Məhkəmə qərarları › İş №3(005)-2039/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2039/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2039/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər Baş DYPİ-nin xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 14921182 nömrəli, 06 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmiş, qərarın ləgv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 06 iyun 2023-cü il tarixdə “SMS Radar” elektron məlumat vasiətəsilə ona məlumat verilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə barəmdə EQ 14921182 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh tədbiri barədə qərar tərtib olunub. Qeyd olunur ki, nəzərdə tutulan qərar qanunsuz və əsassızdır. Belə ki, qərar tərtib olunarkən AR İXM-in müddəaları nəzərə alınmamışdır. Elektron qərara əlavə olunmuş fotolara baxış keçirdikdə Ziya Bünyadov prospektində hərəkət edərkən yolun sağ tərəf istiqamətində dayanmış və 1 dəqiqə ərzində başqa şəxsdən sənəd götürüb (avtomobili tərk etmədən) oradan ayrılmışdır. Həmin vaxt o avtonəqliyyat vasitəsini tərk etməmiş, heç bir hərəkət iştirakçısına maneə törətməmiş və bu həmin qərara əlavə olunmuş videodan da görünə bilər. Avtomobili tərk etmədiyi halda foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və bu qüvvədə olan inzibati xəta haqqından qanunvericiliyin tələb və prinsiplərinə ziddir.Belə ki, AR İXM-də dayanma və durma qaydasının pozulması hallarının sənədləşdirilməsi mexanizmi aydın təsbit olunmuşdur. Belə ki, Məcəllənin 124-cü maddəsinin tələblərinə əsasən bu növ qayda pozuntuları bilavasitə səlahiyyətli şəxs tərəfindən yerindəcə operativ nəqliyyat vasitəsinə quraşdırılmış bort kompüter vasitəsilə və xəta törətmiş şəxsin iştirakı ilə sənədləşdirilməlidir. Onun tərəfindən törədilməsi ehtimal edilən, Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompüter) aşkar edilmişdir. Lakin Azərbaycan Respublikası İXM-in 122.1 -ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Belə olduğu təqdirdə onun iş materiallarına əlavə etdiyi inzibati tənbehvermə haqqında qərardan, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, həmin qərarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə aşkar edilməmişdir, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 124.6-ci maddəsinə əsasən bu Məcəllənin 346.1, 346.2. 346- 1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla. nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Odur ki, İXM in 124-cü maddəsinin əksinə olaraq heç bir səlahiyyətli vəzifəli şəxs nəqliyyat vasitəsinə yaxınlaşaraq hüquq pozuntusu qeydə almamışdır. Bununla da, İXM-in 124.5 və 124.6-cı maddələrinə əsasən həmin Məcəllənin 346.1-cı maddəsi üzrə xətanın aşkar edilməsi üçün iki halın bir yerdə mövcud olması tələb olunur: birincisi, inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmamalıdı; ikincisi isə həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratmalıdır. Beləliklə icraatın İXM-in 122-ci maddəsi əsasında deyil, 124.5 və 124.6-cı maddələri əsasında aparılması iş üzrə sübut oluna bilməz və qərar birmənalı olaraq ləğv olunmalıdır. Bir daha qeyd edim ki, əgər EQ 14921182 saylı, xx.xx.2023-cü il tarixli qərar İXM-in 122-ci maddəsi əsasında deyil, 124.5 və 124.6-cı maddələri əsasında tərtib edilmişdirsə, onda səlahiyyətli vəzifəli şəxs tərəfindən həmin normalarda qeyd olunan hər iki halın mövcudluğu müəyyən olunmalı idi. Lakin AR DİN BDYPİ bununla bağlı nəinki heç bir sübut təqdim etməyib, əksinə fotolardan da görünür ki, idarə etdiyim nəqliyyat vasitəsi birinci cərgədə dayanaraq heç bir yol hərəkəti iştirakçısına heç bir maneə törətmir, hətta törətsə belə AR DİN BDYPİ əməkdaşı yaxınlaşmır. Bundan əlavə, İnternet vasitəsilə isə “SMS Radar” elektron məlumat vasitəsinə daxil olmuş inzibati xətanın fotolarından müəyyən oluna bilər ki, sükan arxasındadır. Bu o deməkdir ki, hətta AR DİN BDYPİ-nin vəzifəli şəxsi nəqliyyat vasitəsinə yaxınlaşmış olsaydı belə inzibati xəta inzibati tənbeh tətbiq edə bilməzdi. Odur ki, icraat İXM-in 124.5 və 124.6-cı deyil, məhz 122-ci maddəsi əsasında aparıldığından, EQ 14921182 saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhər Baş DYPİ-nin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhər Baş DYPİ-nin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 14921182 nömrəli, 06 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən «Mersedes Benz 320» minik markalı, ** VR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 14921182 nömrəli, 06 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri; - inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; - inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; - inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; - işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X1 İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaı törədib törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X1 barəsində hər hansı sübut olmadan İXM-in 346.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X1 İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə dayanma və ya durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 14921182 nömrəli , 06 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 14921182 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar