Məhkəmə qərarları › İş №3(005)-2058/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2058/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2058/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Barəsində X4 iş üzrə icraat aparılan şəxs BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri və vəkilləri X2 və Vəkil iştirakları ilə, BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri üzrə tərtib olunmuş X4 protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli X4 protokola görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (BOKT) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2020 xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək bildirmişdir ki, təxminən 80 müştəriyə münasibətdə müqavilələr bağlanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirmişdir ki, İXM-in 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Bu səbəbdən o, BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qanuna uyğun olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində X4 iş üzrə icraat aparılan şəxs BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz edərək bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi X1 Departamenti 23 yanvar 2024-23 fevral 2024-cü il tarixlərində BOKT-da kompleks yoxlama aparmış, aparmanın nəticəsində BOKT tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması barədə akt tərtib etmiş, bununla əlaqədar BOKT barəsində Azərbaycan Respublikası İXM-nin 598.1.1,598.1.2 və 598.1.6-cı maddələrinə əsasən EP ******* nömrəli, 05 iyul 2024-cü il tarixli X4 Protokol tərtib edilmişdir. Protokola əsasən BOKT tərəfindən aşağıdakı pozuntulara yol verildiyi qeyd edilmişdir: müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmaması; daxili nəzarət proqramının tətbiq edilməməsi, yaxud tam tətbiq edilməməsi; yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulması. Avropa İnsan Hüquqları Məhkəməsi “Əsədbəyli və başqaları Azərbaycana qarşı” işində müəyyən etmişdir ki, Azərbaycan qanunvericiliyinə əsasən “inzibati” kimi səciyyələndirilsə də, ərizəçilərə qarşı belə təqib cinayət işinin başlanması kimi tövsif edilməlidir. Bununla bağlı qeyd edirik ki, Azərbaycan Respublikası İXM-nin 598.1.1,598.1.2 və 598.1.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xətaların tərkibi BOKT-un əməlində yoxdur. A) Daxili nəzarət proqramının tətbiq edilməməsi, yaxud tam tətbiq edilməməsi ilə bağlı: Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. 6. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 3-21-28/3-6-6/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in (DNP) 2.1.1-bəndinə əsasən BOKT tərəfindən bir sıra daxili qayda və prosedurlar, nəzarət mexanizmləri və onların inkişaf planları qəbul edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (ƏL/TMM) Qanunun 10.1.4-cü maddəsinə əsasən öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi ilə bağlı tədbirlər görməlidirlər. Bundan başqa Azərbaycan Respublikası ƏL/TMM Qanununun 10.1.5-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi ilə bağlı tədbirlər görməlidirlər. Bununla bağlı, qeyd ounur ki, yuxarıda qeyd olunan Qanunun 01 fevral 2023-cü il tarixdə qüvvəyə minmiş və həmin müddətdən başlayaraq BOKT tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq daxili nəzarət proqramının tətbiq edilməməsi ilə bağlı prosesudurların tətbiqinə başlanmış həmin proqramdan irəli gələn qaydaların hazırlanmışdır. BOKT qanunla müəyyən edilmiş qaydaların nəzarət orqanına nə zaman təqdim olunması ilə bağlı qanunda öhdəlik qoyulmamışdır. Belə öhdəliyin qoyulması yalnız kompleks yoxlamadan sonra tələb olunmuş və buna müvafiq olaraq daxili nəzarət proqramına əsasən nəzərdərdə tutulan qaydalar nəzarət orqanına təqdim olunmuşdur. Beləliklə, BOKT-un əməlində Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci bəndinin pozuntusu, yəni daxili nəzarət proqramının tətbiq edilməməsi, yaxud tam tətbiq edilməməsinə dair tələblərə riayət olunmaması halı mövcud deyildir. B) Müştəri uyğunluğu tədbirlərinin pozuntusu ilə bağlı: Azərbaycan Respublikası İXM-nin 598.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə məsuliyyət nəzərdə tutulub. Azərbaycan Respublikası ƏL/TMM Qanununun 4.4.1-ci maddəsinə əsasən bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müştərini eyniləşdirməli (müştərinin xidmətlərdən daimi və ya qeyrimüntəzəm istifadə etməsindən, fiziki və ya hüquqi şəxs, habelə xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 3-21-28/3-6-4/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qərarı təsdiq edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”in (MUT Qaydaları) 2.1.1.2-2.1.1.5-ci bəndinə əsasən öhdəlik daşıyan şəxslər Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onların səlahiyyətli nümayəndələrini eyniləşdirmək məqsədilə onlar barədə ən azı aşağıdakı məlumatları müştəridən və ya digər mənbələrdən əldə etməlidirlər: fiziki şəxslərə münasibətdə əlaqə məlumatları (qeydiyyatda olduğu və (və ya) faktiki yaşadığı ünvanı, telefon nömrəsi, poçt ünvanı, elektron poçt ünvanı və s.), iş yeri va vəzifəsi (işəgötürənin adı daxil olmaqla), orta illik əmək haqqının məbləği, digər gəlir manbalari (pensiya, sosial müavinət/yardım, sahibkarlıq fəaliyyəti, depozit və ya onun faizləri, dividend ödənişləri, icarə haqqı, renta haqqı, royalti, miras payı və ya digər), bu mənbələr üzrə orta illik gəlirinin ümumi məbləği və dövrülüyü, hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmadığı təqdirdə və ya gəliri ilə əməliyyat aparmaq istədiyi əmlakın məbləği arasında uyğunsuzluq müəyyən edildikdə müştərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər (o cümlədən hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmayan və ya gəliri ilə əməliyyat məbləği arasında uyğunsuzluq müəyyən edilmiş maliyyələşdirən (sponsor) şəxslərin özlərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər) barədə bu Qaydaların 2.1.1.1-2115-ci abzaslarında nəzərdə tutulan məlumatları əldə etməlidirlər. MUT Qaydalarının 2.1.1.6-cı bəndinə görə öhdəlik daşıyan şəxslər əməliyyatın (əqdin) öz adından, lakin başqa şəxsin xeyrinə və ya tapşırığı ilə həyata keçirildiyi halda, həmin şəxsə dair bu Qaydaların 2.1.1.1-2.1.1.5-ci abzaslarında nəzərdə tutulmuş məlumatları əldə etməlidirlər. X4 protokol tərtib edənlər belə qənaətə gəlirlər ki, BOKT tərəfindən müştərilərə kredit verilərkən müştəri uyğunluğu yoxlanılması tam həyata keçirilməmiş, MUT Qaydalarının 2.1.1.2- 2.1.1.6-cı bəndlərində nəzərdə tutulan məlumatlar əldə olunmamışdır. X4 Protokola diqqət yetirərkən məlum olur ki, Protokolu tərtib edən inzibati şəxs MUT Qaydalarının qeyd olunan normasını məzmununu Protokolda natamam yazaraq səhv nəticəyə gəlmişdir. 17. Belə ki, MUT Qaydalarının 2.1.1-ci bəndinin tələblərinə gğrə Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Lakin bu qaydalarının müddəaları Qanunun 4.2.3-cü maddəsində nəzərdə tutulmuş hallara şamil edilmir. Azərbaycan Respublikası ƏL/TMM Qanunun 4.2-ci maddəsində deyilir: öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: 4.2.1. işgüzar münasibətlərin yaradılmasından əvvəl; 4.2.2. iyirmi min manat məbləğində (bundan sonra - limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir); 4.2.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl; 4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda; 4.2.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda. BOKT-un fəaliyyəti tam olaraq müştəri ilə birbaşa təmas üzərində deyil, maliyyə vəsaitlərinin elektron köçürülməsi üzərində qurulub. Belə olan halda onun fəaliyyəti ƏL/TMM qanunun 4.2.3-cü maddəsində nəzərdə tutulmuş hallara aid olur və həmin hallara MUT Qaydalarının 2.1.1.2-2.1. 1.6cı bəndləri tətbiq edilmir. Beləliklə, BOKT-un əməlində Azərbaycan Respublikası İXM-nin 598.1.1-ci bəndinin pozuntusu, yəni müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmaması halı mövcud deyildir. Müştəri uyğunluğu tədbirlərinin pozuntusu ilə bağlı: Azərbaycan Respublikası İXM-nin 598.1.6-cı maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur.Protokolda qeyd olunub ki, BOKT tərəfindən qeyd edilən kreditlər verilən zaman ilk dəfə ünsiyyət qurmadan yaradılan işgüzar münasibətlər zamanı real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə şəxsiyyətin verifikasiyası aparılmamışdır. Bununla bağlı Protokolu tərtib edən şəxslər MUT Qaydalarının 7.1.7-ci və 7.1.8-ci bəndlərinə istinad edir və həmin bəndlərin məzmununu aşağıdakı kimi göstərirlər: ”yeni texnologiyalar vasitəsilə müştəri ilə ilk dəfə birbaşa ünsiyyət qurmadan yaradılan işgüzar münasibətlər və aparılan əməliyyatlar zamanı təqdim olunmuş sənədlərin verifikasiyası və müştərinin kimliyinin yoxlarıılması üçün real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə müştərinin şəxsiyyətinin verifikasiyası aparılmalıdır”. Hesab olunur ki, burada da Protokolu tərtib edənlər istinad etdikləri hüquq normasının məzmununu təhrif ediblər. Belə ki, MUT Qaydalarının 7.1-ci bəndində deyilir ki, yeni texnologiyalar vasitəsilə müştəri ilə birbaşa ünsiyyət qurmadan yaradılan işgüzar münasibətlər və aparılan əməliyyatlar zamanı təqdim olunmuş sənədlərin verifikasiyası və müştərinin kimliyinin yoxlanılması üçün əməliyyatın növündən və xarakterindən asılı olaraq öhdəlik daşıyan şəxs tərəfindən aşağıdakı tədbirlərdən biri və ya bir neçəsini görülməlidir: 7.1.1. müştərinin müraciətinin onun gücləndirilmiş elektron imzası ilə təsdiqləməsini tələb etmək; 7.1.2. müştərinin təqdim etdiyi məlumatları elektron məlumat bazalarından və/və ya müstəqil kənar mənbələrdən yoxlamaq; 7.1.3. gücləndirilmiş müştəri autentifikasiyası aparmaq. Burada gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müraciət edən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur; 7.1.4. müştərinin təqdim etdiyi sənədləri onun razılığı ilə sorğu əsasında etibarlı üçüncü şəxsdən və ya dövlət qurumundan əldə etmək; 7.1.5. yazışmanı və sənəd mübadiləsini müştərinin rəsmi qeydiyyat ünvanı üzərindən aparmaq; 7.1.6. müştəridən hesabını və ya virtual kabinetini açdığı zaman ondan poçt, telefon və ya digər etibarlı yollarla təsdiqlənmiş ünvana təqdim olunan təhlükəsizlik kodlardan, elektron imzalardan, tokenlərdən və digər bu tipli şəxsiyyətini təsdiqləyən şifrələrdən istifadə edilməsini tələb etmək; 7.1.7. real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə müştərinin şəxsiyyətinin verifikasiyasını aparmaq; 7.1.8. öhdəlik daşıyan şəxsin daxili prosedurları ilə müəyyən edilmiş digər yoxlama və nəzarət tədbirlərini görmək. Göründüyü ki, MUT Qaydalarının 7.1-ci bəndi alternativ dispozisiyalardan istifadə edən normadır. Yəni yeni texnologiyaların tətbiq edilməsi zamanı (hipoteza), müştəri verifikasiyası üçün 7.1.1- 7.1.8-ci bəndlərdə sadalanan dispoziyalardan biri və ya bir neçəsi tətbiq edilməlidir. 26. Yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulması o zaman baş verər ki, MUT Qaydalarının 7.1-ci bəndində sadalanan tədbirlərdən heç biri görülməmiş olsun. Protokoldan da göründüyü kimi Protokolu tərtib edən şəxslər də bütün tədbirlərin görülmədiyini deyil, yalnız ikisinin 7.1.7-ci və 7.1.8-ci bəndlərində nəzərdə tutulan tədbirlərin görülmədiyini iddia edirlər. MUT Qaydalarının 7.1-ci bəndi belə, bütün tədbirlərin görülməli olması kimi BOKT qarşısında öhdəlik qoymur. BOKT öz müştərilərinin verifikasiyasının SİMA elektron imzası vasitəsi ilə həyata keçirir. Bu da MUT Qaydalarının 7.1.3-cü bəndində nəzərdə tutulan tədbirə uyğun gəlir. Bundan başqa, MUT Qaydalarının 7.2.-ci bəndi isə hazırkı münasibətlərə yəni elektron köçürmələrə şamil olunmur, həmin bəndin qüvvəsi yalnız öhdəlik daşıyan şəxsin işgüzar münasibətlər qurulduğu hallara şamil edilməkdir. Hazırkı, BOKT-un fəaliyyəti isə maliyyə vasitələrin elektron köçürmələrinə aiddir. Bu səbəbdən həmin qaydalarından birinin tətbiqi BOKT-un fəaliyyəti üçün kifayətdir. Beləliklə, BOKTun əməlində İXM-nin 598.1.6-cı maddəsinin tərkibi də yoxdur. Bu səbəbdən hesab edirik ki, BOKT barəsində tərtib edilmiş X4 Protokol üzrə Azərbaycan Respublikası İXM-nin 598.1.1,598.1.2 və 598.1.6-cı maddələri ilə bağlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlər onu deməyə əsas verir ki, Mərkəzi Bankın Cəmiyyət barəsində tərtib etdiyi protokol qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli X4 protokol ilə razı deyil. Məhkəmədən X4 icraata xitam verilməsini xahiş etmişdir. BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X3 etiraz edərək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli X4 protokolun əsassız olduğunu bildirmiş və X4 icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" MMC barəsində İXM-in 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli X4 protokoldan görünür ki, BOKT tərəfindən xx.xx.2023 - xx.xx.2023-cü il tarixləri arasında verilmiş 89.161 sayda kreditlər üzrə müştərilərin əlaqə məlumatları daxil edilərkən həmin əlaqə məlumatlarının müştəriyə aid olub-olmaması yoxlanılmamış (müştəri qeydiyyatdan keçən zaman digər şəxsin mobil nömrəsindən istifadə edərək qeydiyyatdan keçə bilər), digər əlaqə məlumatları (qeydiyyatda olduğu və (və ya) faktiki yaşadığı ünvanı, poçt ünvanı, elektron poçt ünvanı və s.) tələb edilməmişdir. Eyni zamanda müştərinin iş yeri və vəzifəsi (işəgötürənin adı daxil olmaqla), orta illik əmək haqqının məbləği, digər gəlir mənbələri barədə məlumatlar əldə olunmamışdır. Bundan başqa, kreditləşmə prosesləri zamanı müştəri qeydiyyatdan keçərkən özünə məxsus olmayan kredit və ya debet kartının məlumatlarını BOKT-nin proqram təminatına daxil edərəkvəsaitin hamin şəxsin kartına köçürmək imkanı mövcuddur. BOKT tərəfindən vəsaitin köçürüldüyü kart sahibinə münasibətdə müştəri uyğunluğu tədbirləri həyata keçirilməmişdir. Həmçinin qeyd edilən kreditlər verilən zaman ilk dəfə ünsiyyət qurmadan yaradılan işgüzar münasibətlər zamanı real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə şəxsiyyətin verifikasiyası aparılmamışdır (Yoxlama haqqında hesabat, səh 35-36). Halbuki, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.4.1-ci maddəsinə görə öhdəlik daşıyan bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müştərini eyniləşdirməli (müştərinin xidmətlərdən daimi və ya qeyri-müntəzəm istifadə etməsindən, fiziki və ya hüquqi şəxs, habelə xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər. ƏL/TMM Qanununa uyğur olaraq hazırlanmış "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar"ın (MUT Qaydaları) 2.1.1.2 - 2.1.1.5-ci maddələrinə görə öhdəlik daşıyan şəxslər fiziki şəxslərə münasibətdə əlaqə məlumatları (qeydiyyatda olduğu və (və ya) faktiki yaşadığı ünvanı, telefon nömrəsi, poçt ünvanı, elektron poçt ünvanı və s.), iş yeri və vəzifəsi (işəgötürənin adı daxil olmaqla), orta illik əmək haqqının məbləği; digər gəlir mənbələri (pensiya, sosial müavinat/yardım, sahibkarlıq fəaliyyəti, depozit və ya onun faizləri, dividend ödənişləri, icarə haqqı, renta haqqı, royalti, miras payı və ya digər), bu mənbələr üzrə orta illik gəlirinin ümumi məbləği və dövrülüyü; hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmadığı təqdirdə və ya gəliri ilə əməliyyat aparmaq istədiyi əmlakın məbləği arasında uyğunsuzluq müəyyən edildikdə müştərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər (o cümlədən hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmayan və ya gəliri ilə əməliyyat məbləği arasında uyğunsuzluq müəyyən edilmiş maliyyələşdirən (sponsor) şəxslərin özlərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər) barədə bu Qaydaların 2.1.1.1—2.1.1.5-ci abzaslarında nəzərdə tutulan məlumatları əldə etməlidirlər. MUT Qaydalarının 2.1.1.6-cı bəndinə görə öhdəlik daşıyan şəxslər əməliyyatın (əqdin) öz adından, lakin başqa şəxsin xeyrinə və ya tapşırığı ilə həyata keçirildiyi halda, həmin şəxsə dair bu Qaydaların 2.1.1.1 -2.1.1.5-ci abzaslarında nəzərdə tutulmuş məlumatları əldə etməlidirlər. MUT Qaydalarının 7.1.7-ci və 7.1.8-ci bəndlərinə görə yeni texnologiyalar vasitəsilə müştəri ilə ilk dəfə birbaşa ünsiyyət qurmadan yaradılan işgüzar münasibətlər və aparılan əməliyyatlar zamanı təqdim olunmuş sənədlərin verifikasiyası və müştərinin kimliyinin yoxlanılması üçün real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə müştərinin şəxsiyyətinin verifikasiyası aparılmalıdır. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.6-cı maddələrinin tərkib əlamətlərini yaradır. "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblərin (DNJP) 2.1.1-ci maddəsinə görə (analoji tələb xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ı/a digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 12.1-ci maddəsində də göstərilmişdir) monitorinq subyekti tərəfindən aşağıdakı qayda və prosedurlar hazırlanmalıdır:-ƏL/TMM siyasətinin təsdiq edilməsi; Müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair dahili qayda və prosedurların təsdiq edilməsi; müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurlann təsdiq edilməsi; məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi; öhdəlik daşıyan şəxslərin rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələrinin müəyyənləşdirilməsi; şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi; şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması üzrə daxili qayda və prosedurların təsdiq edilməsi; öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurlarının təsdiq edilməsi; yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi; daxili auditin (olduğu təqdirdə) öhdəlik daşıyan şəxsin daxili nəzarət proqramını qiymətləndirməsi üzrə standartlarının təsdiq edilməsi. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də yuxanda qeyd edilən qayda və prosedurlar mövcud olmamışdır (Yoxlama haqqında hesabat, səh 32-33). "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 10.1.4-cü maddəsinə görə (analoji tələb PL/TMM Qanunun 12.1.4cii maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməmiş və ümumiyyətlə təlim planı hazırlanmamışdır (Yoxlama haqqında hesabat, səh 33). Bundan başqa, OL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (analoji tələb PL/TMM Qanunun 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də daxili auditin daxili nəzarət proqramının qiymətləndirilməsi üzrə standartlar təsdiq edilməmiş, habelə yoxlama dövründə ƏL/TM sahəsinin adekvatlılığını yoxlayan daxili audit həyata keçirilməmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da BOKT-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar BOKT-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2020 - xx.xx.2023-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2024-cü il tarixdə aşkarlanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində “X6 Kredt Təşkilatı MMC-də xx.xx.2020xx.xx.2023-cü il dövrlərini əhatə etməklə aparılmış hərtərəfli yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsi qiymətləndirilmişdir. Yoxlama zamanı “Cinayət yolu ilə əlde edilmiş omlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (ƏL/TMM Qanunu) və 01 fevral 2023-cü il tarixinədək qüvvədə olmuş keçmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun (PL/TMM Qanunu) bəzi maddələrinin pozulması faktları aşkarlanmış və həmin faktlar yoxlama hesabatında əks etdirilmişdir. Yoxlama nəticəsində BOKT tərəfindən ƏL/TMM Qanununun 4.4.1-ci,10.1.1-ci, 10.1.2-ci, 10.1.4-cü, 10.1.5-ci və 21.7-ci (PL/TMM Qanununun müvafiq olaraq 9cu, 12.1.1-ci, 12.1.8-ci, 12.1.4-cü, 12.1.7-ci və 12.1.1-1) maddələrinin tələblərinin pozulması halları müəyyən edilmişdir. Beləliklə, müəyyən edilir ki, BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə və maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə faktlarına görə və maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə İXM-in 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İXM-in 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; İXM-in 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə əzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. İXM-in 598.1.6-cı maddəsinə əsasən maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə əzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə” dair 02 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin "barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1- ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməli göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2 və 598.1.6-cı maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Qeyd olunan normaların məzmununa uyğun olaraq BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6cı maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ona 598.1.1-ci maddə üzrə hər bir müştəriyə münasibətdə sanksiyada nəzərdə tutulmuş iyirmi min manat cərimə tədbiq edilməli və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 50.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri üzrə təqsirli bilinərək ona hər bir müştəriyə və əməliyyata görə cərimə cəzası təyin olunsun və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 50.000 (əlli min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar