Məhkəmə qərarları › İş №3(005)-1964/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1964/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1964/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş 20 iyun 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 483-cü maddəsi üzrə tərtib olunmuş 20 iyun 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə ümumilikdə 6000.00 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından Özbəkistanda fəaliyyət göstərən şirkətlə arasında bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, 6000.00 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 20 iyun 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə ümumilikdə 6000.00 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından Özbəkistanda fəaliyyət göstərən şirkətlə arasında bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, 6000.00 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin qərarda qeyd edilir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının mahiyyətinə görə, qaydalarda və ya maddələrdə inzibati xəta müəyyən olunmuş müddətlərdən sonra yaranırsa, müddət axımı müəyyən olunmuş müddətin növbəti günündən başlayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi “Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması” adı ilə “Gömrük qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi onun dispozitiv şərtlərinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması nəticəsində yaranır. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti onun törədildiyi gündən ən geci 1 il ərzində müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən məhsullar xx.xx.2022-ci il tarixdə ixrac olunmuş və bu barədə eyni tarixli gömrük bəyannaməsi tərtib olunmuşdur və “Valyuta tənzimi haqqında” Qanuna əsasən göndərilmiş mala dair vəsait 180 gün (6 ay) ərzində yəni müvafiq olaraq 13 iyun 2023-cü il tarixədək müvəkkil banka köçürülməli olduğu halda bu baş verməmişdir. Göründüyü kimi, "xxxx" MMC xx.xx.2022-ci il tarixdən 180 gün ərzində, yəni xx.xx.2023-cü il tarixədək ixrac etdiyi məhsulun dəyəri olan 6000 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsinin baş verdiyi (törədildiyi) xx.xx.2023-cü il tarixdən hazıradək bir ildən artıq bir müddət keçmişdir. Lakin, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi vaxtdan bir il müddətdən artıq keçdikdən sonra, yəni 20 iyun 2024-cü ildə tərtib edilmişdir. Bu halda isə hüquqi şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə məhkəmə göstərilənlərə əsasən və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 48-55, 105, 114-118,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar