaviləsinə əsasən molyar vəzifəsində çalışmışdır. Ailəsində yas mərasimi olduğundan evin təmiri ilə bağlı öz vəzifələrini həmin anda yerinə yetirə bilməmişdir. Zahid adlı tanışından xahiş etmişdir ki, evin təmiri ilə bağlı usta taparaq işə cəlb etsin. Zahid bu işi həll etmişdir. Zahidin tapdığı X9, X6 və X10 onun yerinə yetirməli olduğu işləri görmüşlər. Həmin ərəfədə yaxın qohumunun yas mərasimi olduğundan işlərini başqa şəxslərə gördürmüşdür. Bir müddət sonra evin sahibi işi saxlatdırmışdır. Həmin şəxs demişdir ki, onlar mənzildə işləməsinlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslərlə müqavilə bağlanmamışdı. Şəxs direktoru İlyas Namazovdur. Onun başqa şəxsləri mənzildə əməyə cəlb etməyə dəvət etməsi və ya həmin yerə işçi çağırmağa dair heç bir səlahiyyəti olmamışdı. Həmin işçiləri mənzilə Zahid gətirmişdir. MMC-nin rəhbərliyinin onlarla danışması barədə məlumatlı deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 03.08.2021-ci il tarixli müraciət vərəqələrindən görünür ki, X9, X6 və X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək Şəxsndə işlədiyi müddət ərzində əmək fəaliyyətinə heç bir müqavilə olmadan cəlb edildiyini və işlədiyi müddət ərzində onlara ödənilməmiş əmək haqqının (1000 manat) olduğunu göstərmiş və MMC-nin barəsində qanunamüvafiq tədbirin görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər və məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarının qarşılıqlı tədqiqi nəticəsində əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirib, mövcud sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən X1, X6 və X10 ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktının təsbit edilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 17 avqust 2021-ci il tarixli protokol ilə müəyyən olunan inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmış və bu halın həqiqiliyi mübahisə doğurmur. Belə ki, məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi izahatında Şəxs MMC-nin direktoru İlyas Namazovun bəzən tikinti işlərinin həyata keçirildiyi mənzilə baxış keçirdiyini və mənzilə baxış keçirərkən evin təmirinin keyfiyyətsiz və düzgün aparılmadığını gördüyünü bildirmişdir ki, məhz bu hal özü İlyas Namazovun təmir işlərini kimlərin aparmasından xəbərdar olmasını, aparılan təmir işlərini MMC-nin direktoru kimi nəzarətdə saxlamasını təsdiq edir. Bununla yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 da öz izahatında MMC-nin direktoru İlyas Namazovun ona 1200 manat məbləğində pulu əlbəəl verdiyini təsdiq etmiş və Nazim İsayevi tanımadığını bildirmişdir. Öz növbəsində X15 da izahatında ailəsində yas mərasimi olduğundan evin təmiri ilə bağlı öz vəzifələrini həmin anda yerinə yetirə bilmədiyini, Zahid adlı tanışından evin təmiri ilə bağlı usta taparaq işə cəlb etməsini xahiş etdiyini, Zahidin isə bu işi həll etdiyini bildirmişdir ki, bu da MMC-nin nümayəndəsinin “Nazim İsayevin öz öhdəsinə düşən təmir işlərini yerinə yetirməsi üçün X9, X6 və X8 əmək fəaliyyətinə cəlb etməsi”nə dair göstərdiyi dəlilin əsassız olmasına və hər hansı sübuta söykənmədiyinə dəlalət edir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq MMC-nin nümayəndəsi X3 adlı şəxsin MMC-nin əməkdaşı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Yuxarıda qeyd olunan halları və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, Şəxs MMC ilə mənzilin təmir edilməsinə dair müqavilə bağlamış şəxsin mənzilində aylarla təmir getdiyi və MMC-nin direktorunun həmin mənzilə gedərək təmirə nəzarət etdiyi, əmək müqaviləsi olmadan işlərin aparılmasına cəlb edilmiş şəxsləri işə cəlb etmiş (Nazim İsayevin izahatına əsasən) Zahid adlı şəxsin MMC-nin hazırda da əməkdaşı olduğu halda MMC-nin direktoru İlyas Namazovun təmir işlərini Nazim İsayev tərəfindən deyil, başqa şəxslər tərəfindən aparılmasından xəbərinin olmaması qeyri-mümkündür ki, bu da MMC-nin nümayəndəsinin göstərdiyi xüsusatların MMC-nin inzibati məsuliyyətə cəlb edilməkdən yayınmasına nail olmaq məqsədi ilə göstərilməsini təsdiq edir. Beləliklə, məhkəmənin qənaətinə görə Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozularaq, yəni əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə olmadan fiziki şəxslər X9, X6 və X5 müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 146 və 147-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar