Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2051/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bardak restoranında masa xidmətçisi işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 17 avqust 2021-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Nərimanov RPİ DYPŞ-i tərəfindən 09.09.2021-ci il tarixdə AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 24 iyun 2021-ci il tarixdə saat 01:55 radələrində idarə etdiyi “BMW” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin İ bəndinin tələbini pozaraq dayanmış vəziyyətdə olan “Opel” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, toqquşmanın nəticəsində sonuncu avtomobil istiqamətini dəyişərək dayanmış vəziyyətdə olan “Ford Transit” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə, vətəndaş E.Hüseynova, vətəndaş F.Kərimova və vətəndaş H.Sehracəddinə dəymişdir. Hadisə zamanı avtomaşınlara maddi zərər dəymiş, vətəndaş F.Kərimov və E.Hüseynova yüngül dərəcəli bədən xəsarəti almışlar. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında protokola uyğun izahat verərək, bildirmişdir ki, 24 iyun 2021-ci il tarixdə təxminən saat 01:55 radələrində özünə məxsus olan “BMW 320-minik” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 100 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə, Ağaoğlu küçəsi istiqamətindən C.Hacıbəyli küçəsi istiqamətinə, 2 zolaqdan ibarət avtomobil yolunun sağdan 2-ci zolağı ilə hərəkət edərkən Təbriz küçəsi 29 saylı ünvanın yaxınlığına çatanda qarşısında, onunla eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan avtomobilin sağ tərəfindən ötmək istədiyi zaman avtomobil yolunun sağ tərəfində, parklanmaya icazə verilməyən yerdə minik avtomobilinin dayandığını görüb ona çırpılmamaq üçün əyləci sıxmışdır. Lakin idarə etdiyi avtomobilin əyləci xeyli sürüşdükdən sonra yolun sağ tərəfində, parklanmaya icazə verilməyən yerdə dayanmış, hadisədən sonra markası və dövlət qeydiyyat nişanı ona məlum olan “OPEL ASTRA-minik” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış və səki üzərinə keçib dayanmışdır. Avtomobildən yerə endikdən sonra avtomobilinin yaxınlığında, avtomobil yolunda təxminən 35-40 yaşlarında olan dolu bədənli bir kişinin uzandığını görmüşdür. Eyni zamanda zərbənin təsirindən “OPEL ASTRA-minik” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil qarşıya gedərək qarşısında, yolun sağ hissəsində dayanmış “FORD TRANZİT-yük” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. O, yerdə uzanmış vəziyyətdə olan şəxsə yaxınlaşıb köməklik göstərib yerdən ayağa qaldırmaq istəmişdir. Lakin həmin şəxsin özü və orada olan qohumları yerdən qaldırmasına qarşı çıxmışlar. Həmin şəxsə müraciət etmişdir ki, onun avtomobilində əyləşsin. Lakin yerdə uzanmış şəxs razı olmamışdır. Hadisədən təxminən 10-15 dəqiqə keçmiş hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşları və TTYS-nın həkim briqadası gəlmişlər. Həkimlər yerdə uzanıqlı vəziyyətdə olan şəxsi müayinədən keçirmək üçün xəstəxanaya aparmışlar. Səlahiyyətli orqana və zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsindən RPİ-nə daxil olmuş 28 iyul 2021-ci il tarixli, 557 saylı ekspert rəyindən görünür ki, X3 Məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin | Nərimanov rayon şöbəsindən RPİ-nə daxil olmuş 28 iyul 2021-ci il tarixli, 559 saylı ekspert rəyindən görünür ki, X1 Məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət t aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsindən RPİ-nə daxil olmuş 28 iyul 2021-ci il tarixli, 559 saylı ekspert rəyindən görünür ki, X7 bədən səthində aşkar edilmiş xəsarətlər:-sağ ənsə təpə nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, sağ bazunun, sağ diz oynağının, sağ budun qançırları, sağ bazunun, sağ dirsək oynağının, sağ saidin, sağ budun, sağ baldırın sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 24 iyul 2021-ci il tarixdə minik avtomobili ilə vurulması nəticəsində əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərə vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsindən RPİ-nə daxil olmuş 28 iyul 2021-ci il tarixli, 558 saylı ekspert rəyindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər:- sağ mil bilək oynağının əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir. 24 iyul 2021-ci il tarixdə minik avtomobili ilə vurulması nəticəsində əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərə vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin qeyd olunan yolnəqliyyatı hadisəsi sürücü Şəxs ehtiyatsızlığı nəticəsində əmələ gəldiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz izahatı ilə yanaşı, zərər çəkmiş şəxslərin rədd materialında olan izahatı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə barəsində inzibati icraat aparılan şəxsin məhkəmə iclasında vermiş olduğu izahatını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2051/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2051/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver