Məhkəmə qərarları › İş №3(005)-1946/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1946/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1946/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayətçi Süleymanova Könül Süleyman qızının iştirakı ilə, Süleymanova Könül Süleyman qızının Bakı şəhəri Xətai RPŞ-nin 34-cü PB-nin RVMİE polis mayoru X1 MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Süleymanova Könül Süleyman qızı Bakı şəhəri Xətai RPŞ-nin 34-cü PB-nin RVMİE polis mayoru X1 MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Süleymanova Könül Süleyman qızı şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İzahatında göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə özünü pis hiss etmiş, hamilə olduğu üçün bu vəziyyətindən çox narahat olmuşdur. Uşağını itirmə təhlükəsini düşünərək dərhal müayinədən keçmək üçün tibb mərkəzinə getmişdir. SMS-lə icazə almağa cəhd etsə də, həyəcanlı olduğundan bunu edə bilməmişdir. Sağlamlığına təhlükə yarandığı üçün SMS məlumat göndərmədən həkim müayinəsindən keçmək üçün evdən çıxmalı olmuşdur. Bu zaman yolda onu polis əməkdaşları saxlamış, karantin rejimi qaydasını pozduğunu bildirmişlər. Tibbi müayinə sənədlərinə və hamilə olmasına baxmayaraq polis əməkdaşı tərəfindən onun barəsində xx xxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra icra xidmətindən ona cərimə olunması bildirilmişdir. Onun tərəfindən karantin rejiminin heç bir tələbi pozulmamışdır. Hamilə vəziyyətində uşağını itirmək qorxusu və sağlamlığına təhlükə olduğu üçün o, düşünmədən dərhal həkimə getmiş və SMS icazə almağa vaxtı olmamışdır. Barəsində əsassız olaraq qəbul edilmiş inzibati cərimə tətbiq edilməsinə dair qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPŞ-nin 34-cü PB-nin PŞ-nin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Süleymanova Könül Süleyman qızı həmin tarixdə saat 11:00-da karantin rejimi qaydalarını pozmuşdur; Bakı şəhəri Xətai RPŞ-nin 34-cü PB-nin RVMİE polis mayoru X2 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Süleymanova Könül Süleyman qızı xx xxxxx 2020-ci il tarixdə karantin rejimi qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Süleymanova Könül Süleyman qızının məhkəməyə təqdim etdiyi “Diaqnoz” tibb mərkəzi tərəfindən verilmiş arayışlardan görünür ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 10:48-dən 13:18-ə qədər həmin tibb mərkəzində olmuş və müxtəlif analizlər verərək cavablarını əldə etmişdir. Həmçinin təqdim edilən xx.xx.2020-ci il tarixli USM müayinəsinin (3D Vision formatda) fotoşəkil və müayinə nəticələrindən göründüyü kimi, Süleymanova Könül Süleyman qızı hamilə qadın kimi göstərilən müayinədən keçmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli, 124 nömrəli Qərarının: 1-ci bəndinə əsasən x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilmiş və qərarla müəyyən olunmuş şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilmişdir; 1.4-cü bəndinə əsasən bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar; 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməli və şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. 1.8-ci bəndinə əsasən həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. İXM-in 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya gigiyena və karantin rejimlərinin pozulması əməli inzibati xəta kimi müəyyən edilmişdir. Həmin əmələ görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən hərəkət məhdudiyyətlərinin Süleymanova Könül Süleyman qızı tərəfindən pozulması müəyyən olunmamışdır. Belə ki, təqdim edilən sənədlərdən və Süleymanova Könül Süleyman qızının məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, xx xxxxx 2020-ci il tarixdə onun hamiləlik vəziyyətində təhlükə yarandığı üçün təcili həkim müayinəsindən keçmək zərurəti yaranmış, bu səbəbdən o, SMS icazə almadan dərhal tibb mərkəzinə getmiş və həmin günü saat 10:48dən 13:18-ə kimi həkim müayinəsində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli, 124 nömrəli Qərarının 1.8-ci bəndinin məzmunundan da məlum olduğu kimi, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai RPŞ-nin 34-cü PB-nin PŞ-nin polis sahə inspektoru X3 tərəfindən Süleymanova Könül Süleyman qızının İXM-in 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilərkən onun hamilə vəziyyətində olması və sağlamlığı üçün təhlükə yaranması nəzərə alınmamış və bu barədə məlumatlar yoxlanılmadan, təqdim edilən tibbi sənədlərə əhəmiyyət verilmədən əsassız olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmçinin qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarda Süleymanova Könül Süleyman qızının karantin rejimini pozması göstərilsə də, bu pozulmanın konkret olaraq özünü nədə ifadə etməsi açıqlanmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini əsaslı surətdə pozmuş, Süleymanova Könül Süleyman qızının hamilə vəziyyətində sağlamlığına təhlükə yarandığı halda SMS məlumat göndərmədən həkim müayinəsinə getmə hüququ olduğu halda, barəsində İXM-in 211-ci maddəsi ilə əsassız olaraq tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və bununla da onun hüquqlarını pozmuşdur. Məhkəmə qeyd edir ki, Süleymanova Könül Süleyman qızının əməlində İXM-in 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Süleymanova Könül Süleyman qızının İXM-in 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İXM-in: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Süleymanova Könül Süleyman qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Xətai RPŞ-nin 34-cü PB-nin RVMİE polis mayoru X1 MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar