Məhkəmə qərarları › İş №3(005)-2059/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2059/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2059/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Baş X7 İdarəsinin İXP seriyalı ******* saylı, xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, aşağıdakı əsaslara görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 19 may 2025-ci il tarixli, İXP7107917 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Belə ki, X2 mülkiyyətində və istifadəsində olan 90YG260 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobil ilə xx.xx.2025ci il tarixdə saat 18:12:00-da Bakı şəhəri. Nərimanov rayonu, X8 küçəsində hərəkətdə olan zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi İnzibati Orqan tərəfindən qeyd olunmuş və X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi üzrə İXP7107917 nömrəli protokol tərtib edilərək 150 (bir yüz əlli manat) AZN məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İlk öncə bildirmək istəyir. ki, X1 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmamış, əks istiqamətli hərəkət zolağına keçməmiş və hər hansı inzibati xəta törətməmişdir. Buna baxmayaraq, İnzibati orqan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gələrək X3 inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, bu hal həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin əsaslarına, həm də həmin Məcəllənin 12.1-ci maddəsində qeyd olunan inzibati xəta anlayışına tamamilə ziddir. Bundan əlavə, İnzibati Orqan tərəfindən elektron sistemə daxil edilən məlumatlardan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə törədildiyi iddia edilən inzibati xəta xx.xx.2025-ci il tarixdə saat 18:12:00-da qeydə alınmışdır. X6 İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələblərini pozaraq 25 gün sonra yəni 19 may 2025-ci il tarixində sistemə daxil etmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X4 bildirdi ki qərar 24 saat ərzində ona verilməli olduğu halda, 20 gün sonra ona zəng edərək şöbəyə dəvət etmişdir, o isə bununla razı olmadığını və şikayət ərizəsini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2025-ci il tarixdə **-YG-*** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı nəqliyyat vasitəsini idadə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir və nəticədə İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X4 İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 150 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə -150 manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 38.6-cı maddəyə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində xx.xx.2025-ci il tarixdə törədilməsi ehtimal olunan inzibati xəta ilə bağlı xx.xx.2025-ci il tarixdə inzibati tənbeh edilməsi qanunvericiliyin pozulmasına səbəb olmuşdur. Belə ki, məhkəmə iclasında iş materiallarında olan xüsusatların texniki yanlışlıq və ya açıq-aşkar pozuntu olmasını müəyyən etmək mümkün olmamış, BDYPİ əməkdaşları iclasda iştirak etməyərək, tənbehin əsaslarını sübuta yetirməmişlər. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, faktı təsdiq edən video-foto görüntülər və s. Sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Ona görə də, şikayət qismən təmin edilməli, Baş X7 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 327.4-cü maddəsi ilə cərimə olunmasına dair TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli X4 barəsində işə yenidən baxılması Baş X7 İdarəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə cərimə olunmasına dair Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar