Məhkəmə qərarları › İş №3(005)-2054/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2054/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2054/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X1 Ehtibar qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs QSC 162400.00 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 98286.76 Avro hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, Şəxs QSC 162400.00 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 98286.76 Avro məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirmişdir ki, protokol üzrə qeyd edilmiş 98286.76 Avro məbləği onların iradəsindən asılı olmayan səbəblərdən gecikmişdir. Belə ki, sifarişçi şirkət “Azərenerji” sifariş verildikdən qısa müddət sonra sifarişi dəyişdirmiş, bununla bağlı qarşı tərəflə yazışmalara başlamışlar. Sifariş edilən məhsulların hazırlanma müddəti 15 ay olduğu üçün bu məhsulun hazırlanması və ya pulun geri qaytarılması müəyyən qədər vaxt tələb etmişdir. Aralarında olan yazışmalardan da göründüyü kimi, o cümlədən Türkiyə Respublikasında infilyasiya olması səbəbindən üçün avans ödənişinin geri qayıtması gecikmiş, lakin hər bir halda ölkəyə qaytarılmışdır. Belə ki, keçən ildən bəri onlar mütəmadi əlaqə saxlayaraq pul vəsaitlərinin geri qaytarılmasına çalışmışlar, lakin nəticə əldə edilməmişdir. Bununla bağlı zəruri sənədləri bankdan əldə etmişlər. Qeyd olunan sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Elektron bank çıxarşından görünür ki, "BCC Group” QSC tərəfindən xx.xx.2023-cü il tarixində “Güralp Vinç ve X2” şirkətinin xeyrinə aparılmış 98286.76 Avro (doxsan səkkiz min iki yüz səksən altı. yetmiş altı Avro) avans ödənişi xx.xx.2025-ci il tarixində tam bağlanılmışdır. Email yazışmalarından görünür ki, Şəxs ilə Türkiyə Respublikasının “Güralp” şirkəti arasında yazışmalar aparılmış, sifarişin dəyişdirilməsi və pulun qaytarılması ilə bağlı cəhdlər edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən, iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi qərarında qeyd olunduğu kimi, Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sübutlara əsasən Şəxs QSC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilmənin fundamental əsası, şəxsin əməlində yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi və bu əməlin törədilməsində onun təqsirinin olmasıdır. Təqsir olmadan məsuliyyətin yaranması inzibati hüququn təməl prinsiplərinə ziddir. Habelə, Məcəllənin 8-ci maddəsi ilə təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 19 dekabr 2019-cu il tarixli Qərarında xüsusilə vurğulamışdır ki, məhkəmələr İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində şəxsin təqsirini dəqiq müəyyən etməlidirlər. Həmin Qərara əsasən, malların gətirilməsi və xidmətlərin göstərilməsinin şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.) gecikdirilməsi ehtimalı nəzərə alınmalı və bu, məhkəmə tərəfindən işin bütün hallarını nəzərə almaqla şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirilə bilər. Bu hüquqi mövqe, həmçinin Plenumun 28 fevral 2020-ci il tarixli Qərarında bir daha təsdiqini tapmışdır. Beləliklə, ali məhkəmə orqanı hüquqtətbiqedici orqanlara təkcə hüquq pozuntusunun formal tərkibini deyil, həm də subyektiv tərəfini, yəni təqsirin mövcudluğunu hərtərəfli və obyektiv araşdırmaq vəzifəsini yükləmişdir. Məhkəməyə təqdim olunmuş sübutlar – Şəxs QSC və Türkiyə Respublikasının «Güralp Vinç ve X2» şirkəti arasında aparılan elektron yazışmalar və xx.xx.2025-ci il tarixli elektron bank çıxarışı – birgə və əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən edilir ki, qabaqcadan ödənilmiş 98286.76 Avro məbləğində valyuta vəsaitinin qanunla müəyyən edilmiş 2 (iki) il müddətində geri qaytarılmamasının səbəbi, Şəxs QSC-nin qəsdən və ya səhlənkarlıqdan irəli gələn hərəkətsizliyi deyil, onun iradəsindən kənar, obyektiv amillərlə bağlı olmuşdur. Belə ki, sifarişçi “Azərenerji” tərəfindən sifarişin dəyişdirilməsi və Türkiyə Respublikasında mövcud olan iqtisadi vəziyyət (inflyasiya) kimi amillər ödənişin qaytarılmasını ləngitmişdir. Şəxs QSC mütəmadi olaraq qarşı tərəflə yazışmalar apararaq vəsaitin qaytarılması üçün özündən asılı olan bütün zəruri və ağlabatan tədbirləri görmüşdür. Bu, şirkətin valyuta nəzarəti qaydalarını pozmaq niyyətinin olmadığını, əksinə, yaranmış mürəkkəb kommersiya vəziyyətini həll etməyə çalışdığını sübut edir. Nəticə etibarilə, inzibati xəta haqqında iş üzrə məhkəmə baxışı başa çatanadək, xx.xx.2025-ci il tarixində avans olaraq ödənilmiş 98286.76 Avro məbləğində vəsait tam həcmdə Şəxs QSC-nin bank hesabına qaytarılmışdır. Bu hal, özlüyündə hüquq pozuntusunu aradan qaldırmasa da, hüquqi şəxsin təqsirinin dərəcəsini və mahiyyətini qiymətləndirərkən mühüm sübut kimi nəzərə alınmalıdır. Məhkəmə müəyyən edir ki, İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv tərəfi – yəni vəsaitin 2 illik müddətdən gec qaytarılması faktı – mövcud olsa da, xətanın subyektiv tərəfi, yəni təqsir (qəsdən və ya ehtiyatsızlıq formasında) mövcud deyil. Sübutlar toplusu göstərir ki, Şəxs QSC-nin hərəkətləri onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir və o, vəziyyəti aradan qaldırmaq üçün bütün lazımi addımları atmışdır. İnzibati xətanın tərkibinin zəruri elementlərindən biri olan təqsir sübuta yetirilmədiyindən, İXM-nin 53.1.2-ci maddəsinə əsasən, Şəxs QSC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati məsuliyyətin tətbiqi, hüquqi şəxsin təqsiri olmadan, yalnız formal pozuntuya görə həyata keçirilməsi, ədalət və mütənasiblik prinsiplərinə zidd olardı. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar