Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2012/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərər çəkmiş şəxs X3, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 10 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1915/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli icra sənədi üzrə 26 iyun 2016-cı il təvəllüdlü X7 və 14 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni 29.06.2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay, hər uşaq üçün 120 (yüz iyirmi) manat, ümumilikdə 240 (iki yüz qırx) manat aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İcra sənədi Nərimanov Rayon İcra Şöbəsinin icraatına 05.08.2021-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, icra sənədi şöbənin icraatına 05.08.2021ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmişdir. Hazırda borclunun 480 manat borcu var. Həmin borc 2021-ci ilin iyul və avqust ayları tarixində yığılan məbləğdir. Borcludan həmçinin izahat da alınmış, borclu yığılmış aliment borcunu maddi durumu səbəbindən tam şəkildə ödəyə bilmədiyini izahatında bildirmişdir. Göstərilən halları nəzərə alaraq sonuncunun barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə aliment məbləğini ödəməməsinin səbəbi maddi vəziyyəti və işsizliyi ilə əlaqədardır. İcra sənədini icra etməkdən qərəzli olaraq yayınmamışdır. Yaxın vaxtlarda aliment borcunu tam olaraq ödəyəcəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq qanuna müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş X8 inzibati xəta haqqında materiala münasibət bildirərkən qeyd etmişdir ki, borclu qərəzli olaraq icra sənədi üzrə öz öhdəliklərini icra etmir. İcra sənədi üzrə hazırda 480 manat məbləğində aliment borcu var. O, bir ata kimi öz öhdəliklərini yerinə yetirmir. Uşaqlarının maddi ehtiyaclarını təkbaşına qarşılayır. Son olaraq Şəxs şikayətçi olduğunu və barəsində ən sərt tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1915/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli icra sənədi üzrə 26 iyun 2016-cı il təvəllüdlü X7 və 14 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni 29.06.2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay, hər uşaq üçün 120 (yüz iyirmi) manat, ümumilikdə 240 (iki yüz qırx) manat aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 05.08.2021-ci il tarixli qərarın surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1915/2021 nömrəli, 28.07.2021-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İnzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğu qeyd olunur. Şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəbə olmuş Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1915/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədardır. Həmin icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlanılması barədə qərar qəbul edilmiş, daha sonra tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilməsinə dair bildiriş 30.08.2021-ci il tarixdə borclu tərəfindən qəbul edilmişdir. Borclu tərəfindən icra sənədinin könüllü icra edilməsi üçün müəyyən edilmiş 10 günlük müddət ərzində (09.09.2021-ci il tarixədək) borclu hər-hansı bir icra hərəkətini həyata keçirməmişdir. Bundan sonra icra məmuru 10.09.2021-ci il tarixdə Şəxs barəsində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Hazırda məhkəməyə təqdim edlmiş protokolda və əlavə edilmiş iş materiallarında Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində qeyd olunan hərəkətlərin törədilmə əsası kimi məhkəmə qətnaməsini icra sənədi şöbəyə daxil olduğu gündən bu günədək icra etməməsi kimi qeyd olunmuş, bununla da sonuncunun hərəkətləri icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırma kimi qiymətləndirilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi göstərilmişdir. Həmin qanunun 44.2-ci maddəsinə əsasən qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir Buna baxmayaraq icra məmuru Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1915/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi istiqamətində hərhansı icra tədbiri həyata keçirməmiş, borclunun tutmanın yönəldilə biləcək hər-hansı əmlakının, gəlirinin və ya pulunun olub-olmaması ilə bağlı müvafiq sorğular verməmiş, sadəcə borclu üçün müəyyən edilmiş 10 günlük könüllü icra barədə müddətin bitməsi ilə kifayətlənərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla da icra məmuru tərəfindən iş üzrə kifayət qədər zəruri icra tədbirləri həyata keçirilmədiyindən, habelə borclunun icra orqanının çağırışlarına gəlməkdən boyun qaçırması hallarına yol verilmədiyindən Şəxs hərəkətlərində AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan xəta tərkibinin bütün əlamətlərinin olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla da borclu Şəxs tərəfindən məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra etməməsi hərəkətlərinə yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2012/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2012/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver