Məhkəmə qərarları › İş №3(005)-1931/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1931/2023

25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1931/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar vəsiqənin dəyişdirilməsi üçün 07 iyun 2023-cü il tarixdə ASAN 2 xidmət Mərkəzinə müraciət edərkən DİN-nin BDYPİ-nin əməkdaşı 2019-cu ildən 2022-ci ilədək olan müddətdə Bakı Nəqliyyat Agentliyi tərəfindən onun adına rəsmiləşdiirlmiş Nissan X-Trail markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22 dəfə inzibati cərimənin tətbiq edilməsi ilə bağlı elektron sisteminə məlumat daxil etməsi səbəbindən cərimələrin ödənilmədiyi halda vəsiqənin dəyişdirilməsi mümkün olmadığını bildirdi. Bu məsələni araşdırmaq üçün həmin tarixdə Bakı Nəqliyyat Agentliyinə ərizə ilə müraciət edərək idarə etdiyi avtomobil ilə əlaqədar barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarların ona təqdim edilməsini xahiş etdi və həmin gün BNA-nın əməkdaşı ona ofis kağızında çap formasında BNA-nın WEB portalından 23 ədəd qərarların surətlərini ona təqdim etmişdir. Göründüyü kimi, Bakı Nəqliyyat Agentliyi xx.xx.2020-ci il tarixli «inzibati tənbeh vermə haqqmda» ******* saylı Qərarı qəbul edərkən qanunun bir sıra tələbləri pozulmuşdur. Belə ki, onun internet informasiya resursunda yaradılan elektron kabinetinin olmaması, istifadəsində olan mobil telefon nömrəsinə elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə SMS məlumatın daxil olmaması, İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq qeydiyyatda olduğu ünvana göndərilmədən ona və ya onunla yaşayan yetkinlik yaşına çatmış şəxsə şəxsən verilməməsi, xx.xx.2020-ci il tarixdə iştirakı olmadan qəbul olunmasına baxmayaraq öz təşəbbüsü əsasında ona yalnız xx.xx.2023-cü il tarixdə çatdırılması onu dəlalət edir ki, qeyd olunan qərar əsassız və qanunsuzdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə qeyd edir ki, elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Göründüyü kimi törədilməsi ehtimal edilən X2 əməli üzrə tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qərara alındığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə görə, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbayan Respublikasının 16 dekabr 2022-ci il tarixli Qanununa əsasən həmin Məcəllənin 122.1-ci maddəsində “346.3” rəqəmləri “346” rəqəmləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İXM-in 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qeyd edir ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin vaxt qüvvədə olan maddələrini pozmaqla sənədləşdirildiyindən sübuta yetirilmir. Məhkəmə, həmçinin hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı inzibati iş üzrə icraat aparan orqan tərəfindən inzibati xətalara dair hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz sayılmalıdır. Qanunsuz qərar isə heç bir hüquqi nəticə doğura bilməz və hər bir halda ləğv olunmalıdır. Məhkəmə, elə buna görə də, həmin qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı lazım bilmir. Çünki, müddət institutu əsas etibarilə inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarının hüquq və qanuni mənafelərinin qorunmasına yönəldiyindən o, hüquq normalarının pozulması ilə qəbul edilmiş və qanunsuz olması müəyyən edilmiş qərarın ləğv edilməsinə mane olan hal kimi şərh edilə bilməz. Bunun əksi, qanunsuz olduğu təsbit edilən qərarın qüvvədə qalmasına səbəb ola və icraatın ədalətliliyinə xələl gətirə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən formalaşdırılan hüquqi mövqe də buna uyğundur. Belə ki, Məhkəmə öz qərarlarında dəfələrlə göstərmişdir ki, prosessual qaydaları tətbiq edərkən məhkəmələr icraatın ədalətliliyini pozacaq həddən artıq formallıqdan çəkinməlidirlər (Valçli Fransaya qarşı, 2007, § 29; Evaggelou Yunanıstana qarşı, 2011, § 23). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar