Məhkəmə qərarları › İş №3(005)-2057/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2057/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2057/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbaslı Pərvanə Etibar qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqınneda işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Neşve” adlı obyektdə xx.xx.2025-ci il tarixdə saat 12:57-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 protokolda göstərilənlərə uyğun izahat verərək hüquqi şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, hüquqi şəxs tərəfindən hazırda qanunvericiliklə nəzərdə tutulmuş bütün ödənişlər rəsmi qaydada ödənilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, açıq məkanda reklam yerləşdirilməsinə dair müvafiq icazənin müddətinin bitməsindən onların məlumatı olmamışdır. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən onlara xəbərdarlıq məktubu gəlməmişdir. Onların bu pozuntudan barələrində materiallar məhkəməyə daxil olduqdan sonra məhkəmə vasitəsilə məlumatları olmuşdur. Məlumat əldə etdikdən sonra Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə rəsmi qaydada müraciət edərək müvafiq ödənişləri ödəmiş və icazələrini yeniləmişlər. Belə ki, dəfələrlə reklam agentliyinin rəhbərliyinə ona qrafik ödəniş verilməsi barədə xahişlər etsə də, ona cavab verilməmişdir. Bu səbəbdən ödənişi icra edə bilməmişdir. Lakin, bunda hər hansı qəsdi olmamış, məhkəmədən məlumat alan kimi ödənişi icra etmişdir. Neşve bir marka olmaqla bərabər, onun qanunsuz fəaliyyəti mümkün deyildir. Odur ki, hüquqi şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsində vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. Bakı şəhəri Reklam İdarəsinin X4 ünvanladığı 13 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “NEŞVE” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da tərəflərindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barənizdə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, hüquqi şəxs tərəfindən 1210,00 və 520,00 manat məbləğlərində müvafiq reklam ödənişləri və rüsumlar icra edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 428.7-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 26.2-1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət TarixEtnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bu qənaət, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə, təqdim olunmuş sübutların məcmusunun qiymətləndirilməsinə və qanunvericiliyin fundamental prinsiplərinin tələblərinə əsaslanır. İXM-nin 3-cü maddəsinə əsasən, inzibati məsuliyyətin yaranması üçün yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində şəxsin təqsirli hesab edilməsi və əməldə inzibati xəta tərkibinin bütün digər əlamətlərinin mövcudluğu imperativ şərtdir. İnzibati xəta tərkibinin elementlərindən biri olan subyektiv cəhət, şəxsin törətdiyi hüquqazidd əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə olan psixi münasibətini ifadə edir və təqsirin qəsdən və ya ehtiyatsızlıqdan olması formasında təzahür edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhətinin, yəni müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktının mövcudluğu iddia edilir. Lakin inzibati məsuliyyətin yaranması üçün təkcə əməlin obyektiv cəhətinin mövcudluğu kifayət deyil, həmçinin subyektiv cəhətin, yəni şəxsin təqsirinin də mübahisəsiz sübutlarla təsdiq edilməsi zəruridir. Bu kontekstdə İXM-in 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi fundamental əhəmiyyət kəsb edir. Həmin maddəyə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. Məhz inzibati xəta haqqında protokol tərtib etmiş orqan inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsirini sübut etmək yükünü daşıyır və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, hüquqi şəxsin nümayəndəsi və direktoru məhkəmə iclasında ardıcıl olaraq bildirmişdir ki, onlar icazə müddətinin bitməsindən xəbərsiz olmuş, uzun illərdir ki, Reklam Agentliyi ilə əməkdaşlıq etmişdir. “Neşve” bir brend olmaqla bərabər, onların icazəsi fəaliyyət göstərməsi mümkünsüzdür. Belə ki, əgər icazələri olmadığı halda fəaliyyət göstərəcəkləri halda agentliyin reklamı sökmək səlahiyyəti vardır. İcazə barədə məlumatı və ödəniş icra etməli olduğu bank hesabı barədə məlumatları yalnız məhkəməyə çağırıldıqdan sonra əldə etmiş və dərhal qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq ödənişləri həyata keçirərək yeni icazə əldə etmişlər. Bu fakt, işə əlavə edilmiş ödəniş qəbzi ilə də təsdiq olunur. Bu hal, öz növbəsində, hüquqi şəxsin əməlində hüquq pozuntusunu törətmək və ya davam etdirmək niyyətinin və ya qəsdin olmadığını, əksinə, qanunauyğun davranışa (bona fides) meyilli olduğunu göstərir. Belə ki, iş materiallarında hüquqi şəxsə qanun pozuntularının aradan qaldırılması barədə göstəriş mövcud olsa da, həmin göstərişdə hüquqi şəxsə ödənişi icra etməli olduğu bank hesabı barədə məlumat mövcud olmamış, həmin sənədlər Reklam Agentliyi nümayəndəsi tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən direktor Eldar Rəfiyev də ona ödənişi icra etməsi üçün hesab qrafik təqdim edilmədiyini, bununla bağlı dəfələrlə agentliyin rəhbərliyinə müraciət etdiyini qeyd etmişdir. Belə olan halda, səlahiyyətli orqan tərəfindən İXM-in təqsirsizlik prezumpsiyasına dair 8-ci və sübutlara dair 76-cı maddələrinin tələbləri pozulmaqla, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri mübahisəsiz və yetərli sübutlarla təsdiq edilməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, inzibati tənbehin məqsədləri yalnız cəzalandırmadan ibarət deyil, həm də tərbiyəvi və preventiv (qabaqlayıcı) xarakter daşıyır. İnzibati xətanı törətmiş şəxsin yeni inzibati xətalar törədilməsinin qarşısını almaq məqsədini daşıyan bu tənbehin tətbiqi, hüquq pozuntusunun ictimai təhlükəliliyi aradan qalxdıqda və şəxsin özü tərəfindən pozulmuş hüquq münasibəti bərpa edildikdə öz aktuallığını itirə bilər. Mövcud iş üzrə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti pozuntu barədə məlumat əldə etdikdən dərhal sonra bütün zəruri öhdəlikləri yerinə yetirməklə, faktiki olaraq öz əməlinin hüquqi nəticələrini aradan qaldırmış, bununla da İXM-in 428.7.1-ci maddəsi ilə qorunan ictimai münasibətlərə dəyə biləcək zərərin qarşısını almışdır. Bu hal, İXM-in ədalətlilik prinsipi çərçivəsində nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunu İXM-in 84.1-ci maddəsinə uyğun olaraq öz daxili inamı ilə hərtərəfli, tam və obyektiv qiymətləndirərək bu qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin subyektiv cəhəti, yəni təqsir elementi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 4, 8, 53.2, 75, 76, 84, 105.1, 109, 114.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar