Məhkəmə qərarları › İş №3(005)-2007/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2007/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2007/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə inspektoru X4, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, ev 22, mənzil 25 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.2 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xətanı törətməsinə dair daxil olmuş material üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 22 iyun 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 16cı Polis Bölməsinin polis sahə inspektoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 22 iyun 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs özünə məxsus avtomobillə şəhərin müxtəlif yerlərində avtoxuliqanlıq edərək polisin qanuni tələbinə tabe olmamışdır. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 511.2, 342.2.3, 342.2.4, 342.7 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru Elşən Məmmədov tərəfindən tərtib olunmuş 21 iyun 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 22 iyun 2023-cü il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 21 iyun 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs sürücülük hüququ olmadan yol hərəkəti qaydalarını davamlı olaraq pozmaqla müşayiət olunan qərəzli hərəkətlər edərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin polis sahə inspektoru X6 tərtib olunmuş protokolların məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, barəsində tərtib edilən inzibati xəta haqqında protokollarla razılaşır, səhvə yol vermişdir və bir daha bu cür əməllər törətməyəcəkdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin baş inspektoru X3 izahat verərək göstərmişdir ki, şəxsin qayda pozuntularını “Tik-Tok” şəbəkəsində müəyyən etmişlər, daha sonra Nərimanov rayonu ərazisində saxlamışlar, lakin Şəxs onların qanuni tələbinə tabe olmamış, bu səbəbdən əlavə polis əməkdaşları cəlb edilmiş, yalnız bundan sonra şəxs idarəyə gətirilərək barəsində inzibati protokol tərtib edilmişdir. Bu əməllər artıq 2-ci dəfədir törədilir. Avtoxuliqanlıq əməli 10 iyun 2023-cü il tarixdə törədilmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru X5 digər şahid X2 izahatına oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: - 01 ədəd CD diskdə olan 03 ədəd videogörüntülərdən aydın olur ki, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi hərəkətləri törədilmişdir; - Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi Cavid İsmayılzadəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, RPİ-nin növbətçi hissəsinin göstərişi ilə bir qrup gənc sürücü özlərinin idarə etdiklləri avtomobillər ilə 10 və 11 iyun tarixlərində Xaçmaz rayonu ərazisində digər yerlərdə avtoxuliqanlıq hərəkətləri edərək videogörüntüyə alaraq Whatsapp və Tik-tok sosial şəbəkəsində təbliğ edərək ictimailəşdirmişlər. Həmin avtomobillərdən **-UH-*** və **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar olunaraq tərəflərindən saxlanılmışdır. Onlar barəsində tədbir görülməsi xahiş olunur; - “İnzibati qaydada tutma haqqında” 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:45-də inzibati qaydada tutulmuşdur; - Nərimanov RPİ-nin DYPŞ-nin rəisi Hüseyn Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, DİN BDYP X1 məlumatına əsasən Şəxs məxsus AD 304595 seriya nömrəli “B,C” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. Bildirir ki, xx.xx.2022-ci il tarixdə Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsinə əsasən AP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə sürücü 500 AZN cərimə edilərək 12 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 21 və 22 iyun 2023-cü il tarixlərdə Azərbaycan Respublikası İXM-nin 511.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 511-ci maddəsindən görünür ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 511.2-cu maddəsinə əsasən bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.2-ci və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tənbeh növünün tətbiq edilməsi, həbsetmənin əvvəlinin 21 iyun 2023-cü il tarix, saat 21:45-dən hesablanması, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2, 342.2.3, 342.2.4 və 324.7-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi məqsədəmüvafiqdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.2-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 1 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 21 iyun 2023-cü il tarix, saat 21:45-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2, 342.2.3, 342.2.4 və 324.7-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nə göndərilsin. “Femida” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar