Məhkəmə qərarları › İş №3(005)-2059/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2059/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2059/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs vəkili Nümayəndə iştirakları ilə, BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri ilə EP seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 05 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" MMC-də xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2020 – xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış edərək vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs vəkili Nümayəndə məhkəməyə etiraz təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bildirmişdir ki, X4 Monitorinqi Departamenti 23 yanvar 2024 - 23 fevral 2024-cü il tarixlərində BOKT-da kompleks yoxlama aparmış, yoxlamanın nəticəsində MMC tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması barədə akt tərtib etmiş, bununla əlaqədar həm MMC barəsində, həm də onun vəzifəli şəxsi olaraq Şəxs barəsində İXM-nin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri ilə EP ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən həm BOKT, həm də vəzifəli şəxs olaraq Şəxs tərəfindən aşağıdakı pozuntulara yol verilməsi qeyd olunmuşdur: a. müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmaması; b. daxili nəzarət proqramının tətbiq edilməməsi, yaxud tam tətbiq edilməməsi; c. yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulması. Avropa İnsan Hüquqları Məhkəməsi “Əsədbəyli və başqaları Azərbaycana qarşı” işində müəyyən etmişdir ki, Azərbaycan qanunvericiliyinə əsasən inzibati kimi səciyyələndirilsə də, ərizəçilərə qarşı belə təqib cinayət işinin başlanması kimi tövsif edilməlidir. Məhkəmənin diqqətinə çatdırır ki, Şəxs inzibati xəta haqqında qərarı ümumiyyətlə qəbul etmir. Hesab edir ki, Şəxs əməlində İXM-nin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xətaların tərkibi yoxdur. Müştəri uyğunluğu tədbirlərinin pozuntusu ilə bağlı: Azərbaycan Respublikası İXM-nin 598.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına yəni, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası ƏL/TMM Qanununun 4.4.1-ci maddəsinə əsasən bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müştərini eyniləşdirməli (müştərinin xidmətlərdən daimi və ya qeyri-müntəzəm istifadə etməsindən, fiziki və ya hüquqi şəxs, habelə xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 3-21-28/3-6-4/2023 nömrəli 21 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın (MUT Qaydaları) 2.1.1.2-2.1.1.5-ci bəndinə əsasən öhdəlik daşıyan şəxslər Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onların səlahiyyətli nümayəndələrini eyniləşdirmək məqsədilə onlar barədə ən azı aşağıdakı məlumatları müştəridən və ya digər mənbələrdən əldə etməlidirlər: fiziki şəxslərə münasibətdə əlaqə məlumatları (qeydiyyatda olduğu və (və ya) faktiki yaşadığı ünvanı, telefon nömrəsi, poçt ünvanı, elektron poçt ünvanı və s.), iş yeri və vəzifəsi (işəgötürənin adı daxil olmaqla), orta illik əmək haqqının məbləği, digər gəlir mənbələri (pensiya, sosial müavinət/yardım, sahibkarlıq fəaliyyəti, depozit və ya onun faizləri, dividend ödənişləri, icarə haqqı, renta haqqı, royalti, miras payı və ya digər), bu mənbələr üzrə orta illik gəlirinin ümumi məbləği və dövrülüyü, hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmadığı təqdirdə və ya gəliri ilə əməliyyat aparmaq istədiyi əmlakın məbləği arasında uyğunsuzluq müəyyən edildikdə müştərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər (o cümlədən hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmayan və ya gəliri ilə əməliyyat məbləği arasında uyğunsuzluq müəyyən edilmiş maliyyələşdirən (sponsor) şəxslərin özlərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər) barədə bu Qaydalarının 2.1.1.1-2.1.1.5 abzaslarında nəzərdə tutulan məlumatları əldə etməlidirlər. MUT Qaydalarının 2.1.1.6-cı bəndinə görə öhdəlik daşıyan şəxslər əməliyyatın (əqdin) öz adından, lakin başqa şəxsin xeyrinə və ya tapşırığı ilə həyata keçirildiyi halda, həmin şəxsə dair bu Qaydalarının 2.1.1.1-2.1.1.5-ci abzaslarında nəzərdə tutulmuş məlumatları əldə etməlidirlər. İnzibati xəta haqqında protokol tərtib edənlər belə qənaətə gəlirlər ki, BOKT tərəfindən müştərilərə kredit verilərkən müştəri uyğunluğu yoxlanılması tam həyata keçirilməmiş, MUT Qaydalarının 2.1.1.2-2.1.1.6-cı bəndlərində nəzərdə tutulan məlumatlar əldə olunmamışdır. İnzibati xəta haqqında protokola diqqət yetirərkən məlum olur ki, protokolu tərtib edən şəxslər MUT Qaydalarının qeyd olunan normasını məzmununu protokolda natamam yazaraq səhv nəticəyə gəlmişlər. Belə ki, MUT Qaydalarının 2.1.1-ci bəndlərinin tələbləri Qanunun 4.2.1-ci, 4.2.2ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Lakin bu qaydalarının müddəaları Qanunun 4.2.3-cü maddəsində nəzərdə tutulmuş hallara şamil edilmir. Azərbaycan Respublikası ƏL/TMM Qanununun 4.2-ci maddəsində deyilir: öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: 4.2.1 işgüzar münasibətlərin yaradılmasından əvvəl; 4.2.2 iyirmi min manat məbləğində (bundan sonra - limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək birbiri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir); 4.2.3 maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl; 4.2.4 əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda; 4.2.5 əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda. BOKT-ın fəaliyyəti tam olaraq müştəri ilə birbaşa təmas üzərində deyil, maliyyə vəsaitlərinin elektron köçürülməsi üzərində qurmuşdur. Belə olan halda BOKT-ın fəaliyyəti Azərbaycan Respublikası ƏL/TMM Qanunun 4.2.3-cü maddəsində nəzərdə tutulmuş hallara aid olur və həmin hallara MUT Qaydalarının 2.1.1.2-2.1.1.6-cı bəndləri tətbiq edilmir. Beləliklə, BOKT-ın əməlində Azərbaycan Respublikası İXM-nin 598.1.1-ci bəndinin pozuntusu, yəni müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmaması halı mövcud deyildir. Yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulması ilə bağlı: Azərbaycan Respublikası İXM-nin 598.1.6-cı maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına yəni, maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Protokolda deyilir ki, BOKT tərəfindən qeyd edilən kreditlər verilən zaman ilk dəfə ünsiyyət qurmadan yaradılan işgüzar münasibətlər zamanı real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə şəxsiyyətin verifikasiyası aparılmamışdır. Bununla bağlı, protokolu tərtib edən inzibati vəzifəli şəxs MUT Qaydalarının 7.1.7-ci və 7.1.8-ci bəndlərinə istinad edir və həmin bəndlərin məzmununu aşağıdakı kimi göstərirlər: ”yeni texnologiyalar vasitəsilə müştəri ilə ilk dəfə birbaşa ünsiyyət qurmadan yaradılan işgüzar münasibətlər və aparılan əməliyyatlar zamanı təqdim olunmuş sənədlərin verifikasiyası və müştərinin kimliyinin yoxlanılması üçün real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə müştərinin şəxsiyyətinin verifikasiyası aparılmalıdır”. Hesab edir ki, burada da protokolu tərtib edən istinad olunan hüquq normasının məzmununu təhrif etmişdir. Belə ki, MUT Qaydalarının 7.1-ci bəndində deyilir ki, yeni texnologiyalar vasitəsilə müştəri ilə birbaşa ünsiyyət qurmadan yaradılan işgüzar münasibətlər və aparılan əməliyyatlar zamanı təqdim olunmuş sənədlərin verifikasiyası və müştərinin kimliyinin yoxlanılması üçün əməliyyatın növündən və xarakterindən asılı olaraq öhdəlik daşıyan şəxs tərəfindən aşağıdakı tədbirlərdən biri və ya bir neçəsini görülməlidir: 7.1.1 müştərinin müraciətinin onun gücləndirilmiş elektron imzası ilə təsdiqləməsini tələb etmək; 7.1.2 müştərinin təqdim etdiyi məlumatları elektron məlumat bazalarından və ya müstəqil kənar mənbələrdən yoxlamaq; 7.1.3 gücləndirilmiş müştəri autentifikasiyası aparmaq. Burada gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müraciət edən fiziki şəxsin bildiyi (şifrə, pin, suallar toplusu və s.), sahib olduğu (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona məxsus olan (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur; 7.1.4 müştərinin təqdim etdiyi sənədləri onun razılığı ilə sorğu əsasında etibarlı üçüncü şəxsdən və ya dövlət qurumundan əldə etmək; 7.1.5 yazışmanı və sənəd mübadiləsini müştərinin rəsmi qeydiyyat ünvanı üzərindən aparmaq; 7.1.6 müştəridən hesabını və ya virtual kabinetini açdığı zaman ondan poçt, telefon və ya digər etibarlı yollarla təsdiqlənmiş ünvana təqdim olunan təhlükəsizlik kodlardan, elektron imzalardan, tokenlərdən və digər bu tipli şəxsiyyətini təsdiqləyən şifrələrdən istifadə edilməsini tələb etmək; 7.1.7 real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə müştərinin şəxsiyyətinin verifikasiyasını aparmaq; 7.1.8 öhdəlik daşıyan şəxsin daxili prosedurları ilə müəyyən edilmiş digər yoxlama və nəzarət tədbirlərini görmək. Göründüyü ki, MUT Qaydalarının 7.1-ci bəndi alternativ dispozisiyalardan istifadə edən normadır. Yəni yeni texnologiyaların tətbiq edilməsi zamanı (hipoteza), müştəri verifikasiyası üçün 7.1.1-7.1.8-ci bəndlərdə sadalanan dispoziyalardan biri və ya bir neçəsi tətbiq edilməlidir. Yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulması o zaman baş verər ki, MUT Qaydalarının 7.1-ci bəndində sadalanan tədbirlərdən heç biri görülməmiş olsun. Protokoldan da göründüyü kimi protokolu tərtib edən şəxslər də bütün tədbirlərin görülmədiyini deyil, yalnız ikisinin 7.1.7 və 7.1.8-ci bəndlərində nəzərdə tutulan tədbirlərin görülmədiyini iddia olunur. MUT Qaydalarının 7.1-ci bəndi belə, bütün tədbirlərin görülməli olması kimi BOKT qarşısında öhdəlik qoymamışdır. BOKT öz müştərilərinin verifikasiyasının SİMA elektron imzası vasitəsi ilə həyata keçirir. Bu da MUT Qaydalarının 7.1.3-cü bəndində nəzərdə tutulan tədbirlərə uyğun gəlir. Beləliklə, BOKT-ın əməlində Azərbaycan Respublikası İXM-nin 598.1.6-cı maddəsinin tərkibi də yoxdur. Daxili nəzarət proqramının tətbiq edilməməsi, yaxud tam tətbiq edilməməsi ilə bağlı: Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına yəni, maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 3-21-28/3-6-6/2023 saylı, 21 fevral 2023cü il tarixli qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in (DNP) 2.1.1-bəndinə əsasən BOKT tərəfindən bir sıra daxili qayda və prosedurlar, nəzarət mexanizmləri və onların inkişaf planları qəbul edilməli idi. Həmçinin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (ƏL/TMM) Qanununun 10.1.4-cü maddəsinə əsasən öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi ilə bağlı tədbirlər görməlidirlər. Bundan başqa Azərbaycan Respublikasının ƏL/TMM Qanununun 10.1.5-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi ilə bağlı tədbirlər görməlidirlər. Bununla bağlı, qeyd edir ki, yuxarıda qeyd olunan Qanunun 01 fevral 2023-cü il tarixdə qüvvəyə minmiş və həmin müddətdən başlayaraq BOKT tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq daxili nəzarət proqramının tətbiq edilməməsi ilə bağlı prosesudurların tətbiqinə başlanmış həmin proqramdan irəli gələn qaydaları hazırlanmışdır. BOKT qanunla müəyyən edilmiş qaydaların nəzarət orqanına nə zaman təqdim olunması ilə bağlı qanunda öhdəlik qoyulmamışdır. Belə öhdəliyin qoyulması yalnız kompleks yoxlamadan sonra tələb olunmuş və buna müvafiq olaraq daxili nəzarət proqramına əsasən nəzərdə tutulan qaydalar nəzarət orqanına təqdim olunmuşdur. Bundan başqa, bu qayda və prosedurlar əsasında daxili audit mexanizmin təşkil edilməsi kollegial qurum tərəfindən qəbul edilməli məsələləridir. Bu səlahiyyətə BOKT-ın Müşahidə Şurası malikdir. Daxili qayda və prosedurlar Müşahidə Şurası tərəfindən qəbul edilməli, audit mexanizmi müstəqil olması üçün İdarə Heyətindən kənar Müşahidə Şurası tərəfindən qəbul edilir. X2 mexanizminin təşkili Nizamnaməyə əsasən həmin kollegial qurumun sələhiyyətinə aid olan məsələdir. Lakin belə məsələ ilə bağlı konkret bir nəfər vəzifəli şəxsin İdarə Heyəti sədrinin (hansının ki, səlahiyyətlərinə yalnız icra funksiyaları daxildir) məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Bu səbəbdən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsinin tərkibi də yoxdur. Bu səbəbdən hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri ilə Şəxs barəsində qəbul edilmiş qərar ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrində nəzərdə tutulan əməlin törədilməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan BOKT "xxxx" MMC-nin İdarə Heyətinin sədrinin təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli, Tİ-2808 nömrəli əmrdən görünür ki, Şəxs BOKT "xxxx" MMC-nin İdarə Heyətinin sədri təyin edilmişdir. İş materiallarında olan BOKT "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs BOKT "xxxx" MMC-nin İdarə Heyətinin sədri təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Rəna Məlikovaya ünvanlanmış 13 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-də xx.xx.2020 - xx.xx.2023-cü il dövrlərini əhatə etməklə aparılmış hərtərəfli yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsi qiymətləndirilmişdir. Yoxlama zamarı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (ƏL/TMM Qanunu) və 01 fevral 2023-cü il tarixinədək qüvvədə olmuş keçmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun (PL/TMM Qanunu) bəzi maddələrinin pozulması faktları aşkarlanmış və həmin faktlar yoxlama hesabatında əks etdirilmişdir. Yoxlama nəticəsində BOKT tərəfindən ƏL/TMM Qanununun 4.4.1-ci, 10.1.1-ci, 10.1.2-ci, 10.1.4-cü, 10.1.5-ci və 21.7-ci (PL/TMM Qanununun müvafiq olaraq 9-cu, 12.1.1-ci, 12.1.8-ci, 12.1.4-cü, 12.1.7-ci və 12.1.1-1) maddələrinin tələblərinin pozulması halları müəyyən edilmişdir. Yuxarıda qeyd olunan pozuntuların BOKT-da maddi və iş yükü baxımından resurs sərf etməməsi, müştərilərin itirilməməsi kimi imkanlar təmin etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin (İXM) 18.2-ci maddəsində müəyyən edilmiş əsaslara uyğun gəldiyi hesab edilmişdir. Eyni zamanda BOKT-da qeyd edilən pozuntularla bağlı məsuliyyət daşıyan əsas şəxsin təşkilatın İdarə Heyətinin sədri olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq müvafiq pozuntular üzrə inzibati xətanın törədilməsi zamanı BOKT-da buna məsul olan vəzifəli şəxs İdarə Heyətinin sədri Şəxs (FİN kod: xxxxxxx) və ‘'Azpul” Bank Olmayan Kredit Təşkilatı MMC-nin inzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 593.1.6-cı maddələri üzrə inzibati məsuliyyətə cəlb edilməsini təklif edilmişdir. İş materiallarında olan BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri Şəxs ünvanlanmış 25 iyun 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində Mərkəzi Bank tərəfindən keçirilmiş növbəti hərtərəfli yoxlamanın (xx.xx.2020 - xx.xx.2023cü il tarixlərini əhatə etmişdir) nəticəsində tərtib edilmiş "Yoxlama haqqında hesabat" əsasında monitorinq iştirakçısı olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (BOKT) tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.2-ci maddəsinin tələbinin pozulduğunu göstərən hallar aşkar edilmişdir. BOKT-nın idarə heyətinin sədri vəzifəsində çalışan Şəxs məsul vəzifəli şəxs qismində barəsində İXM-in qeyd edilən maddəsi üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsi məsələsinə baxılması üçün Mərkəzi Bankın Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 27 ünvanında yerləşən binasına 05 iyul 2024-cü il tarixə, saat 15:20-ə dəvət edilmiş, Şəxs təyin edilmiş iclasda iştirak etməyi və iş üzrə olan bütün sübutların təqdim edilməsi təklif olunmuşdur. İş materiallarında olan BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri Şəxs ünvanlanmış 27 iyun 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində Mərkəzi Bank tərəfindən keçirilmiş növbəti hərtərəfli yoxlamanın (xx.xx.2020 - xx.xx.2023cü il tarixlərini əhatə etmişdir) nəticəsində tərtib edilmiş "Yoxlama haqqında hesabat" əsasında monitorinq iştirakçısı olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC (BOKT) tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.1 və 598.16-cı maddələrinin tələbinin pozulduğunu göstərən hallar aşkar edilmişdir. BOKT-nın idarə heyətinin sədri vəzifəsində çalışan Şəxs məsul vəzifəli şəxs qismində barəsində İXM-in qeyd edilən maddəsi üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsi məsələsinə baxılması üçün Mərkəzi Bankın Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 27 ünvanında yerləşən binasına 05 iyul 2024-cü il tarixə, saat 15:30-a dəvət edilmiş, Şəxs təyin edilmiş iclasda iştirak etməyi və iş üzrə olan bütün sübutların təqdim edilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin yoxlama haqqında hesabatından görünür ki, BOKT "xxxx" MMC-də xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində aparılmış yoxlama (xx.xx.2020 – xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində müəyyən olunmuşdur ki, BOKT "xxxx" MMC tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı tam təşkil edilməmiş, BOKT "xxxx" MMC-də məsul şəxs və əvəzedicisinin təyinatı barədə məlumat Mərkəzi banka və Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməmiş, daxili auditin BOKT-nın daxili nəzarət proqramının qiymətləndirilməsi üzrə standartları mövcud olmamış, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə fəaliyyətin həyata keçirilməsini tənzimləyən hər hansı bir qayda mövcud olmamış, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı hazırlanan Siyasətin BOKT "xxxx" MMC-nin əməliyyatlarına uyğunluğu təmin edilməmiş və adekvat şəkildə hazırlanmamışdır. BOKT "xxxx" MMC-nin əməkdaşlarına “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə təlimlər keçirilməmiş, təlim planı hazırlanmamış, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə daxili audit həyata keçirilməmiş, institusional risk qiymətləndirilməsi həyata keçirilməmiş, institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurları təsdiq edilməmiş, risk insident jurnalı tərtib edilməmiş, müştərilərin sanksiya siyahıları üzrə üzləşdirilməsi (skrininq) prosesi avtomatlaşdırılmamış və bununla əlaqədar skrininqin nəticələri üzrə bildiriş sistemi mövcud olmamış, BOKT MMX-nın məlumatların təqdim edilməsi üçün nəzərdə tutulmuş “goAML” elektron məlumat mübadiləsi sisteminə qoşulmamışdır. Həmçinin, maraqlar münaqişəsinin idarə edilməsi ilə bağlı daxili qaydalar mövcud deyil, müstəqil komplayens sistemi təşkil edilməmiş, kredit verilməsi zamanı müştərilərin əlaqə məlumatları daxil edilərkən həmin əlaqə məlumatlarının müştəriyə aid olub-olmaması yoxlanılmır (müştəri qeydiyyatdan keçərkən digər şəxsin mobil nömrəsindən istifadə edərək qeydiyyatdan keçə bilir), digər əlaqə məlumatları (müştərinin faktiki ünvan ilə qeydiyyat ünvanı fərqli olduqda faktiki ünvan barədə məlumatlar əldə edilmir, poçt ünvanı və elektron poçt ünvanı) tələb edilmir. Eyni zamanda, müştərinin iş yeri və vəzifəsi (işəgötürənin adı daxil olmaqla), orta illik əmək haqqının məbləği, digər gəlir mənbələri barədə məlumatlar əldə edilmir. Kreditlər verilən zaman ilk dəfə işgüzar münasibət qurulan müştərilərin real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə şəxsiyyətin verifikasiyası aparılmamış, müştərilərin profilləri üzrə fərdi risk dərəcələri müəyyən edilməmiş, terrorçuluğu, silahlı separatizmi, muzdluluğu dəstəkləyən qonşu dövlətlərin ərazilərinə yaxın yerləşmiş (məskunlaşmış) əhali ilə bağlı risk qiymətləndirilməsi həyata keçirilməmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq edilməmişdir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə əməliyyatları ilə bağlı birbaşa vəzifəsi olan əməkdaşların, ön ofis əməkdaşlarının qeyri-adi əməliyyatların aşkar edilməsinə görə KPİ sistemi üzrə qiymətləndirilməmiş, onun əsasında mükafatlandırması qaydası mövcud olmamış, yoxlama dövründə şübhəli və qeyri-adi əməliyyatlar ilə bağlı təhlil hesabatları tərtib edilməmiş, əməliyyatın (əqdin) şübhəli olubolmamasının yoxlanılması məqsədilə avtomatlaşdırılmış məlumat axtarış sistemlərindən istifadə imkanları nəzərdən keçirilməmiş, şübhəli və qeyri-adi əməliyyatlar ilə bağlı MMXya heç bir hesabat təqdim edilməmiş, hesabat forması müəyyən edilməmişdir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər– cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. 2.1-ci maddəsinə əsasən, bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) arasındakı münasibətləri tənzimləyir. 4.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: 4.2.1. işgüzar münasibətlərin yaradılmasından əvvəl; 4.2.2. iyirmi min manat məbləğində (bundan sonra – limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir); 4.2.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl; 4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda; 4.2.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda; 4.4.1-ci maddəsinə əsasən bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müştərini eyniləşdirməli (müştərinin xidmətlərdən daimi və ya qeyri-müntəzəm istifadə etməsindən, fiziki və ya hüquqi şəxs, habelə xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər. 8.1-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər yeni və inkişaf edən texnologiyalar (bundan sonra – yeni texnologiyalar) vasitəsilə yaradılan işgüzar münasibətlərə və aparılan əməliyyatlara yüksək riskli münasibətlər və əməliyyatlar kimi yanaşmalı və bu münasibətlərin yaradılması və əməliyyatların həyata keçirilməsi zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi və azaldılması üzrə tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər yeni texnologiyaların tətbiqindən əvvəl onların təhlükəsiz tətbiq edilməsi üçün tədbirlər görməli və yeni texnologiyaların tətbiqinin risk qiymətləndirilməsi mexanizminə malik olmalıdırlar. 8.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər yeni texnologiyalar vasitəsilə yaradılan və ya onların tətbiqini nəzərdə tutan işgüzar münasibətlərin, məhsulların və aparılan əməliyyatların tənzimlənməsinə dair daxili qayda və prosedurlara, önləyici tədbirlərə, o cümlədən elektron nəzarət sistemlərinə malik olmalıdırlar. 8.3-cü maddəsinə əsasən maliyyə institutları müvafiq riskləri yeni məhsulların və biznes praktikalarının tətbiqindən və yeni texnologiyaların istifadəsindən əvvəl qiymətləndirməli, eləcə də müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən etməlidirlər. 8.4-cü maddəsinə əsasən öhdəlik daşıyan şəxslərə münasibətdə yeni məhsulların və çatdırılma kanalları da daxil olmaqla yeni biznes praktikalarının yaradılmasından, habelə yeni və inkişaf mərhələsində olan məhsullara münasibətdə yeni texnologiyaların tətbiqindən qaynaqlanan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri nəzarət orqanları tərəfindən müəyyənləşdirilməli və qiymətləndirilməli, eləcə də müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən edilməlidir. 8.5-ci maddəsinə əsasən yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərini istisna etməməlidir. Müştəri uyğunluğu tədbirləri informasiya texnologiyalarından istifadə etməklə tətbiq edildikdə, məlumat və sənədlər elektron qaydada təqdim olunur. Yeni texnologiyaların tətbiqi zamanı bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş verifikasiya tədbirləri maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 10.1-ci maddəsinə öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: 10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; 10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. 11.2.1-ci maddəsinə əsasən əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin: 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.1.6-cı maddəsinə əsasən maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Sadalananlardan göründüyü kimi, qanunvericiliklə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına səbəb olan halların dairəsi dəqiq müəyyən olunmuş və həmin tələblərin pozulmasına görə qanunla məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri Şəxs tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən vəzifəli şəxs məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs vəkili Nümayəndə tərəfindən verilmiş etirazda qeyd etdiklərinə tənqidi yanaşıb hesab edir ki, etirazda göstərilən həmin hallar Şəxs özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri Şəxs tərəfindən İXM-nin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə tənbehin hansı üsulla tətbiq edilməli olduğu göstərilmişdir. Beləliklə də, BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, vəzifəli şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİ: BOKT "xxxx" MMC-nin İdarə heyətinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla barəsində 10000 (on min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar