Məhkəmə qərarları › İş №3(005)-2025/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2025/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2025/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 03 sentyabr 2021-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin Qərardan görünür ki, 27 mart 2021-ci il tarixdə vət. X4 usta kimi işə düzəldiyi ünvan 1 ünvanında fəaliyyət göstərən divar daşlarının hazırlanması sexində işləyərək sağ ayağından əl mişarı (laqonda) ilə xəsarət alaraq “sağ pəncənin üst hissəsinin kəsiyi” diaqnozu ilə 3 saylı şəhər kliniki xəstəxanasına müraciət etməsi faktı əsasında Nərimanov RPi-nin 18-ci Polis Şöbəsində toplanmış material 19 may 2021-ci il tarixdə Nərimanov rayon Prokurorluğuna daxil olmuşdur. Aparılan araşdırma nəticəsində ünvan 1 ünvanında fəaliyyət göstərən divar daşlarının hazırlanması sexində işçilərin işə qəbulunu, vəzifəyə təyin edilməsini həyata keçirən və fiziki şəxs kimi dövlət qeydiyyatından keçərək ********** nömrəli VÖEN əldə etmiş xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, deməsinə görə məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun nümayəndəsi X5 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarın məzmununa uyğun çıxış edərək Şəxs barəsində qanunauyğun tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 2019-cu ildə Nərimanov rayonu, Çaykovski küçəsi 2 ünvanında Rəşadın dostuna məxsus obyektdə fəaliyyətə başlamışlar. Həmin obyekti əsasən sex və ofis kimi istifadə etmişlər. Həmin vaxtlarda Rəşad Dadaşovun adına olan “VÖEN” ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Ofisdə əsas işi işçilərlə əmək müqavilələrinin bağlanması, qeydiyyata alınması, habelə mühasibat işlərini həyata keçirmək olmuşdur. İşlərə rəhbərliyi isə Rəşad Dadaşov etmişdir. 2021-ci ilin fevral-mart aylarında Rəşad Dadaşovun qərarı yeni sexdə gips və sementdən hazırlanan dekor divar daşlarının (kabançik) istehsalı prosesi ilə məşğul olmaq qərarına gəlinmişdir. Rəşadın xahişi ilə bu işləri onun adına olan VÖEN ilə həyata keçirməyə başlamışlar. Özü də Rəşadın yanında elə adi işçi kimi işləyirmiş, bu barədə Rəşad ilə razılıqları olmuşdur. Həmin sexdə Rəşad Dadaşovun dedikləri işçilər ilə əmək müqavilələrini bağlamış və sistemə qeydiyyata salmışdır. Həmin işçiləri isə Rəşad şəxsən tanımış və işlərə usta, usta köməkçisi kimi işlərə cəlb etmişdir. Hər bir işçinin, o cümlədən özünün də aylıq maaşlarını Rəşad özü ödəyirdi. X7 26 mart 2021-ci il tarixdə sexdə usta kimi işləyən Nadir Dadaşovun vasitəsi ilə sexdə işləmək üçün Rəşada müraciət etmiş, Rəşad isə buna etiraz etməmişdir. Razılığa əsasən İlqar 3 gün ərzində sexdə görülən işlərlə tanış olmalı və öyrənməli, 3 gündən sonra isə işləmək üçün razı olsa onunla əmək müqaviləsi bağlanmalıdı. Həmin müddəti isə qeyd etdiyim kimi, ona işlərlə tanış olması üçün verilmişdi. 27 mart 2021-ci il tarixdə isə saat 11 radələrində İlqar sexdə Rəşadın tapşırığı ilə hazır dekor daşların yığılması üçün taxta materialdan rəf hazırlayarkən sağ ayağından xəsarət almışdır. Belə ki, sonradan İlqarın deməsindən bildi ki, o, sexdə rəfləri yığmaqdan ötrü taxtaları kəsən zaman ona Nadir köməklik etmiş, laqundanın tokunu razetkaya salıb-çıxarmışdır. Həmin vaxt orada usta işləyən Sərdar preparatorun toku ilə laqundanın toklarını səhv salaraq tokunu razetkaya taxmaq əvəzinə bilməyərəkdən laqundanın tokunu rozetkaya salmış, laqunda isə həmin vaxt işə düşərək İlqarın sağ ayağının üstünə dəymiş, nəticədə İlqar xəsarət almışdır. Bununla əlaqədar Rəşad İlqarı xəstəxanaya aparmış, müalicəsi üçün gərəkli köməklik etmişdir, lakin sonradan İlqar Rəşad ilə anlaşmızlıq üstündə sonuncunun barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Həmçinin bildirmişdir ki, xəsarət almış İlqar işə yeni başladığından onunla əmək müqaviləsi bağlanılmamışdır. Sexdə işləmiş işçilərlə əmək müqaviləsi bağlanılan zaman onlara əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimat keçirilməmişdir. Rəsmi olaraq sexdə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair cavabdeh şəxs olmamış, yalnız görülən işlərə Rəşad nəzarəti həyata keçirmiş, tapşırıqları və görüləcək işləri demişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 17 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı X8 həmin protokolu tərtib etmişdir ondan ötrü ki, hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış, Nərimanov rayonu, Çaykovski küçəsi 2 saylı binanın zirzəmisində keçirilmişdir. Qeyd olunan ünvan 9 mərtəbəli yaşayış binasıdır. Binanın sağ tərəfində, eninə olan hissədən zirzəmiyə taxtadan giriş qapısı var. Giriş qapısından içəri daxil olarkən zirzəmiyə pilləkənlər düşür. Pilləkənlərin sonundan növbəti qapıda ofis təyinatlı otaq var. Otaqda baş tərəfdə kreslo, qarşısında stol, şkaf, divardan mebel üçün parça nümunələri asılmışdır. Qeyd olunan otaqdan içəriyə daxil olarkən dekorativ daşların hazırlanması üçün qəliblər, sanitar qovşağı və dəhliz yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 18.05.2021-ci il tarixli, 234 saylı rəyindən görünür ki, X4 almış olduğu xəsarətlər – sağ ayağın arxa səthinin kəsilmiş-didilmiş yarası, İV-V barmağın açıcı vətərinin kəsilməsi, İV-V daraq sümüyünün açıq qəlpəli sınığı iti kənarlı mişarlayıcı alətin təsirindən törənib, müddəti qərarda göstərilən 27.03.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2021-ci il tarixli, 10/3534 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013-75 DÜST-ün 6.1, 6.2.1, 6.3.1, 6.3.2, 6.4.18 bəndlərinin tələbləri pozulmuşdur. Əl elektrik maşınları üzrə istehsalat təlimi keçməmiş, biliyi yoxlanılmamış və təhlükəsizlik texnikası üzrə ixtisas qrupu olmayan X1 ərazisində işlərə cəlb edildiyinə görə, “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013-777555 DÜST-ün 6.1 bəndinin tələbləri sexdə işçilərin işə qəbulunu, vəzifəyə təyin edilməsini həyata keçirən Şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlaməti olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İnziabati Xətalar Məcəlləsinin 192.1, 198.3 və 555.1-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati əta haqqında iş üzrə icraatın başlanılması məsələrinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilməsi, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır. İş materiallarında olan əmək müqaviləsi bildirişlərinin surətlərindən görünür ki, Şəxs müxtəlif şəxslərlə əmək müqaviləsi bağlamaqla işəgötürən şəxs qismində çıxış etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs fiziki şəxs kimi qeydiyyatdan keçərək ünvan 1 ünvanında fəaliyyət göstərən divar daşlarının hazırlanması sexində işçilərin işə qəbulunu, vəzifəyə təyinatını həyata keçirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 03 sentyabr 2021-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın ödənilməsi dövlət hesabına aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar