Məhkəmə qərarları › İş №3(005)-1969/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1969/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1969/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət verən şəxs X7 vəkili X1, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X7 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 Xidməti xx.xx.2023-cü il tarixdən hal-hazırki tarixədək guya vətəndaş X8 Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə İXM-nin 192.1-ci maddəsinə əsasən vəzifəli şəxs olaraq 4000 (dörd min) manat cərimə edilməyi barədə xx.xx.2024-cü il tarixli, ******* N-li inzibati tənbeh verə haqqında qərar vermişdir. Paralel olaraq X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, 22 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-1295/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Barəsində tərtib edilmiş sözügedən qərar ünvanına göndərilsə də uzun müddət həmin qərar poçtla gəlib ona çatmadığından Dövlət Xidmətinə geri qayıtmışdır. Yalnız bundan sonra "xxxx" MMC-nin məsələsi inzibati qaydada araşdırmada olarkən nümayəndəsi olmuş Rahim Rəhimxanov adlı əməkdaşı vasitəsi ilə 21 iyun 2024-cü il tarixdə əldə edib. Barəsində qəbul edilmiş sözügedən qərarı tamamilə qanunsuz və əsassız hesab etməklə onun ləğv edilməsini zəruri hesab edir. Belə ki, həmin qərarda vəzifəli şəxs olaraq İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin tərəfindən hansı şəkildə törədilməsi barədə heç bir əsaslandırma aparılmamış və sübut edilməmişdir. Onun adıkeçən şəxsin hansı işlərə və hansı üsul-vasitə ilə cəlb etdiyinə dair heç bir sübut və dəlil göstərilməmişdir. Bununla da hesab edir ki, həm qərar qanunsuz və əsassız qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 vəkili və nümayəndəsi X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 izahatında göstərdi ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin direktoru X13 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X8 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də X13 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Şikayət tamamilə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, vətəndaş X11 xx.xx.2023-cü il tarixdən hal-hazırkı tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1295/2024 saylı, 24 may 2024cü il tarixli qərarından görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 22 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, həmin protokola dair inzibati xəta haqqında iş üzrə icraata "xxxx" MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X7 20 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, onun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Hazırki şəraitdə iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMCnin rəhbəri X13 işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin əməlin hüquqi şəxs "xxxx" MMC tərəfindən törədilməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 3(005)-1295/2024 saylı qərarı ilə həmin inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə aydın olur ki, X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsindən ibarət eyni əmələ görə iki subyektin, yəni həm hüquqi şəxs, həm də onun vəzifəli şəxsi məsuliyyətə cəlb edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə, indiki vəziyyətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 3(005)-1295/2024 saylı qərarı ilə X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə "xxxx" MMC-nin barəsində tərtib edilmiş protokol üzrə inzibati xəta tərkibi olmadığından icraata xitam verilməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 3(005)-1295/2024 saylı qərarının qanuni qüvvəsini almasını və həmin qərarın hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X7 əməlində inzibati xəta tərkibi olmadığından, onun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X12 tərəfindən qəbul edilmiş 20 may 2024cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X7 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X7 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X12 tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar