Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1949/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X5, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Tərcüməçi- X4 iştirakları ilə, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, avtoyuyucu işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 31 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 26.08.2021-ci il tarixdə saat 18:30 radələrində Ə.Orucəliyev küçəsi 7 ünvanında yerləşən Araz marketdən 150 AZN dəyərində Çivas viskisini oğurlamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X9 protokola uyğun çıxış edərək bildirmişdir ki, 30.08.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 RPİ-nin 18-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 26.08.2021-ci il tarixdə saat 18:13 radələrində administrator olduğu Ə. Orucəliyev küçəsi 7 ünvanında yerləşən "Araz" marketə daxil olan şəxs vitrindən 150 manat dəyərində "Civas" markalı viskini oğurlamışdır. 30.08.2021-ci il tarixdə həmin şəxs yenidən marketə gəldikdə onu saxlayıb polisə məlumat vermişdir. K.Əliyev oğurluq əməlini törədən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məlumat qeydə alındıqdan sonra araşdırma aparılmış, hadisəni törətməkdə Şəxs şübhəli şəxs qismində tanınmışdır. Hadisə nəticəsində dəymiş zərər 150 manat məbləğindədir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinə əsasən baş vermiş hadisəyə o zaman cinayət hüquqi qiymət verilir ki, zərərçəkmiş şəxsə 500 manat məbləğində ziyan dəymiş olsun. X7 Məcəlləsinin 227-ci maddəsinə əsasən talanmış əmlakın dəyəri 500 (beş yüz) manatdan yuxarı olmadıqda, bu xırda talama hesab edilir. Bununla da törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətmədiyini və barəsində tərtib edilmiş protokola etiraz etdiyini bildirmişdir. Qeyd etmişdir ki, o avtoyuyucu kimi işləyir. O, heç bir oğurluq etməmişdir. Həmin şəxslər ona marketin müşahidə kamerasından olan videogörüntüləri göstərsə də onlara da bildirmişdir ki, o, şəxs ona bənzəsə də, həmin şəxs o deyildir. O, 26.08.2021-ci il tarixdə həmin saatlarda işdə olmuşdur. Belə ki, işlədiyi yerin mühafizə kameralarında da həmin tarixə münasibətdə videogörüntülər vardır ki, o, həmin saatlarda işdə olmuşdur. Həmin videogörüntüləri məhkəməyə təqdim edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən hazırki inzibati xəta haqqında protokolda qeyd olunan pozuntunu törətməsinə dair polis idarəsinin gəldiyi nəticə əsassız olmuş, sonuncunun hərəkətlərində xırda talama əməlinin olması öz təsdiqini tapmamışdır. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31.08.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati qaydada tutma haqqında 30.08.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 30.08.2021-ci il tarixdə saat 22:50-də şübhəli şəxs qismində tutulmuşdur. Səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi 01 ədəd diskdən görünür ki, marketdə bir nəfər şəxs "Civas" markalı viskini vitrindən götürərək vitrinin olduğu məkanda dövrə vurub ətrafa baxdıqdan sonra oradan uzaqlaşmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə təqdim etdiyi 01 ədəd diskdən görünür ki, 26.08.2021-ci il tarixdə saat 18 radələrində zahiri görünüş əlamətləri Şəxs bənzəyən şəxs avtoyuma məntəqəsində əmək fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə məhkəmə araşdırılması inzibati xəta haqqında protokollara əsasən Şəxs istinad edilən xırda talama əməllərinin onun tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş videomateriallara baxış keçirilərək müəyyən edilmişdir ki, hadisə törədilən gün, yəni 26 avqust 2021-ci il tarixdə saat 18:13 radələrində barəsində inzibati icraat aparılan şəxs Şəxs avtoyuma məntəqəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin səlahiyyətli orqan tərəfindən təqdim edilmiş videogörüntüyə münasibətdə məhkəmə qeyd edir ki, videogörüntüdə olan şəxs zahiri əlamətlərinə görə Şəxs oxşar olsa da, lakin onların eyni şəxs olmadığına dəlalət edən kifayət qədər fərqləndirici əlamətlərin olmasını aşkar surətdə görmək mümkündür. Bununla da məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən fakta görə əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan hallardan biri də inzibati xəta törətmiş şəxsin müəyyən edilməsidir. Göründüyü kimi xırda talama əməlinin baş verdiyi zaman, yəni 26.08.2021-ci il tarixdə saat 18:13 radələrində Şəxs əmək fəaliyyətini həyata keçirdiyi avtoyuma məntəqəsində olmuşdur. Beləliklə məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs qeyd edilən inzibati xətanın törədilməsinə aidiyyəti olmadığına görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 5 iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclasının zalından azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 5 iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1949/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1949/2021
01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver