Məhkəmə qərarları › İş №3(005)-1969/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1969/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1969/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətdə bildirmişdir ki, o, şəxsi mülkiyyətində olan **-TC-*** dövlət nömrə nişanlı, “Daewoo Lacetti” markalı minik avtomobilini texniki baxışdan keçirərkən ona məlum olmuşdur ki, barəsində müxtəlif inzibati cərimə protokolları tərtib olunmuş və guya o həmin cərimə protokollarını icra etməmişdir. Halbuki o avtomobibli nasazlığa görə əksər hallarda idarə etməmişdir. Tərtib olunan inzibatı xəta haqqında protokollardan da görünür ki, eyni cəza təkrar olunub. Buna baxmayaraq barəsində xx.xx.2021-cü il, EQ ******* saylı protokolla İnzibati Xətalar Məcəlləsinin 339.1 -339.1 -1 -ci maddələrinə əsasən 50 manat cərimə edilmişdir. Tərtib olunan protokolun heç biri ona qanunvericiliyə uyğun şəkildə göndərilmədiyindən məlumatsız olmuşdur. Nəticədə şikayət vermə, yaxud da həmin protokol üzrə edilən cərmənin vaxtında ödənilməsini həyata keçirə bilməmişdir. Barəsində tərtib olunan həmin inzibatı cərimə barədə protokol ona 3 ildən sonra təqdim olunub. Onun bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 etdiyi şikayətinə imtina cavab verilirək bilidrilib ki, şikayət etmə müddətini bitirdiyindən baxılması mümkün deyil. Həmin avtomobili idarə etmədiyi halda barəsində inzibatı xətanın törədilməsi haqqında protokolda nəzərdə tutulan cəza ədalətsiz və qeyri-qanunidir. Həmçinin tərtib edilmiş protokol ona qanunvericiliyin tələblərinə uyğun şəkildə təqdim olunmayıb. Ona görə də hesab edir ki, barəsinddə xx.xx.2021-cü il, EQ ******* saylı protokolla İnzibati Xətalar Məcəlləsinin 339.1-339.1-1-ci maddələrinə maddəsində nəzərdə tutulan 50 AZN cərimə və hesablanan dəbbə pulu ləğv edilməlidir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati qaydada şikayət vermiş şəxs X2 və inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Asan Pay” ödəniş sistemindən ələdə olunan çıxarışdan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ seriyalı ******* saylı protokolu üzrə 50 (əlli manat) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri qüvvədədir . Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. 127-6.1-cı maddəyə əsasən, barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər. 138.1-ci maddəyə əsasən, inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrini və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeləri rəhbər tutaraq, şikayətin qismən təmin edilməli olduğu qənaətinə gəlir. Aşağıdakı hüquqi və faktiki əsaslara görə, Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və iş materialları yenidən baxılması üçün aidiyyəti üzrə qaytarılmalıdır. Şikayət vermə müddətinin buraxılması və bərpası məsələsinə münasibətdə: X3 barəsində inzibati tənbeh vermə haqqında qərarın xx.xx.2021-ci il tarixində çıxarılmasına baxmayaraq, məhkəməyə 3 il sonra müraciət etmişdir. İXM-nin 127-6.1-ci maddəsinə əsasən, bu qəbildən olan qərarlardan şikayət vermə müddəti iyirmi gün təşkil edir. Lakin, həmin müddətin axımı, qərarın şəxsə rəsmi qaydada təqdim olunduğu andan başlayır. İş materiallarında qərarın Namiq Əliyevə rəsmi təqdim edilməsini təsdiq edən hər hansı bir sübut (bildiriş, qəbz və ya elektron kabinet vasitəsilə məlumatlandırma barədə çıxarış) mövcud deyil. İclasın vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, BYDPİ nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında dəfələrlə vurğulamışdır ki, şəxsin məhkəməyə müraciət hüququnun təmin edilməsi ədalət mühakiməsinin fundamental prinsiplərindəndir. Şəxsin ondan asılı olmayan səbəblərdən şikayət vermə müddətini buraxması, onun bu hüquqdan məhrum edilməsinə səbəb olmamalıdır. Məhkəmə, şikayətçinin müddətin bərpası ilə bağlı birbaşa vəsatət verməməsinə baxmayaraq, şikayət ərizəsinin məzmunundan irəli gələrək, onun məlumatsızlıq səbəbindən müddəti buraxdığını nəzərə alır və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi zərurətindən çıxış edərək, buraxılmış müddəti üzrlü hesab edir və bərpa olunması barədə nəticəyə gəlir. Qərarın qanuni qüvvəyə minməsi və cərimənin ödənilməsinə münasibətdə: Məhkəmənin apardığı araşdırma zamanı "AsanPay" ödəniş sistemindən əldə olunmuş çıxarışdan görünür ki, mübahisələndirilən qərar üzrə təyin edilmiş 50 manatlıq cərimə hələ də endirimli ödəniş üçün aktivdir. İXM-nin 150.11-ci maddəsinə görə, bu güzəşt yalnız qərarın qanuni qüvvəyə minməsindən sonrakı 5 iş günü ərzində tətbiq edilir. Qərarın qanuni qüvvəyə minməsi isə, İXM-nin 138.1-ci maddəsinə əsasən, ondan şikayət vermə müddətinin bitdiyi gündən sonra baş verir. Sistemdə hələ də güzəştin aktiv olması sübut edir ki, şikayət vermə müddəti rəsmi olaraq başlamamış, müvafiq olaraq qərar qanuni qüvvəyə minməmişdir. Bu isə öz növbəsində şikayətçinin qərardan məlumatsız olması barədə dəlilini möhkəmləndirir. İşin hallarının hərtərəfli araşdırılmamasına münasibətdə: Şikayətçi həmçinin inzibati xətanın törədildiyi anlarda avtomobili idarə etməməsi və nəqliyyat vasitəsinin nasaz olması barədə iddialar irəli sürmüşdür. İnzibati xəta haqqında işə baxan səlahiyyətli orqan, tənbeh tədbirini tətbiq edərkən işin bütün hallarını, o cümlədən xətanın subyektinin müəyyən edilməsi üçün zəruri olan sübutları hərtərəfli araşdırmalıdır. Şikayətçinin iddiaları və iş materiallarındakı məlumatlar arasında ziddiyyətlər, işə baxılarkən halların tam və obyektiv araşdırılmadığına şübhə yaratmışdır. İXM-nin 134.1.1 və 134.1.4-cü maddələrinə əsasən, şikayətə baxan məhkəmə, işin hallarının natamam araşdırıldığını və qərarın qanuniliyinin şübhə doğurduğunu müəyyən etdikdə, qərarı ləğv edərək işi yenidən baxılması üçün aidiyyəti orqana qaytarmaq səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 117, 127-6, 130, 134, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə cərimə olunmasına dair Baş X6 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar