Məhkəmə qərarları › İş №3(005)-1948/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1948/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1948/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4, X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 iyun 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 23 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2022-ci il tarixdə saat 15:45-də Bakı şəhəri, A.Nemətulla 23 ünvanında Yasamar Rayon Məhkəməsinin 2(004)- 1510/2015 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixə yığılmış 7250 manat məbləğində aliment borcu Şəxs tələb olunmuş, lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə, barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 23 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1510/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs xx.xx.2015-ci ıl tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat məbləğində aliment tutularaq X1na ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2015-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. İcraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclu tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, icra sənədi icraata daxil olduqdan sonra aliment borcu yarandığı üçün borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, borclunun əmlakı üzərinə həbs qoyulmuş, 2017-ci ildə aliment borcu ödənildikdən sonra məcburi icra tədbirləri ləğv olunmuşdur. X1 rəsmi qaydada ərizə ilə şöbəyə müraciət edərək 3850 manat aliment borcunun yarandığını, borclu tərəfindən alimentin tam ödənilmədiyini, maddi durumunun ağır olduğunu, bu səbəbdən borclu barəsində zəruri icra hərəkətlərinin həyata keçirilməsini xahiş etmiş, borclu Şəxs icra sənədində qeyd edilən ünvanda yaşamadığı üçün barəsində axtarış elan edilmiş, xx.xx.2019cu il tarixdə şəxsiyyəti ilə birlikdə Şöbəyə təhvil verilmiş, həmin gün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuş, tələbkar 1500 manat aliment ödəniləcəyi təqdirdə qalıq borcun hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsinə etiraz etmədiyi üçün inzibatı xəta haqqında protokolun geri qaytarılması barədə məhkəməyə müraciət olunmuş və bu barədə qərar qəbul olunmuşdur. Lakin borclu verdiyi vədə əməl etməmiş, onunla əlaqə yaratmaq mümkün olmamış, bu səbəbdən xx.xx.2020-ci il tarixdə barəsində təkrar olaraq axtarış elan edilmiş və xx.xx.2022-ci il tarixdə şəxsiyyəti ilə birlikdə Şöbəyə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə borcludan izahat alınmış, borclu işləmədiyini, maddi durumunun ağır olduğunu, 2021-ci ildə 1700 manat aliment ödədiyini, aliment öhdəliyindən yayınmadığını, ağır xəsarət alması səbəbindən uzun müddət səhhətində problemlər olduğunu, iş tapmaqda çətinlik çəkdiyini, 7250 manat aliment borcundan hal-hazırda 500 manat ödəyə bildiyini, borcunu tam ödəyə bilmədiyini izahatında qeyd etmişdir. İcra sənədi araşdırılarkən borclu Şəxs xx.xx.2022-ci il tarixə 7250 manat məbləğində aliment borcunun yarandığı müəyyən olunmuşdur. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 7250 manat aliment borcu vardır. Borcunu ödəməkdən yayınır. 2 ilə yaxın müddətdir ki axtarışdadır. Barəsində ən ağır inzibati tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXMin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, üzərinə düşən öhdəliyin məsuliyyətini və uşağı saxlamağın onun vəzifəsi olduğunu başa düşür. Lakin, maddi imkanının olmamasından dolayı aliment borcunu ödəyə bilmir. Borcunu ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal Rayon Məhkəməsinin 2(004)-1510/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat məbləğində aliment tutularaq X1na ödənilməlidir; “İcraata başlamaq haqqında” 29 may 2015-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 8091-13 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Yasamal Rayon Məhkəməsinin 2(004)-1510/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Həmçinin, müvafiq qərar və bildiriş Şəxs tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafından başqa, tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi xətanı etiraf etməsini əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarların mənafeyini, icra edilməyən öhdəliyin azyaşlı uşaqların mənafeyi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 iyun 2022-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar