Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2/2021 12.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Maliyyə X1 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə X1 daxil olmuş xx xxxx 2019-cu il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 136830,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 270 gündən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(005)- 1797/2019 nömrəli qərarına əsasən Şəxs MMC İXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 136830,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 27366 ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 46522,2 (qırx altı min beş yüz iyirmi iki manat iyirmi qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2019/2020 nömrəli qərarına əsasən şikayətin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hüquqi şəxs Şəxs MMC barəsində olan xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, qabaqcadan köçürülmüş 136.830 ABŞ dollar vəsaitin əvəzində müqavilə ilə razılaşdırılmış qiymət və miqdarda göndərilmiş mallar (xırda buynuzlu heyvanlar) 2018ci ilin avqust ayında Azərbaycana gətirilib gömrüyə təqdim edilmiş, gömrük rəsmiləri tərəfindən gömrük bəyannamələri və invoyslar tərtib edilərək gömrük rəsmiləşdirilməsi aparılmaqla, köçürülmüş məbləğ müqabilində alınmiş malın ölkə ərazisinə idxalı tamamlanmışdır. Lakin gömrük rüsumu və vergilərin ödənilməsinə cəmiyyətin hesabında pul olmadığından, yük Gömrük idarəsində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında (İD 61) yerləşdirilmişdir. Gətirilmiş mala müəyyən edilmiş gömrük rüsum və vergilərin ödənilməsi mümkün olmadığından, gömrük bəyannaməsi mal alana verilməmiş və gömrükdə istintaq idarəsinə göndərilmişdir. Bununla bağlı MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 209.2.2-ci maddəsi ilə cinayət işi qaldırılmış və onlar həmin maddə ilə təqsirli bilindiyinə dair Qaradağ Rayon Məhkəməsi xx.xx.2020-ci ildə ittiham hökmü qəbul etmişdir. Qeyd edilən səbəbdən, mal alan tərəfindən gömrük bəyannaməsinin banka təqdim edilməsi mümkün olmamışdır. Nəzarət Palatası məsələyə aydınlıq gətirilməsi üçün bildiriş verməmişdir. Ona görə də hazırkı inzibati xəta ilə bağlı Nəzarət Palatasının mövqeyi və ondan irəli gələn Palatanın hərəkətləri düzgün olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq inzibat iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin çıxışını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi vaxtdan 3 aydan çox müddət keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan X6 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 20,00 manat olan Şəxs MMC xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 02 nömrəli “Köçürmə sifarişi”ndən görünür ki, Şəxs MMC 136830,00 ABŞ doları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün “xxxx” ASC-yə müraciət etmişdir. İş materiallarında olan “xxxx” ASC-nin xx xxx 2019-cu il tarixli, M/04-4171 nömrəli Azərbaycan Respublikasının Maliyyə X3 ünvanlanmış məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən Şəxs MMC-nin (VÖEN: **********) xx.xx.2018-ci ildə “xxxx” ASC-dən 01 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 136830,00 ABŞ dolları köçürməsi olmuşdur, lakin Yük Gömrük Bəyannaməsi banka təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə X3 təqdim edir. xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X7 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklərə əsasən Qaydaların 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” 4.3.10-cu yarımbənddə isə “qeyri-rezidentlər tərəfindən” sözlərindən sonra “və ya onların xeyrinə” sözləri əlavə edilmişdir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 1616 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə X4 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Şəxs MMC tərəfindən ölkə xaricinə köçürülmüş valyuta vəsaitinin müqabilində malların ölkəyə idxalı qanunla nəzərdə tutulmuş 2 (iki) il nəzərə alınmaqla, ən geci xx.xx.2020-ci il tarixdə həyata keçirilməli idi. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan xətanın törənməsi və müddət axımı valyuta vəsaitinin köçürüldüyü gündən 2 (iki) ilin tamam olduğu gündən səhərisi gün başlayır. Valyuta vəsaitinin xarici ölkəyə köçürüldüyü xx xxxxxx 2018-ci il tarixdən başlayaraq 2 (iki) il müddət xx xxxxxx 2020-ci il tarixdə başa çatır. Bununla da inzibati xətanın törədiliməsi vaxtı xx xxxxxx 2020-ci il tarix hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın xx xxxxxx 2020-ci il tarixdə törədildiyini və həmin vaxtdan 3 aydan çox müddət keçdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC xx xxxx 2019-cu il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Maliyyə X4 tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2/2021
12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver