Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1971/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclası katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə İsmayıllı rayonunun Basqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, İsmayıllı rayonu, Basqal kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Talıbov X7 Rayon Məhkəməsinin 2(012)-504-2020 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iki uşağa görə ona təyin edilmiş hər ay 320 manat məbləğində aliment öhdəliyini icra etməli olduğu halda, bu öhdəliyini uzun müddət ərzində yerinə yetirməmiş, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 7 (yeddi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində təkrarən yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş icra məmuru X6. protokolun dəlillərinə uyğun izahat verərək, Şəxs məhkəmə qətnaməsini icra etmədiyini, tələbkara hazırkı tarixədək çox az məbləğdə ödəniş etdiyini, icra məmurunun çağırışlarından yayındığını, barəsində axtarış elan edildiyini, dəfələrlə edilən xəbərdarlıqlara və qanuni tələblərə məhəl qoymadığını, bu səbəbdən onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini və barəsində müvafiq tənbeh tədbirinin seçilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, bu günə qədər aşpaz işləyirdi, hazırda işi yoxdur. İcra sənəd ilə bağlı ödənişlər edib, lakin bunu təsdiq edəcək sübutları yoxdur. İcra sənədinin icrasından boyun qaçırmaq fikri yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-504/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək cavabdeh Şəxs iddiaçı X5 xeyrinə hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat məbləğində aliment tutulması qeyd olunmuşdur. MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Talıbov X7 Rayon Məhkəməsinin 2(012)-504/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-504/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. “Borclunun axtarışı haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Borclunun axtarışı haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Talıbov X7 Rayon Məhkəməsinin 2(012)-504/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən (...) şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Eyni zamanda, məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Məhkəmə aktının qərəzli icrasına mane olmaq anlayışı altında isə şəxsin dövlət orqanı, yerli özünüidarəetmə orqanı, dövlət və bələdiyyə idarəsi, kommersiya və ya digər təşkilat tərəfindən məhkəmə aktının vaxtında icra edilməməsi üçün qəsdən maneə törədilməsi başa düşülməlidir. Belə maneə müxtəlif yollarla həyata keçirilə bilər: - şəxs tərəfindən tabeçiliyində olan şəxslərə məhkəmə qərarını icra etməmək barədə göstəriş, sərəncam və əmrlər verilməsi; - icra məmurunun və ya məhkəmə qərarını icra etmək səlahiyyəti olan şəxsin məhkəmə qərarını icra etməsinə maneələr yaradılması; - məhkəmə qərarının icra edilməsi üçün zəruri olan sənədlərin təqdim edilməməsi; - məhkəmə qərarını icra etməli olan şəxslərə məlumatların, o cümlədən təşkilat və bank hesablarının yerləşdiyi yer barədə məlumat verilməməsi; - məhkəmə qərarının icra edilməsinin qarşısını alan və ya onun icrasını mümkünsüz edən tədbirlər görülməsi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi (...) bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, (...) fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış və tədqiq edilmiş bütün sübutları – inzibati xəta haqqında protokolu, Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin və Şəxs barəsində əvvəllər tətbiq edilmiş inzibati həbs haqqında qərarın surətini, icra məmurunun izahatını və tərtib etdiyi aktları, borcluya ünvanlanmış rəsmi bildirişləri, borcun məbləği haqqında arayışı və barəsində icraat aparılan şəxsin izahatlarını ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı özünün tam və hərtərəfli təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs təqsiri bir neçə təkzibedilməz faktla təsdiqlənir. Belə ki, onun barəsində Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və icrası məcburi olan qətnaməsi mövcuddur və həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il keçməmiş, Şəxs yenidən hərəkətsizlik göstərmiş və eyni məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməməklə, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra məmuru Emil Zeynalov tərəfindən bu öhdəliyin icrası ilə bağlı dəfələrlə rəsmi qaydada xəbərdar edilmiş, lakin bu qanuni tələblərə məhəl qoymamışdır. Şəxsin bu hərəkətsizliyi uzunmüddətli və sistematik xarakter daşımış, nəticədə 18,240 manat məbləğində külli miqdarda aliment borcu yaranmışdır. Məhkəmə şəxsin məhkəmə iclasında irəli sürdüyü ödəniş etməsi barədəki şifahi iddiasını özünü müdafiə kimi qiymətləndirir və heç bir mötəbər sübutla (bank qəbzi, poçt köçürməsi və ya digər sənəd) təsdiqlənmədiyindən rədd edilməli olduğu qənaətindədir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında da rəsmi olaraq çalışmasa da, aşpaz kimi işləməklə günlük gəlirinin 50 manat olduğunu bildirmiş, onun məhkəmə qətnaməsini icra etməməkdə ifadə olunan hərəkətsizliyinin üzrsüz səbəbdən qaynaqlandığını özü etiraf etmişdir. Bu hərəkətsizliklər birbaşa olaraq onun məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmək niyyətini sübuta yetirir. İXM-nin 31.2-ci maddəsi tənbeh təyin edilərkən xətanın xarakterinin, şəxsin şəxsiyyətinin, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınmasını imperativ qayda kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən etməmişdir. Lakin, inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində eyni xətanı təkrar törətməsi maddənin dizpozisiyasında nəzərə alındığı üçün, məhkəmə bunu məsuliyyətini ağırlaşdıran hal (İXM 33.1.2) kimi nəzərə almır. Qeyd edilməlidir ki, törədilmiş xətanın ictimai təhlükəliliyi yüksək olmaqla, yalnız dövlət hakimiyyətinin nüfuzuna qarşı hörmətsizlik deyil, həm də birbaşa olaraq uşaqların Konstitusiya ilə təminat verilən maddi təminat hüququnun kobud şəkildə pozulmasıdır. Barəsində tətbiq edilmiş əvvəlki, 7 gün müddətinə inzibati həbs tənbehi belə, Şəxs lazımi tərbiyəvi və çəkindirici təsir göstərməmiş, o, qanuna zidd hərəkətsizliyini davam etdirərək islah olunmaq niyyətində olmadığını nümayiş etdirmişdir. Bu şəraitdə, İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin təyin edilməsi İXMnin 21-ci maddəsində müəyyən edilmiş tənbehin məqsədlərinə – şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsinə və yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasına nail ola bilməz. Belə ki, həbs kimi daha ciddi tənbehdən nəticə çıxarmayan şəxsə cərimə tətbiqi tamamilə səmərəsiz olardı. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Şəxs islah olunması və gələcəkdə yeni hüquqpozuntular törətməsinin qarşısının alınması üçün onun cəmiyyətdən müəyyən müddətə təcrid edilməsini nəzərdə tutan inzibati həbs tənbehinin tətbiqi yeganə adekvat, mütənasib və ədalətli təsir vasitəsidir. Bu tənbeh, həmçinin təkcə borclunun cəzalandırılmasına deyil, həm də dövlətin öz vətəndaşlarının, xüsusən də uşaqların hüquqlarını qorumaqdakı qətiyyətinin nümayişinə xidmət edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 31, 32.1.1, 33.1.2, 114, 115, 117 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-1971/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1971/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver