Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1931/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X2, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsinin nümayəndəsi X3 iştirakları ilə, X2 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 19 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 19 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində göstərmişdir ki, ona 08 iyun 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokola əsasən 04 iyun 2024-cü il tarixdə Nərimanov rayonu, Ağaoğlu küçəsində nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla bağlı İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə protokol tərtib edilmiş və 150 manat məbləğində cərimə edilməsi barədə 19 iyun 2024-cü ildə tarixli qərar qəbul edilməklə elektron kabinetə yerləşdirilmilşdir. X4 qeyd etmişdir ki, qərarla razı deyil, hesab edir ki, barəsində qəbul edilmiş həmin qərar qanunsuzdur, İXM-nin tələblərinə ziddir və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, qayda pozuntusu ilə bağlı Bakı şəhər X9 İdarəsinin əməkdaşı ona zəng vuraraq idarəyə gəlməsini xahiş etmiş, o da öz növbəsində qanunun tələbini onun diqqətinə çatdırmaqla bildirmişdir ki, əgər qayda pozuntusu törətmişdirsə və bu kamera vasitəsilə qeydə alınmışdırsa, müvafiq qərarı həmin gün qəbul edərək onun şəxsi kabinetinə yükləsinlər, bununla bağlı vətəndaşı idarəyə dəvət etmək qeyri-prosesual hərəkətlərə yol vermək deməkdir və qanuna ziddir. Bundan sonra 08 iyun 2024-cü il tarixli İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən tərtib edilmiş protokol 08 iyun 2024-cü il tarixdə onun şəxsi kabinetinə yerləşdirilmişdir. X4 qeyd etmişdir ki, inzibati xətanın törədildiyi gündən bir neçə gün sonra barəsində inzibati xəta haqqında müvafiq protokol tərtib edilmiş və 10 gün sonra da qanunsuz olaraq qərar qəbul edilməklə məsuliyyətə cəlb edilmişdir. Həmin qərar tam əsassızdır. Yekunda inzibati tənbeh vermə haqqında qərarın əsassız və qanunsuz qəbul edildiyinə görə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 çıxış edərək bildirmişdir ki, o 04 iyun 2024-cü il tarixdə cərimə edilmiş, lakin bildiriş ona 08 iyun 2024-cü il tarixdə gəlmişdir. X4 qeyd etmişdir ki, yoldaşının avtomobili etibarnamə ilə onun adınadır, lakin o, avtomobil idarə etmir və sürücülük hüququ yoxdur. X4 qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən qərəzli mövqe sərgilənmişdir və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X6 çıxış edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 19 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X4 nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 19 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 04 iyun 2024-cü il tarixdə İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsinin nümayəndəsi X6 tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilən avtomobili ümumiyyətlə X4 deyil, həmin nəqliyyat vasitəsini kişi cinsindən olan bir şəxs idarə edir. Belə olan halda şikayət vermiş şəxsin qeyd edilən inzibati xətaya ümumiyyətlə aidiyyəti yoxdur İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 19 iyun 2024-cü il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X2 Bakı şəhər X9 İdarəsinin 19 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat cərimə edilməsinə dair Bakı şəhər X9 İdarəsinin 19 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1931/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1931/2024
02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver