Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2018/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 və onun nümayəndəsi və vəkili Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin 21 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin 21 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 400 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X6 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin 21 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 Nərimanov rayonu, Həsənoğlu 4, X12 arxasında yerləşən “Pizza Mizza” restoranında menecer işləyir. Restoran Nazirlər Kabinetinin 12.09.2020-ci il tarixli, 336 saylı qərarının 1.2.2-ci bəndinə əsasən, 01 sentyabr 2021-ci il tarixə kimi restoranlar saat 09:00-dan 00:00-a kimi müştərilərə yerində xidmət və çatdırma xidmətləri (online satış) göstərir, saat 00:00-dan 09:00-a kimi isə ancaq çatdırma xidmətləri göstərir və yerində xidmət dayandırılır. 21.08.2021-ci il tarixdə də restoran bu qaydada fəaliyyət göstərirdi, yəni, yerində xidmət dayandırılmış və ancaq çatdırma həyata keçirilirdi. Lakin həmin gün saat 00:40 radələrində 3 nəfər polis əməkdaşı restorana yaxınlaşaraq, öz telefonları ilə restoranın çölündən içərinin video çəkilişini aparmış və daha sonra isə o, və digər işçilərdən restoranı bağlayaraq tərk etmələrini tələb etmişdir. O isə etiraz edərək, ancaq yerində xidmətin dayandırıldığını və çatdırılmaya icazə verildiyini bildirsə də, bir nəticə olmamış, onu və 7 nəfər digər işçiləri 18-ci PŞ-ə aparmışlar. 7 nəfər işçini şöbəyə gedən kimi protokol tərtib edib işə buraxsalar da, onu "KPZ"-yə yerləşdirib, 14 saata yaxın orada saxlamışlar. Məqsəd isə iş vaxtı ərzində ona İXM-nin 211.1-ci maddəsi üzrə inzibati həbs verilməsi üçün məhkəmə qarşısına çıxarılması idi. Lakin məhkəməyə aparmaq əvəzinə Nərimanov RPİ-nin 18-ci PŞ İXM-nin 211.1-ci maddəsi ilə barəsində 21.08.2021-ci il tarixli, ******* saylı protokol və həmin tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş və 400 manat məbləğində onu cərimələmişdir. Qərara əsasən, o, Restoranı işlədərək, karantin qaydalarını pozmuşdur. İXM-nin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Lakin 18-ci PŞ-nin əməkdaşı "xətanın törədilməsi faktının aşkar edilməsindən" 14 saat sonra barəsində protokolu tərtib etmişdir. Həqiqətən 14 saata yaxın müddətdə şöbədə olmağını isə təsdiq edən şahidlər var. Belə ki, restoranın işçiləri X4 və X7 21 avqust saat təxminən 02:30-da bölməyə gələrək ona siqaret və içməli su gətirmişlər. Daha sonra Mikayıl İsmayılov, X9 və X1 04:30 radələrində şöbəyə gələrək ona yemək gətirmişlər. Bundan başqa həmin tarixdə saat 11:00 radələrində Mikayıl İsmayılov və saat 13:30 radələrində X10 barəsində məlumat almaq üçün şöbəyə gəliblər. Şahid ifadələrindən başqa şöbənin müşahidə kamera görüntüləri əldə edilsə, sübut olunacaq ki, o, 21 avqust saat 01:00-dan saat 14:30-a kimi qanunsuz olaraq şöbədə saxlanılmış və şöbədən buraxılma ərəfəsində protokol və qərar tərtib edilmişdir. Göründüyü kimi, 18-ci PŞnin əməkdaşı 21 avqust saat 00:40-da faktı aşkar edən kimi dərhal deyil, 14 saat sonra barəsində protokol tərtib etməklə İXM-in müddəalarını pozmuşdur. Şöbəyə aparılan vaxtı və orada olan zaman dəfələrlə ona bildiriblər ki, Nazirlər Kabineti brifinq keçirib və həmin brifinqdə guya qeyd edilib ki, ictimai iaşə müəssisələri saat 00:00-dan saat 09:00-a kimi ümumiyyətlə fəaliyyət göstərə bilməzlər. Həmin vaxt çərçivəsində onlar bağlı olmalıdır. O isə brifinqdə bu cür bildirişin qeyd edilmədiyini və 336 saylı qərarla həmin vaxt çərçivəsində çatdırma fəaliyyətinə icazə verildiyini vurğulamışdır. Belə ki, Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli, 336 saylı qərarının 1.1-ci bəndinə əsasən 2021-ci il 1 sentyabr saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə bir sıra məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilmişdir. Həmin qərarın 1.2-ci bəndinə əsasən, Qərarın 1.1 -ci bəndində göstərilənlərlə yanaşı, sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilmişdir: 1.2.2 - ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi. Göründüyü kimi, hazırda qüvvədə olan qərara əsasən, müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətlər dayandırılmışdır, çatdırma xidmətləri ilə bağlı hər hansı qadağa müəyyən edilməmişdir. Bundan əlavə 1.2-ci bənd adından da göründüyü kimi, fəaliyyəti qadağan edilən sahələri deyil, fəaliyyət sahələri üzrə məhdudiyyətlərin siyahısını müəyyən etmişdir. 18-ci PŞ-nin əməkdaşları isə qərarı təfsir edərək, belə qənaətə gəlirlər ki, restoranlar saat 00:00-dan 09:00-dək ümumiyyətlə fəaliyyət göstərməməlidir. Bunu Nazirlər Kabinetinin müvafiq qərarlarının xronoloji ardıcıllığı da təsdiq edir. Belə ki, Nazirlər Kabinetinin 08.12.2020-ci il tarixli, 488 saylı qərarının 1 saylı əlavəsi ilə ictimai iaşə müəssisələrinə yalnız çatdırma xidmətinin göstərilməsinə (və ya online satış) icazə verilmişdir. 16.01.2021-ci il tarixli 9 saylı qərarla isə 01.02.2021-ci il tarixdən etibarən ictimai iaşə obyektlərində saat 06:00-dan 00:00-dək yerində xidmət göstərilməsinə icazə verilmişdir. 22.07.2021-ci il tarixdə 12.09.2020-ci il tarixli, 336 saylı qərara edilən dəyişikliklə isə 01 sentyabr 2021-ci il tarixə kimi restoranlara saat 00:00-dan 09:00-dək müştərilərə yerində xidmət göstərmək qadağan edilmişdir. Göründüyü kimi, Nazirlər Kabineti ictimai iaşə obyektlərinə münasibətdə yerində xidmət və çatdırma xidmətini bir-birindən ayırmışdır. Müxtəlif vaxtlarda yerində xidməti dayandırsa da, çatdırma xidmətinə icazə vermişdir. Hazırki vəziyyətdə də saat 00:00-dan 09:00-dək olan müddət ərzində çatdırma xidmətləri dayandırılmamışdır. Bundan əlavə şöbə barəsində qanunsuz inzibati tutma tətbiq etmişdir. Belə ki, İXM-nin 88-ci maddəsində inzibati tutma tətbiq edilə biləcək halların dairəsi müəyyən edilmişdir və "karantin rejimi qaydalarını pozmaq" bu hallara aid edilməmişdir. Yəni, fərziyyə olaraq hesab edilsə ki, o, karantin rejimi qaydalarını pozmuşdur. Bu təqdirdə də barəsində inzibati tutma tətbiq edilə bilməzdi. Digər tərəfdən İXM-nin 89.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 - 89.4-cii maddələri (Sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə; Fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda; Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda; ) istisna olunmaqla, üç saatdan çox ola bilməz. Lakin o, 14 saata yaxın müddət ərzində qanunsuz inzibati tutmaya məruz qalmışdır. Əlavə olaraq inzibati tutma ilə əlaqədar protokol da tərtib edilməmişdir. Halbuki, İXM-in 90.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir və orada aşağıdakılar göstərilir. protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı; tutulanın şəxsiyyəti haqqında məlumat; tutmanın vaxtı və səbəbləri. Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti tutulmuş şəxsə verilir. Halbuki, heç bir protokol tərtib edilmədən 14 saata yaxın müddət ərzində inzibati tutmaya məruz qalmışdır. Həmin gecəni şöbədəki "KPZ" adlanan yerdə keçirmiş, nə yatmağa, nə də ki, dincəlməyə heç bir şərait olmamışdır. Bu onun həyatında ən çətin, stresli gecəsi olmuşdur. Gecə boyu demək olar ki, yata bilməmişdir. Ailəsi ona görə çox narahat idi, onlarla danışmağa şərait yaratmamışlar. Telefonunu əlindən almışlar və o, heç kimə xəbər verə bilməmişdir. Mənəvi narahatlıqdan əlavə fiziki olaraq da əziyyət çəkir, çünki "KPZ" adlanan yerdə gecəni keçirmək üçün şərait yox idi. Halbuki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 2012-ci il 22 may tarixli 352- İVQ nömrəli Qanunun 5.1 -ci maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi və bu Qanunla müəyyən edilmiş hallarda və müddətlərdə müvəqqəti saxlama yerlərində saxlanılırlar. DİN Kollegiyasının № Ql-001-13 saylı 14 yanvar 2013-cü il tarixli "Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat"ın təsdiq edilməsi haqqında Ql-001-13 saylı, 14 yanvar 2013-cü il tarixli qərara əsasən, məni "KPZ"-yə deyil, Nərimanov Rayon Polis İdarəsindəki müvəqqəti saxlama yerinə aparmalı idi. Çünki "KPZ"-də adıçəkilən qərarda onun üçün yaradılmalı olan şəraiti təmin etmək mümkün deyildi. Onu orada daim təzyiq içərisində saxlayırdılar. Bundan başqa Şöbə Restoranın işlədilərək karantin qaydasının pozulmasına görə sahibkarı deyil, onu, yəni Restoranın işçisini (meneceri) məsuliyyətə cəlb etmişdir. Amma inzibati xətanın adından da göründüyü kimi, restoranı işlətməkdən bəhs edilir. O isə işçidir və restoranın sahibi olan işəgötürənin tapşırıqları ilə hərəkət edir. Halbuki, İXM-ə əsasən, fərdi sahibkar olaraq kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər vəzifəli şəxslər kateqoriyasına daxildir və 211.4-ci maddədə vəzifəli şəxslər inzibati xətanın subyekti kimi göstərilmişdir. Həmin maddədə fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərin inzibati məsuliyyəti müəyyən edilmişdir, çünki xətanı törədənin statusundan asılı olaraq məsuliyyət də ağırlaşdırılmışdır. Təsəvvür edin ki, Restoranın işçisi olan biri Restoranı işlətməyə görə fiziki şəxs qismində məsuliyyətə cəlb olunur. Sual ortaya çıxır ki, fiziki şəxs olaraq mənim Restoranla bağlılığım nədə özünü göstərir. Restoranı işlədən mütləq qaydada vəzifəli şəxs statusuna malik olmalıdır ki, Restoranla əlaqəsi mövcud olsun. Belə ki, İXM-in 17 -ci maddəsinə əsasən, Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, barəsində tərtib edilmiş protokol və qərar İXM-nin müddəalarının kobud şəkildə pozulması ilə tərtib edilmişdir və tamamilə əsassızdır. Hazırda qüvvədə olan qərarla Restoran saat 00:00-dan 09:00-dək çatdırma xidmətləri göstərə bilər. Restoranı işlədərək karantin qaydalarının pozulmasına əsaslanan qərar tamamilə Nazirlər Kabinetinin qərarlarına ziddir. Bütün bunları nəzərə alaraq, barəsində tərtib edilmiş 21 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 və onun nümayəndəsi X11 məhkəmə iclasında şikayətin təmin edilməsini və qərarın ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-i məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 21 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilməli və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş 21 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 21.08.2021-ci il tarixdə saat 00:30 radələrində Nərimanov rayonu, Həsənoğlu 4, X12 arxasında yerləşən "Pizza Mizza" restoranında karantin rejimini pozmuşdur. Bununla da barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşı Anar Məmmədov tərəfindən qəbul edilmiş 21 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 21.08.2021-ci il tarixdə karantin rejim qaydalarını Nərimanov rayonu, Həsənoğlu 4, X12 arxasında yerləşən "Pizza Mizza" restoranında pozması əsas gətirilərək İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinmiş və 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd diskə məhkəmə iclasında baxış keçirələrkən müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fotoşəkil və üç ədəd videomaterial vardır. Həmin videomateriallara baxış zamanı müəyyən edilir ki, üç nəfər polis əməkdaşı gecə saatlarında Nərimanov rayonu, Həsənoğlu 4, X12 arxasında yerləşən "Pizza Mizza" restoranına doğru yaxınlaşmış və polis əməkdaşlarından biri dərhal əlindəki telefonun kamerasını işlək vəziyyətə salaraq videoçəkiliş etməyə başlamış və obyektə daxil olmuşdur. Daha sonra yeddi nəfər vətəndaşı post patrul avtomobilinə əyləşdirərək Polis Bölməsinə aparmışlar. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması əsas gətirilərək İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş videomateriallardan müəyyən edilmişdir ki, hadisənin baş verdiyi 21.08.2021-ci il tarixdə saat 00:30 radələrində "Pizza Mizza" restoranı vətəndaşlara yerində xidmət göstərməmiş, onlayn sifariş əsasında çatdırılma xidmətinin həyata keçirmiş, həmin restoranın daxilində və qarşısında isə yalnız restoranın işçiləri olmuşdur. Daha sonra həmin işçilər (07 nəfər) nəfər işçi post patrul avtomobilinə əyləşdirilərək Polis Bölməsinə aparılmışlar. Məhkəmə iclasında X6 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 21.08.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş 21.08.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X6 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 21 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 İXM-in 211.1-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 21 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2018/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2018/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver