Məhkəmə qərarları › İş №3(005)-2017/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2017/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2017/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 14.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin PB-nin polis sahə rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 14.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirdi ki, o, "xxxx" MMC-də texniki nəzarət mühəndisi vəzifəsində çalışır. Bakı Apellyasiya Məhkəməsinin 10.09.2019-cu il tarixli, 2(103)-9377/2019 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-yə məxsus rabitə qurğusunun (rabitə dolabının) X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində 0,1022 ha torpaq sahəsinin hasarına bitişik ərazidən çıxarılması "xxxx" MMCnin hesabına təmin edilməlidir. Həmin icra vərəqəsinin icra edilməsi ilə bağlı texniki şöbənin əməkdaşları həmin yerə getmişdir. Daha sonra həmin əməkdaşlar ona zəng edərək əraziyə polisin gəldiyini və qazıntı zamanı oradan yüksək gərginlik xəttinin keçməsini demişlər. Oraya çatdıqda polislər ona guya səkinin örtüyünü sökməkləri barədə irad bildirmişlər. Daha sonra onu polis bölməsinə aparıb Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 350.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edib, həmin tarixli qərarla barəsində 200 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarla razı deyil və hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hazırki halda isə o, yuxarıda göstərilən inzibati xətanın tərkib elementlərini əks etdirəcək heç bir hərəkət etməmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, söküntü işlərini birbaşa o icra etməmiş, bununla bağlı hər hansı göstəriş verməmişdir. Həmin göstərişi vermək "xxxx" MMC-nin rəhbərliyinin səlahiyyətindədir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, X3 İXM-in 350.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 14.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-yə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə inspektoru X10 tərəfindən tərtib edilmiş 14.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 03.08.2021-ci il tarixində, günorta saatlarında müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl etməmişdir; Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 14.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 İXM-in 350.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 200 manat məbləğində cərimə edilmişdir; Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində texniki nəzarət mühəndisi vəzifəsində işləyir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9377/2019 nömrəli, 10.09.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus rabitə qurğusunun (rabitə dolabının) X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində 0,1022 ha torpaq sahəsinin hasarına bitişik ərazidən çıxarılması həmin Cəmiyyətə həvalə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X6 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in 350.1-ci maddəsində müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər barəsində məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində texniki nəzarət mühəndisi vəzifəsində işləyir və onun əmək funksiyası texniki işlərin görülməsinə nəzarət etməkdir. Məhkəmə qeyd edir ki, X1 RPİ-nin 16-cı PB-nin polis sahə rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 14.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla fiziki şəxs kimi inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, iş üzrə müəyyən edilmişdir ki, X2 işlərini özü icra etməmişdir. İXM-in 17-ci maddəsinin tələbindən görünür ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, X6 işin bilavasitə icraçısı olmadığı halda fiziki şəxs kimi inzibati məsuliyyətə cəlb olunmuş və iş üzrə İXM-in 17-ci maddəsində göstərilmiş hallar araşdırılmamışdır. İXM-in tələblərindən aydın olur ki, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması isə inzibati məsuliyyətin əsasını təşkil edir. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X6 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X6 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 14.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X6 barəsində işə yenidən baxılması Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-yə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 14.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-yə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar