Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2011/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra ismin müvafiq hallarında “AYNA”) tərəfindən barəsində xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Bu barədə məlumat ona “ASAN Ödəniş ” vasitəsilə təqdim edilmiş və sms vasitəsilə xəbərdarlıq edilmişdir. Qərar barədə məlumat “ASAN ödəniş” informasiya sistemində yerləşdirilmişdir. Qərarın kabinetə yerləşdirmə tarixi: xx.xx.2024. Nazim Hacıyev küçəsi Nərimanov rayonu ərazisində yerləşir. Nərimanov parkının arxasında yerləşən küçədir. AR İXM-in 127-2.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. (Bu növ xətalar üzrə protokol yox, elektron qərar çıxarılır. "asan ödəniş” sistemində protokol adlandırılması texniki xətadır. AYNA-nın əvvəlki qərarlarını təqdim edərək qeyd etdiyi faktı təsdiq edə bilir. “radar” vasitəsilə aşkar edilən xətalar zamanı da tərtib edilən elektron qərarlar "asan ödəniş” sistemində protokol adlandırılır.) Qeyd edilənlərə əsasən müvafiq iş üzrə tərtib edilmiş AYN ******* nömrəli inzibati xəta haqqında elektron qərarı əsassız və qanunsuz hesab edilmişdir. AYNA tərəfindən iddia edilir ki, AR İXM-in 346-1.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin maddənin dispozisiyasmda belə qeyd edilir: Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə. Qeyd edir ki, həmin ərazidə parklanma qəbzi verən (parklanmanı qeydə almaq üçün) parkomat yoxdur (YHQ mad 53, XVİİİ). Parkomat olmadığı üçün qanunvericiliyə uyğun parklanma qeydə alınması mümkün deyildir.(YHQ mad 53, XVİİ). Cərimə tətbiq edilərkən parklanma kimi idda edilən yeri tərk etməyi ilə bağlı hər hansı sübut yoxdur. Parklanmanı qeydə almaq üçün xüsusi aparat qoyulmalıdır ki, vətəndaş da ərazini tərk edəndə ödəniş edə bilsin. Baxmayaraq ki, 346-1.1-ci maddə üzrə cərimə tətbiq edilməsi üçün əsas ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə halında yaranır. Maraqlıdır ki, AYNA tərəfindən sadəcə elektron qərara əlavə olaraq maşınının şəkili əlavə edilmiş və parklanma müddətinin ölçülməsi ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-ci maddəsinin Xİİİ hissəsində müəyyən olunmuşdur ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin edilməsi, ödəniş və parklanma qəbzlərinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ‘‘Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələr yerləşdirilir. AYNA-nın qərarında göstərilmiş cihazın xüsusi texniki vasitə olub-olmadığı bəlli deyil. Çünki xüsusi texniki vasitə barədə məlumat qərarda aşkar şəkildə qeyd edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.33-2-ci hissəsinə əsasən həmin Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Bu baxımdan AYNAnın müvafiq işlər üzrə heç qərar qəbul etmə səlahiyyəti belə yoxdur. Bakı Nəqliyyat Agentliyi və AYNA fərqli qurumlardır. Qeyd edilənlərin nəzərə alınaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh verilməsi barədə elektron qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş şəxs X4 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, X4 inzibati qərardan şikayətini parklanma yerində parkomatın olmaması səbəbindən ödəniş edə bilməməsi, parklanma müddətinin ölçülməsi ilə bağlı sübutun olmaması və inzibati tənbeh vermə haqqında qərarın səlahiyyəti olmayan qurum tərəfindən qəbul edilməsi ilə əsaslandırmışdır. Hesab edirlər ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə bildirirlər ki, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il №li 2109 Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra -AYNA) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” (bundan sonra - BNA) publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak AYNA-nın balansına verilmişdir. Qeyd edirlər ki, AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Ölkə Prezidentinin BNA-ya səlahiyyətlər verilməsinə dair əvvəlki Fərmanından sonra qəbul edilmiş “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il tarixli, 2109 nömrəli Fərmanı BNA-nın AYNA-ya birləşdirilməsi və BNA-nın bütün səlahiyyətlərinin AYNA ötürülməsinə ehtiva edir. Həmçinin Azərbaycan Respublikası Müki Məcəlləsinin 55.5-ci maddəsinə əsasən hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cu il 29 iyul tarixli 2258 nömrəli Fermanı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nın 1.3-cü bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hesabına yığılır. Analoji iş üzrə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə AYNA tərəfindən qəbul edilmiş qərar həm Səbail Rayon Məhkəməsinin 3(009)-305/2021 saylı 16 fevral 2024-cü il tarixli Qərarı ilə, həm də həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-412/2024 saylı 01 mart 2024-cü il tarixli (hakim Ziya Şirinov) Qərarı ilə qüvvədə saxlanılmışdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 3(103)-711/2024 nömrəli 15 aprel 2024-cü il tarixli (hakim Emin Mehdiyev) Qərarı ilə AYNA-nın AYN0163366 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, X4 idarə etdiyi “VAZ21154 MİNİK” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobilin 10 iyun 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən 20053 saylı parklanma yerində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş etməmişdir. Agentliyin 11 iyun 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən açıq-aydın görünür ki, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil 20053 saylı parklanma yerində 15 dəqiqədən artıq durmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxs həmin parlanmaya görə heç bir ödəniş etməmişdir. Bu fakt səlahiyyətli şəxs tərəfindən müəyyən edilərək, fotoşəkillər çəkilmişdir. Qərara əlavə olunmuş nəqliyyat vasitəsinin ilk fotoşəkili saat 14:42:53-də sonuncu isə saat 15:44:15-də qeydə alınmışdır ki, bu 15 dəqiqədən çox vaxt edir və N/V istifadəçisi parklanma müddətini başlatmayaraq, ödəniş etməmişdir. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Beləliklə hesab edirlər ki, 11 iyun 2024-cü il tarixli AYN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayətləri əsassızdır və təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 11 iyun 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X4 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 10 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə - on manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 346-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.33-2-cü bəndinə əsasən həmin Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyi adından idarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri və şöbə müdirlərinə aid edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli, 1464 saylı Fərmanına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqanının adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişiklik edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin 1.1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. “Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadında qeyd edilmişdir ki, publik hüquq münasibətlərində hətta dövlət orqanı ləğv edildikdə, publik hüquq münasibətləri xitam olunmur, belə ki, bu münasibətlərin tərəfi dövlətin özüdür, dövlət orqanları isə dövlət funksiyasının icraçısıdırlar. Dövlət orqanları (qurumu) publik hüquq münasibətlərində hakimiyyət səlahiyyətlərinə malik xüsusi publik subyekt olaraq iştirak edir və onlar arasında hüquq varisliyi maddi hüququn keçməsi ilə deyil, hüquqi statusunun və səlahiyyətlərinin keçməsi ilə şərtləndirilir. Dövlət orqanlarının (qurumlarının) funksional hüquq varisliyi məsələləri tənzimlənərkən digər sahələrdə olduğu kimi, inzibati xətalar sahəsində də dövlət orqanının (qurumunun) üzərinə düşən vəzifələrin icra edilməsinin davam etməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əks təqdirdə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, inzibati məsuliyyətin qaçılmazlığı prinsipinin təmin edilməsinə, inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının həyata keçirilməsinə xələl yetirilmiş olar. Burada xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin” 3.1.2-ci maddəsinə əsasən, müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Palatası hesab etmişdir ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə ötürülmüşdür. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, şikayətçi X2 Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmış, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə X2 şikayəti təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2011/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2011/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver