Məhkəmə qərarları › İş №3(005)-1958/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1958/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1958/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədovun 06 may 2024-cü il tarixli qərarından və 21 iyun 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 12.46 radələrində o etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu Ağa Neymətulla küçəsi ilə hərəkətdə olan zaman piyada keçidinə daxil olmuş piyada X2 yol verməyib vuraraq ona yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 12:46 radələrində o etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ilə Çernyayevski küçəsi istiqamətində üzü H.Əliyev prospekti istiqamətində saatda 30 km sürətlə düzünə hərəkət etmişdir. O idarə etdiyi avtomobillə piyada keçidinə çatan zaman piyada qadın qəflətən qarşısına çıxmış və bu zaman o, əyləci sıxsada, nəticə də idarə etdiyi avtomobilin sol yan güzgüsü piyada qadına toxunmuşdur. Bundan sonra o avtomobildən düşüb həmin qadına yaxınlaşaraq xəsarət alıb almamasını soruşmuş və ona xəstəxanaya getməyini təklif etmişdir. Lakin qadın onun bu təklifindən imtina edib, oradan uzaqlaşmışdır. O da xanımın getdiyini görüb onun ciddi problemi olmadığını nəzərə alıb oradan uzaqlaşmışdır. Hadisə zamanı avtomobilində adını bilmədiyi sərnişin olmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olaraq anasının maddi xərclərini qarşılayır. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alıb barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı vətəndaş X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:40 radələrində o piyada qismində Nərimanov rayonu A.Neymətulla küçəsində pyiada keçidi ilə avtomobil yolun sağ tərəfindən sol tərəfinə keçən zaman ağ rəngli dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobil sol yan hissəsi ilə onu vurmuşdur. Bundan sonra sürücü ona yaxınlaşıb xəstəxanaya getməsini ona təklif etmişdir. O imtina edib evə getmişdir. Bundan sonra anası DİN 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Hadisə zamanı o bədən xəsarəti almışdır. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Ərşad Məmmədov tərəfindən tərtib edilmiş HK 2№ 8571/102-7271/ nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:02-də DİN-in 102 Xidməti-Zəng Mərkəzinə müraciət edən vət. Şəxs məlumat verərək, 2 gün əvvəl markalı ** FZ *** nömrəli maşını idarə edən zaman naməlum qadına dəyməsi, qadının şikayətçi olmayacağını deməsi, lakin daha sonra hadisə günü Toğrul Məmmədov adlı baş tədqiqatçının onu Nərimanov RPİ-nə dəvət etməsinə və qadının onun barəsində şikayət deyərək maşını duracağa yerləşdirməsinə, şikayət ərizəsi ilə tanış olmağa icazə verməməsinə və işi məhkəməyə göndərəcəyini deməsinə narazılığını bildirdi. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/21631 saylı xx.xx.2004-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 429 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlərsol saidin aşağı üçdə birinin ön səthində və sol mil bilək oynağının ön səthinin sıyrıqları, ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının sirkulyar şişkinlik halında əzilməsi-flukuasiya edən hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 may 2024-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sürücü Sadıqov Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin (Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa vo ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar