Məhkəmə qərarları › İş №3(005)-1992/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1992/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1992/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X5, Zərərçəkmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş 22 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə vətəndaş X2 ictimai yerdə nalayiq ifadələr işlətmişdir. Bununla da, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin polis sahə inspektoru X9 protokola uyğun izahat verib bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə və Nərimanov RPİ-nin 17-ci PŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat 01 radələrində idarə etdiyi taksi avtomobilin qadın müştərini təyinat yerinə alternativ yollarla apardığına görə sonuncu onunla mübahisə edərək təhqir etmiş və Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Keşlə Yük həyəti” deyilən ərazidə avtomobildən düşərkən təpiklə avtomobilin qapısını vurub əzmişdir. Eyni zamanda X4 polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Şəxs onu Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində uca səslə söyüb təhqir etmişdir. Araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Bununla da Şəxs xx.xx.2023-cü il tarixdə vətəndaş X3 nalayiq söyüşlərlə söymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Ali təhsillidir. Hərbi xidmətə getməyə hazırlaşır. xx.xx.2023-cü il tarixində ona gələn sifarişlərin hər biri kartla ödəniş etmişdir. Tünzalə adlı xanımdan siariş gələn zaman o, sifariş edən şəxsin ərəb olduğunu görmüş və düşünmüşdür ki, təyinat nöqtəsi uzaq olmaz. Tünzalə avtomobilə əyləşən zaman o, ödənişi nağd qaydada verməsini xahiş etmişdir. Bu zaman Tünzalə ona onun kimi taksi sürücülərinin əllərindən bezdiyini bildirmiş və ailəsini təhqir etməyə başlamışdır. O da Tünzalənin bu hərəkətindən əsəbiləşmiş və mahnıya yüksəs səslə qulaq asmağa başlamışdır. Siqaret çəkəndə isə həmin xanım ona irad bildirməmişdir. Təyinat nöqtəsinə çatan zaman isə xanım ona əmrlər verməyə başlamışdır. Bu zaman o əsəbiləşmişdir. Tünzalə avtomobildən düşdükdən sonra isə onun avtomobilinə təpiklə zərbə vurmuşdur. Sonradan taksi sifarişini verən ərəb ona yığaraq xanımını təhqir etdiyini bildirmiş və onu təhqir etməyə başlamışdır. O, Tünzaləyə “nəslimdə ərəb maşınına mindirdiyi qadınlardan yoxdur” ifadəsini işlətmişdir. Sonda iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, o, evə gedən zaman taksi sifarişini onun həyat yoldaşı kart vasitəsi ilə etmişdir. O, avtomobilə minəndən sonra sürücü ona ödənişi nağdlaşdırmasını tələb etdikdə o, sifarişi yoldaşının kartla ödədiyini bildirmişdir. Bundan sonra sürücü avtomobili kobud idarə etmiş, siqaret çəkmiş və yüksək səslə musiqiyə qulaq asmışdır. Bunlara irad bildirdikdə isə ona məhəl qoymamışdır. Təyinat nöqtəsinə çatan zaman o, sürücüyə əlində yük olduğundan avtomobili rahat yerdə saxlamasını dedikdə sürücü ona avtomobildən düşüb rədd olmasını demişdir. O, avtomobildən düşən zaman qapını örtəndə qapı bərk çırpılmış və sürücü ona heyvan demişdir. Aralarında mübahisə yaranmış və sürücü onu söymüşdür. Şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, HK-1/1175 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yügülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəlinin 22 iyun 2023-cü il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 22 iyun 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar