Məhkəmə qərarları › İş №3(005)-1989/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1989/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1989/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək şikayət vermə müddətinin ötürülməmiş sayılmasını və qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, X4 prospekti 111A ünvanında hərəkətdə olarkən YPX inspektoru onu saxladaraq bildirmişdir ki, guya dönmə işığından istifadə etmədən hərəkət etmişdir. Onun “mənim inzibati xəta törətdiyimi necə aşkar etdiniz?” sualına cavab vermişdir ki, videoçəkiliş var. O, YPX əməkdaşı ilə razı olmasa da, barəsində protokol tərtib edilmişdir. Lakin protokolun “inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə” qrafasında videogörüntünü qeydə alan vasitə barədə heç bir qeyd aparılmamışdır. O, bu barədə iradını bildirdikdə YPX əməkdaşı protokolu ondan alaraq yenidən öz avtomobilinə tərəf getmiş, lakin tez də geriyə qayıdıb bildirmişdir: “Biz belə edirik, gedib şikayət edərsən”. Bununla bağlı məhkəməyə şikayət edildikdən sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-in 327.1-ci maddəsi ilə inzibati qaydada cərimə olunmağına dair Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər DYPİ-yə tapşırılmışdır. Sonradan hər hansı bir inzibati icraatın aparılması barədə ona məlumat verilməmişdir. Həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etdiyindən nəqliyyat vasitəsi daimi onda olmur. Nəqliyyat vasitəsinin sahibi xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini texniki baxışdan keçirmək istəyərkən ona bildirmişlər ki, ödənilməyən cərimə vardır. Bundan sonra ona məlum olmuşdur ki, məhkəmənin qərarından sonra guya inzibati araşdırma aparılmış və yenidən inzibati tənbeh edilməyi barədə qərar verilmişdir. Lakin həmin qərar ona rəsmi qaydada çatdırılmamış, o, qərardan nəqliyyat vasitəsinin sahibi avtomobili texniki baxışdan keçirmək istəyərkən xəbərdar olmuşdur. Protokolda bunların heç biri qeyd edilmədiyindən belə qənaətə gəlmək olar ki, inspektor özü guya onun qaydalara zidd nəqliyyat vasitəsini idarə etməyini aşkar etmişdir. Belə olan təqdirdə də, onun tərəfindən tərtib edilmiş protokol qanunazidd tərtib edilmişdir. Protokolun tərtibində İXM-nin 100-cu maddəsinin digər tələbləri də pozulmuşdur. İnzibati tənbeh etmə qərar ona təqdim edilmədiyindən şikayətinə yalnız protokolu və ASAN PAY səhifəsindən inzibati tənbeh etmə haqqında qərarın verilməsinə dair çıxarışları əlavə edir. Nəqliyyat vasitəsinin mülkiyyətçisinin təkidi ilə 43.20 manat cəriməni ödəsə də bu onun qərarla razı olması anlamına gəlmir. Şikayət vermiş X2 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərara əsasən tətbiq olunmuş 40 manat cərimə və 3.20 manat dəbbə pulunu ödəmişdir. Bunu ödəməkdə məqsəd nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsini təmin etmək olmuşdur. Bununla belə polis əməkdaşı aşkar etdiyi yol hərəkəti qaydalarının pozulmasını sübuta yetirə bilmədiyinə görə inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə) 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər olan əsaslardan biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 8.2-ci bəndinə əsasən inzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir (çıxarılır). “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin İİ hissəsinin 15-ci bəndinə əsasən polisin əsas vəzifələrindən biri də yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etməkdir. Habelə bu Qanunun 16-cı maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulması və yol nəqliyyat hadisələri üzrə təhqiqat aparmaq, səlahiyyətləri çərçivəsində inzibati tənbeh tədbirləri tətbiq etmək yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri sırasında müəyyən olunmuşdur. Göründüyü kimi qanunvericiliklə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol-patrul xidməti əməkdaşının bilavasitə aşkar etdiyi yol hərəkəti qaydalarının pozuntusu üzrə qanunla nəzərdə tutulan qaydada tədbir görmək, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, inzibati xəta haqqında protokol tərtib etmək, razılaşdıqda isə inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxartmaq səlahiyyəti vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində səlahiyyətli vəzifəli şəxsin bilavasitə aşkar etdiyi inzibati xəta üzrə protokol tərtib etmək hüququnun olması dövlət məmuruna olan etimadın və inamın təzahürü olmaqla, bu qaydada tərtib edilmiş inzibati xəta haqqında protokol sübut əhəmiyyətinə malikdir və yalnız əsaslı dəlillərlə təkzib olunduqda öz əhəmiyyətini itirə bilər. Əgər səlahiyyətli vəzifəli şəxsin bilavasitə aşkar etdiyi inzibati xəta hadisənin mövcudluğunun şikayətçinin sözlə inkar etməsi əsası ilə təkzib edilməsi halında qanunvericiliklə nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın məqsəd nail olmaq, şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarət olan vəzifələrini yerinə yetirmək mümkünsüz olar. Məhkəmə iclasındakı izahatından və məhkəməyə daxil olan şikayət, şikayətə əlavə olunan sənədlərdən aydın olur ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 yol-patrul xidmətinin inspektorunun bilavasitə aşkar etdiyi, nəqliyyat vasitəsini idarə edərkən dönmə işıqlarını yandırmamaqla manevr etmə qaydalarının pozulması barədə inzibati xəta hadisə ilə razı deyildir. Lakin P.Məmmədov bu narazılığı yalnız sözlə ifadə edərək məhkəməyə təkzibedici heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, qanunla səlahiyyətli vəzifəli şəxsin bilavasitə inzibati xətanı aşkar etməsi dedikdə onun tərəfindən digər xüsusi texniki vasitələr və kənar məlumatlar olmadan şəxsən gözlə müşahidə əsasında müvafiq pozuntunun müəyyən olunması nəzərdə tutulur. Belə olan halda məhkəmə hesab edir ki, müşahidəni aparmaqla inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq edən səlahiyyətli vəzifəli şəxs şahiddir. Ona görə də qanunla müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bununla razılaşmadıqda şəlahiyyətli vəzifəli şəxs yalnız inzibati xəta haqqında protokol tərtib edə bilər, inzibati tənbeh vermə haqqında qərarı isə yuxarı səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edilməlidir. Qeyd olunanlarla yanaşı “ASANPAY” ödəniş portalından çıxarışdan müəyyən olunur ki, P.Məmmədov İXP ******* nömrəli protokol üzrə 40 manat cəriməni və 3.20 manat dəbbə pulunu ödəməklə barəsində şikayət etdiyi inzibati tənbeh vermə haqqında qərarı icra etmişdir. Məhkəmə şərh olunan qanunun normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X1 şikayəti təmin edilməməli, Bakı şəhər DYPİnin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar