Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1994/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 20305913 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 20305913 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 02 aprel 2024-cü il tarixdə, saat 09:30 radələrində telefonuna EQ 20305913 saylı protokol üzrə icra qərarı qüvvəyə mindiyi barədə SMS məlumatı daxil olmuşdur. ASAN ödəniş sistemində yerləşən elektron kabinetimə daxil olduqda İXM-nin 328.2-ci maddəsinə əsasən cərimələndiyini və EQ 20305913 saylı inzibati tənbeh vermə haqqında qərar olduğunu görmüşdür. Xətaya dair yerləşdirilmiş fotolara baxdıqda nəqliyyat vasitəsinə aid, sadəcə nömrəsinin göründüyü bir şəkil qarşısına çıxmışdır. Digər şəkillərdə isə hər hansı bir nəqliyyat vasitəsi görünməmişdir. Həmin ərazidə yol işıqlandırılması aşağı səviyyədədir və ya ümumiyyətlə mövcud deyil. Buna görə də o, baş verə biləcək hər hansı təhlükənin olmasını nəzərə alaraq sürət həddini artırmamışdır. Buna görə də sürət həddini İXM-nin 328.2-ci maddəsinə uyğun olaraq 21-40 km/saat həddində aşmağı qeyri-realdır. Ümumilikdə isə bununla əlaqədar DYP-dən videogörüntünün təqdim olunmağını istədikdə görüntünün olmadığına görə təqdim edə bilməyəcəklərini demişlər. Eyni zamanda sutkanın qaranlıq vaxtı DYP əməkdaşı xidmət apararkən patrul maşınında sayrışan işıqları qoşmalı olduğu halda qoşmamış və bununla da qanunun tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən Nərimanov Rayon Məhkəməsinə etdiyi müraciətə Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qarşı tərəfin iştirakı olmadan baxılmış və iddia qismən təmin olunaraq EQ 20305913 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, işə yenidən baxılması üçün DİN-nin BDYPİ-ə göndərilmişdir. Məhkəmə qərarını xx.xx.2024-cü il tarixdə rəsmi olaraq qəbul edən və işə yenidən baxan BDYPİ əməkdaşları tərəfindən onunla hər hansı vasitə ilə əlaqə saxlanılmadan, iştirakı ilə videogörüntüyə baxılmadan törədildiyi iddia olunan inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə EQ 20305913 saylı yeni qərar çıxarılmışdır. Hesab edir ki, qərar əsassızdır və inzibati xəta hadisəsi olmamışdır. Bu səbəbdən də barəsində tərtib olunmuş EQ 20305913 saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və icraata xitam verilməsi ilə bağlı müvafiq təqdimat verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 20305913 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 21:29:55də idarə etdiyi “LADA 21214” minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolu 22-ci km istiqamətində hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Əvvəla məhkəmə qeyd edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, X2 xx.xx.2024-cü il tarixdə saat 21:29:55-də idarə etdiyi “LADA 21214” minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolu 22-ci km istiqamətində hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarla 50 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Halbu ki, Azərbaycan Respublikası İXM-nin 38.6-cı maddəsinin tələbləri baxımından xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində, yəni ən geci xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməli idi. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.11-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 20305913 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 20305913 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1994/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1994/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver