Məhkəmə qərarları › İş №3(005)-1997/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1997/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1997/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin (bundan sonra – İXM) 510–cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin (bundan sonra – Nərimanov RPİ 16-cı polis şöbəsi) sahə inspektoru X6 tərəfindən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə səs-küy salaraq ictimai qaydanı pozmuş və nalayiq ifadələr işlətmişdir. Bununla da Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov RPİ 16-cı polis şöbəsinin sahə inspektoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, X4 ərizə ilə şöbəyə müraciət edərək bildirmişdir ki, Şəxs taksi sifariş etmiş, spirtli içki qəbul etdiyi üçün nalayiq ifadələrlə onu təhqir etmişdir. Həmçinin bildirdi ki inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəfələrlə eyni xarakterli hərəkətlər etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək qeyd etmişdir ki, taksi sürücüsü ilə şifahi mübahisəsi olmuş, lakin onu təhqir etməmişdir. Əməlindən peşmandır, bir daha belə hal baş verməyəcək. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli AZA seriyalı 004393 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:14 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, fiziki şəxs X1 RPİ-yə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 22:30-da Novxanı yolundan sifariş qəbul edərək, Bakı şəhər Süleyman Rəhimov küçəsinə gələrkən, sərnişin həddən artıq spirtli içki qəbul etməsi səbəbindən yol boyunda onu nalayiq ifadələrlə təhqir etmiş, ünvansız ifadələr işlətmiş, bu səbəbdən onu polis şöbəsinə gətirib təhvil vermişdir. Elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2024, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və digər tarixlərdə dəfələrlə İXM-nin 510cu maddəsi ilə təqsirli bilinərək, inzibati tənbeh edilmişdir. xx.xx.2025-ci il tarixli sərxoşluğun tibbi müayinə protokolundan görünür ki, Şəxs ağır dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İnzibati qaydada tutma haqqında 004393 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:14-də inzibati qaydada tutulmuşdur. Şəxs Nərimanov RPİ 16-cı polis şöbəsinə ünvanladığı izahatından görünür ki, o yolda olan zaman taksi sürücüsü ilə mübahisə etmiş, sərxoş vəziyyətdə olduğundan nə dediyini xatırlamadığını bildirmişdir. Hüquqi məsələlər: İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxsin İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, iş materialındakı zərərçəkmiş şəxsin Altay Həsənovun ərizəsindən və digər sübutlardan görünür ki, Şəxs sərxoş vəziyyətdə olmaqla ictimai qaydanı pozan qərəzli hərəkətlərə yol vermiş, taksi sürücüsü Altay Həsənova qarşı kobud rəftar edərək, nalayiq ifadələr işlətmiş və beləliklə xırda xuliqanlıq etmişdir. Bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaq kimi hərəkətlərə yol verməklə İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə, zərərçəkmiş şəxsi təhqir etməməsinə münasibətdə qeyd edir ki, həmin xüsusat iş materialları ilə təkzib edildiyinə görə rədd edilməlidir. Belə ki, sonuncu Altay Həsənovu təhqir etmədiyini bildirsə də, RPİ-yə ünvanladığı izahatına sərxoş vəziyyətdə olması səbəbindən hadisələri xatırlamdığını qeyd etmiş, həmin xüsusat, o cümlədən əvvəllər dəfələrlə analoji hallara yol verməsi məhkəmənin onun göstərdiklərinə tənqidi yanaşmasına əsas vermişdir. İş materiallarında olan sərxoşluğun müayinə protokolundan görünür ki, Şəxs ağır dərəcəli sorxuşluq vəziyyətində olmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və ağırlaşdıran halların (33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi) olmasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 12 iyun 2025-ci il tarixdən, saat 00:14-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar