Məhkəmə qərarları › İş №3(005)-1983/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1983/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1983/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538- 1.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə nəzərdə tutulan MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2023cü il tarixdə AZ 031.xx.xx.31027.23 nömrəli, xx.xx.2023-cü il tarixli uyğunluq sertifikatı verməklə akkreditasiya olunmadan fəaliyyət göstərməsi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, akkreditasiya haqqında qanunda 1062 kodundan bəhs olunmayıb və bu kod statistik koddur. Eyni zamanda qeyd edir ki, onlar beynəlxalq akkreditasiyadan istifadə edirlər. Qanunun 2.2-ci maddəsində məcburi akkreditasiyalar öz əksini tapmışdır. Yeyinti məhsullarının sertifikatlaşdırılması könüllüdür. O, bildirmişdir ki, bəzi müştəriləri var ki, məhsulları yalnız onlara satır. Belə ki, Şəxs MMC tərəfindən akkreditasiya olunmadan fəaliyyət göstərməsi halı törədilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə AZ 031.xx.xx.31027.23 nömrəli sertifikat verməklə akkreditasiya olunmadan fəaliyyət göstərməsi müəyyən edilmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında protokolun surətinin göndərilməsi barədə” məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən uyğunluq sertifikatlarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikasında akkreditasiyadan keçmədən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli AZ 031.xx.xx.31027.23 nömrəli uyğunluq sertifikat vermişdir. Eyni zamanda bildirilmişdir ki, "xxxx" MMC-yə təqdim edilmiş xx.xx.2023-cü il tarixli AZ 031.xx.xx.31027.23 nömrəli uyğunluq sertifikatının ləğv edilməsi barədə Şəxs MMC-yə müvafiq göstərişlər verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMC Azərbaycan Respublikasında akkreditasiyadan keçmədən fəaliyyət göstərmişdir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən akkreditasiya nişanı - uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişan; 1.0.9-cu maddəsinə əsasən sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsinə əsasən akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə - vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar