Məhkəmə qərarları › İş №3(005)-2024/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2024/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2024/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Zərər çəkmiş şəxs-Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 198.3-cü maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 03 sentyabr 2021-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərarda göstərilmişdir ki, Şəxs əmək mühafizəsinin başqa qaydalarını pozaraq 27 mart 2021-ci il tarixdə ünvan 3 ünvanında fəaliyyət göstərən divar daşlarının hazırlanması sexində Zərərçəkmiş şəxs az ağır xəsarət almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, 27 mart 2021-ci il tarixdə səhər saatlarında işə gəldikdə Rəşad ondan xahiş etmişdir ki, hazır fiqurları yığmaqdan ötrü sexdə rəflər hazırlasın. Ona görə də, sexdə olan taxta materialları toplayaraq içəridə kəsici alət olan əl mişarı (laqonda) ilə kəsərək rəf hazırlamağa başlamışdır. Qeyd etmişdir ki, əl mişarını işə salan düyməsi xarab olduğundan məcbur olaraq mişarı işə salmaq və söndürmək üçün şnurunu rozetkaya taxıb-çıxarmalı idi. Rahat olması və işi tez bitirməkdən ötrü əl mişarını razetkaya taxıb çıxartmağı isə Nadirdən xahiş etmişdir. Laqondanı işə salıb istifadə etdikdən sonra isə elə ayağının yanına yerə qoymuşdur. Bu minvalla işin müəyyən hissəsini görmüşdür. Təxminən saat 11-12 radələrində taxtaların üstündə sonradan kəsmək rahat olması üçün xətkeş ilə ölçülər edərkən qəflətən sağ ayağının yanında yerə qoyduğu laqonda işə düşmüş, nəticədə sağ ayağından xəsarət almışdır. Belə ki, sexin digər işçisi Sərdar bilmədən laqondanın şnurunu başqa cihazın şnuru ilə səhv salaraq laqondanın şnurunu razetkaya salmış, bunun nəticəsində laqonda işə düşərək sağ ayağının üst nahiyəsini kəsmişdir. Bu barədə dərhal sexdə olan Rəşad və Hikmətə məlumat verdikdə onlar Hikmətin avtomobili ilə onu birbaşa Sabunçu Şöbəsinə xəsarətin evdə almasını söyləmişdir. Belə ki, yolda olarkən Rəşad ona müalicə xərclərində köməklik edəcəyinə söz vermişdir. Bu səbəbdən qərar vermişdir ki, hadisə barədə məlumat verməsin. Xəstəxanada sağ ayağının üst nahiyəsinə tikiş vurulduqdan və ilkin tibbi yardım göstərildikdən sonra evə yazılmışdır. Ertəsi günü onu ziyarət etmək üçün evinə gələn Rəşad bir daha narahat olmamasını, sağalana kimi ona maaş ödəyəcəyini bildirib sağalması üçün lazım olacaq bütün müalicə xərclərini də ödəyəcəyinə söz vermişdir. Hadisədən sonra təxminən 5-6 gün sonra ayağında ağrıların çoxaldığını görüb elə Rəşad və Hikmətlə birgə Travmatologiya İnstitutuna getmişlər. Orada həkimlər ona ayağının mütləq əməliyyat olunmasını, əməliyyat pulunun isə 800 manat olacağını demişlər. Rəşad həmin məbləği üzərinə götürəcəyəni söz verdiyi üçün əməliyyat üçün gərək olan analizləri vermişdir. Sonradan isə əməliyyat üçün gün təyin etməkdən ötrü Rəşada zəng edib bu barədə maraqlansa da, Rəşad ona cavab vermişdir ki, bir az səbirli olsun, qısa müddət ərzində pulu toplayıb onu əməliyyat etdirəcək. Bu söhbətdən sonraki müddət ərzində isə Rəşad müxtəlif bəhanələr gətirərək əməliyyat üçün lazım olan pulu verməkdən yayınmış, telefon zənglərinə belə cavab verməməyə başlamışdır. Buna görə də, hadisənin əsl səbəbi barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 18.05.2021-ci il tarixli 234 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ ayağının arxa səthinin kəsilmiş-didilmiş yarası, İV-V barmağın açıcı vətərinin kəsilməsi, İV-V daraq sümüyün açıq qəlpəli sınığı iti kənarlı mişarlayıcı alətin təsirindən törənib, müddəti qərarda göstərilən 27.03.2021-ci il tarixə uyğun gəlir, dərəcisən görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 23 avqust 2021-ci il tarixli 10/3534 nömrəli rəyində qeyd olunmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013-75 DÜST-ün 6.1, 6.2.1,6.3.1,6.3.2 və 6.4.18 bəndlərinin tələbləri pozulmuşdur. Əl elektrik maşınları üzrə istehsalat təlimi keçməmiş, biliyi yoxlanılmamış və təhlükəsizlik texnikası üzrə ixtisas qrupu olmayan Zərərçəkmiş şəxs sexin ərazisində işlərin görülməsinə cəlb edildiyinə görə, “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013-75 DÜST-ün 6.1 bəndinin tələbləri sexdə işçilərin işə qəbulunu, vəzifəyə təyin edilməsini həyata keçirən X3 tərəfindən pozulmuşdur. Sexin daxilində elektrik açarı düzgün işləməyən elektrik əl maşının istismarına yol verildiyinə görə, “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013- 75 DÜST-ün 6.2.1, 6.3.1, 6.3.2, 6.4.18 bəndlərinin tələbləri sexdə işlərin görülməsinə rəhbərlik etmiş Şəxs tərəfindən pozulmuşdur. Hadisənin sexin daxilində istifadə olunan elektrik əl maşınında olan nasazlıq nəticəsində baş verməsini nəzərə alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində AR İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokurorluğuna məlumat verilməsi və s. qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 03 sentyabr 2021-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar