Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1933/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, 4500 azn cərimələnmişdir. Qərarı etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə DƏMX inzibati binasında xx.xx.2024-cü il tarixdə almışdır. Barəsində tərtib olunan protokol və qərar tam qanunsuzdur və ləğv edilməlidir. Qərarda müəyyən edilib ki, o, Qulu Cəbrayılovu sahibkarı olduğu müəssisədə əmək müqaviləsi olmadan işlətmişdir və bununla da inzibati xətaya yol vermişdir. Etibarnamə üzrə nümayəndəsi Pərvin Abbasov DƏMX-də olmuş, müəyyən sorğular vermiş, inzibati icraatın aparılmasına və cərimənin yazılmasına əsas verən sənədlərin surətləri ilə tanış olmuşdur. X6 Bakı şəhər idarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, vətəndaş Qulu Cəbrayılov sahibkarı olduğu müəssisədən çıxarılması ilə bağlı DƏMX-ə şikayət ərizəsi ünvanlayıb. Həmin iş üzrə zəruri sənədləri təqdim etmişlər və xitamda hansısa qanunsuzluq olmayıb. Lakin DƏMX əməkdaşı Şəhla Həsənzadə mahiyyəti üzrə araşdırma aparmayıb və onu İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilmiş, nəticədə İXM 192.1-ci maddəsinə əsasən protokol tərtib etmişdir. Bildirir ki, vətəndaşın müraciəti üzrə İXM-nin 192.1-ci maddəsinin tətbiqi qanunsuzdur və əməlində həmin maddənin əlamətləri mövcud deyil. Barəsində tərtib olunmuş protokol və qərarda Qulu Cəbrayılovu əmək müqaviləsi olmadan işlərə cəlb etdiyi göstərilib. Halbuki təqdim edilmiş əmək müqaviləsi bildirişindən aydın görünür ki, həmin şəxsi xx.xx.2023-cü il tarixdə mehmanxanaya aşpaz peşəsi üzrə işə qəbul etmişdir. Həmin tarixdən əmək haqqı hesablamış və ödəmişdir. Sistemə müəyyən üzürlü səbəblərə görə isə bir gündən sonra qeyd etmişdir. DƏMX bütün işəgötürənlərə bir ay geriyə icazə verir ki, hansısa səbəbə görə sistemə giriş mümkün olmadıqda bu məsələ nəzərə alınacaq. Həmin şəxsi müqavilə olmadan işlətmək kimi niyyəti olmayıb və əməlində inzibati xətanın tərkibi yoxdur. Barəsində apaılan inzibati icraat ümumiyyətlə qanunzdur. Protokolun tərtib edilməsinə əsas verən fakt kimi, tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişinə əsaslandığı göstərilib. Bildirişdə işçini xx.xx.2023-cü il tarixdə sistemə vurduğu göstərilib. İşçi ilə müqavilə xx.xx.2023-cü il tarixdən bağlanılıb və həmin tarixdən işə başladığı qeyd edilib. Bütün məcburi ödənişlər də xx.xx.2023-cü il tarixdən hesablanıb və ödənilib. Qeyd etdiklərinin nəzərə alınaraq DƏMX Bakı şəhər İdarəsi tərəfindən, barəsində tərtib xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş X5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə şikayət vermiş X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X7 izahatında göstərdi ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X2 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. X1 Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Şikayət tamamilə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxsin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, vətəndaş X3 xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvəyə minmədən “aşpaz” vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Portaldan çıxarışdan görünür ki, X3 ilə bağlanmış xx.xx.2023-cü il tarixli müddətsiz əmək müqaviləsi elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixdə daxil edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən X5 tərəfindən əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə əmək müqaviləsinin bağlanıldığı gündən 1 (bir) gün sonra daxil edilmiş, işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsinin bildirişi, habelə iş üzrə araşdırılmış digər sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən X5 ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bildirişi xx.xx.2023-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdə olan sübutlarla müəyyən olunur ki, X3 əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilməmişdən əvvəl işlərin (xidətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X6 Xidmətinin Bakı Şəhər İdarəsi X5 tərəfindən işçilərin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsinə dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X5 barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X5 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər.
Hakim Vüsal Qurbanov