Məhkəmə qərarları › İş №3(005)-2007/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2007/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2007/2021 08.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş 08 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07.09.2021-ci il tarixdə saat 16:45-də ünvan 3 ünvanda yerləşən Bakı şəhər Probasiya İdarəsində olarkən səs-küy salaraq icra məmurları ilə mübahisə etmiş və iş rejimini pozmuşdur. Bununla da, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X4 protokola uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, 07.09.2021-ci il tarixdə saat 16:45 radələrində növbətçi hissənin çağırışı ilə Bakı şəhəri probasiya idarəsinin inzibati binasına yaxınlaşmaları bildirildi. Çağırışa əsasən polis əməkdaşları probasiya idarəsinə gəlmişlər. Məlum olmuşdur ki, Hacıyev X2 binasında səs-küy salmış və iş rejiminə mane olmuşdur. Daha sonra polis əməkdaşları həmin şəxsi bölməyə təhvil vermişlər. Bundan sonra bölmədə həmin vətəndaşa hüquq və vəzifələri izah edilmiş, izahatı alındıqdan sonra barəsində protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il tarixli hökmü ilə o, AR CM-nin 221-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmişdir. Həmin cərimə cəzasından ödənilməmiş 200 manat məbləğində borcu qalmışdır. Ona vaxt verilmişdir ki, həmin cərimə borcunu da ödəsin. O da qalıq qalan məbləği də dövlət büdcəsinə ödəmişdir. Bu gün icra məmuru həmin ödənilmiş çekləri məhkəməyə təqdim etməsini ona bildirmişdir. Probasiya idarəsində icra məmuru Mirelnur Musəviyə yaxınlaşdıqda ona nalayiq ifadələr işlətdi. Onu vurdu. Onu bir otağa saldılar. Bir müddət otaqda saxladılar. Daha sonra polis əməkdaşları gəldi. O döyülmüş, təhqir edilmiş olsa da, polis əməkdaşları onu şöbəyə aparmışlar. Son olaraq barəsində tərtib edilmiş protokola etiraz edib, barəsində başlanılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru Mirelnur Musəvi izahatında göstərmişdir ki, idarədə xidməti otağında olarkən məhkum səs-küy salmağa başladı. İş vaxtı idi. Qəbzləri təqdim edib dedi ki, qəbul edin. Çekin üzərində yazılar pozulmuşdu deyə ona həmin çekləri geri qaytarmışdır. Bu zaman məhkum əsəbiləşmiş və səs-küy salmağa başlamışdır. Hədə qorxu ilə ona bildirmişdir ki, işdən çıxanda görüşəcəyik. Daha sonra polis əməkdaşları dəvət olunmuş və məhkum polis əməkdaşları ilə birlikdə şöbəyə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru Tamella Rüstəmova izahatında göstərmişdir ki, idarədə xidməti otağında olarkən birdən səs-küy səsləri eşitmişdir. Adını sonradan bildiyi Sənan adlı vətəndaş səs-küy salırdı. Hesablaşacağını, çöldə söhbət edəcəyini deyirdi. Hadisə baş verən zaman qəbul otağında idi. İcra məmuru Mirelnur Musəviyə hədə-qorxu gəlirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru Nail Abuzərov izahatında göstərmişdir ki, idarədə xidməti otağında olarkən birdən səs-küy səsləri eşitmişdir. Xidməti otağından çıxıb hadisə olan tərəfə getmişdir. İdarənin iş rejimini pozurdu. Təqribən hadisə 25-30 dəqiqə vaxt çəkdi. İnzibati qaydada tutma haqqında 07.09.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 07.09.2021-ci il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. 07.09.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkum Şəxs ünvan 5 ünvanında yerləşən Bakı şəhər Probasiya İdarəsinin inzibati binasında olarkən ictimai qaydanı pozaraq idarənin iş fəaliyyətinin 30 dəqiqə pozulmasına səbəb olmuşdur. Belə ki o, polisin və icra məmuru tərəfindən ictimai qaydalara riayət edilməsinə dəvət olunsa da, o bu tələblərə məhəl qoymamış, öz xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yügülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəlinin 08 sentyabr 2021-ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 08 sentyabr 2021-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar